"Baş verənlər Türkiyə üçün böyük imtahan oldu" - Azay Quliyev
16-07-2016, 18:52
"Türk əsgərinin öz vətəndaşına silah qaldırmasından narahat olduq. Qiyamçı hərbiçilər Türkiyənin demokratik yola seçilən prezidentini, hökumətini devirməyə cəhd etdilər. Təbii ki, heç bir halda hökumətin hərbi yolla devrilməsinə və konstitusion quruluşun güc tətbiq etməklə dəyişdirilməsinə yol vermək olmaz. Bunu beynəlxalq hüquq normaları da qadağan edir".
Bunu Report"a açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev deyib.
A.Quliyev qeyd edib ki, Türkiyədə baş verənlər ağır cinayətdir: "Biz Türkiyədə baş verənlərdən təəssüflənirik. Hesab edirəm ki, Türkiyə xalqı xeyli şəhid versə də, dövlətini, konstitusion quruluşunu qorumağı bacardı. Türkiyə bundan sonra yeni mərhələyə qədəm qoydu. Gələcəkdə hərbi çevrilişlərin bu formada həyata keçirilməsi ənənəsinə son qoyuldu. İstənilən halda, Türkiyə dövlətçiliyi, demokratiyası qazandı. Bütün dünya da birmənalı şəkildə Türkiyə xalqının yanındadır. ATƏT Parlament Assambleyası da bununla bağlı bəyanat verdi. ATƏT də birmənalı şəkildə Türkiyənin legitim hakimiyyətini və dövlətini müdafiə edir, cinayət törətmiş şəxslərin tezliklə qanun qarşısında cavab verməsini gözləyir".
Deputat bildirib ki, bu olaylar çox ciddi araşdırılmalıdır: "Necə olar ki, indiyə qədər orduda kök salan qruplaşmadan Türkiyə Silahlı Qüvvələri rəhbərliyinin və aiddiyyatı qurumların xəbəri olmayıb? Əsas sual budur. İkincisi, bundan sonra Türkiyə həmin o dəstənin qalıqlarını necə təmizləyəcək? Bundan sonra da belə bir cəhd ola bilərmi? Bu suallar hər kəsi düşündürür. Türkiyə hökuməti cinayət törədənlərin açıq və ədalətli məhkəməsini qurmalı və onları cəzalandırmalıdır".
A.Quliyev vurğulayıb ki, Türkiyə idarəçilikdəki təməl prinsiplərinə diqqət yetirməli, mövcud boşluqlar aradan qaldırılmalı, ehtiyac yarandığı halda, müəyyən konstitusion addımlar da atılmalıdır: "Bu, elə bir formada olmalıdır ki, demokratik, dünyəvi dövlət quruluşu prinsipi gözlənilsin, dövlətçiliyin qorunması təminatı yüksək səviyyədə təşkil olunsun. Baş verənlər Türkiyə üçün böyük bir imtahan oldu və Türkiyə bu imtahandan şərəflə çıxdı. Türkiyə əsgərinin öz dövlətinə qarşı çıxması tarix üçün böyük ləkədir. Təəssüflər olsun ki, Türkiyə belə qanlı səhifəni yaşadı. Türkiyə içindəki o xainləri təmizləyib atmalıdır. Bu, ölkənin sabahı, gələcəyi üçün çox önəmlidir".
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü əlavə edib ki, bütün dünya Türkiyənin yanında olmalı, dəstək verməlidir: "Düzdür, biz lazımi dəstəyi görmürük. Dəstək olmalıdır, çünki burada söhbət prinsiplərdən gedir. Kimlərsə Türkiyənin idarəçiliyini bəyənməyə bilər. Təbii ki, siyasətdə hamı hər şeydən razı qala bilməz. Ölkədə dəyişiklik olacaqsa, seçki yolu ilə olmalıdır. Bəzi beynəlxalq dairələrdə Türkiyə rəhbərliyinə qarşı münasibət bimənalı deyil, müəyyən qədər narazılıqları var. Amma heç bir halda bu narazılıq qanlı hadisələrlə müşahidə edilməməlidir".
Qeyd edək ki, iyulun 15-də axşam saatlarında bir qrup hərbçi Türkiyədə çevrilişə cəhd göstərib.Toqquşmalarda Türkiyə 161 şəhid verib, 20 qiyamçı hərbçi öldürülüb, 2839 zabit və əsgər tutulub.