Yeni dünya nizamının qurulması üçün Çinin 5 prinsipi: Bayden və Cinpin razılaşacaqmı?

4-11-2023, 10:14           
Yeni dünya nizamının qurulması üçün Çinin 5 prinsipi:
ABŞ prezidenti Cozef Bayden Çin lideri Tsi Cinpinlə görüşə hazırlaşır. Bu xəbəri Çin Xarici İşlər Nazirliyi təsdiq edib. Görüş Amerika Birləşmiş Ştatlarının San-Fransisko şəhərində gerçəkləşəcək. Liderlər San-Fransiskoda Asiya və Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirak edəcəklər. Bayden və Cinpin sammit çərçivəsində ayrıca görüşməyi planlaşdırırlar.

Bu görüşü Sitat.info-ya açıqlamasında dəyərləndirən politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, bundan əvvəl Çin xarici işlər naziri Van Yi və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan görüşmüşdü: "Onlar liderlər arasında hansı mövzuların müzakirə ediləcəyini müəyyənləşdiriblər. Bayden və Cinpin beynəlxalq məsələlərlə yanaşı, İsrail-Fələstin münaqişəsini müzakirə edəcəklər. “Bloomberg” agentliyi iki ölkə arasında münasibətlərdə gərginliyin bir qədər azaldığını yazsa da, Pekinlə Vaşinqtonun bir çox məsələyə baxışı hələ də fərqlidir.
Politoloq hesab edir ki, Çin yeni dünya nizamının qurulmasına çalışır: "Bu arada, beynəlxalq tədqiqat mərkəzləri Tsi Cinpinin Pekində keçirilən “bir kəmər, bir yol” forumundakı çıxışını analiz edirlər. Yalta və Potsdam konfranslarında müəyyənləşdirilən dünya nizamı artıq yoxdur. Böyük ölkələr arasındakı münasibətlərdə inamsızlıq var, müxtəlif bölgələrdə müharibələr baş verir. Belə vəziyyətdə Cinpin çıxışında dünyada yeni nizamın formalaşdırılması zərurətini bildirib: “Dünyada hər şeyin qaydasında olması Çin üçün də əhəmiyyətlidir. Biz qapılarımızı beynəlxalq aləmə açmışıq. Çin dünyanın 140 ölkəsi ilə ticarət əlaqələri qurub, dünyanın hər yerində yatırımlarımız mövcuddur. Sülh və əməkdaşlıq nə qədər geniş yayılarsa, bundan hamı faydalanacaq”.

Tsu Cinpin hamı üçün inkişaf strategiyasını bu şəkildə sıralayıb:

1. “Bir kəmər, bir yol” üzrə nəqliyyat dəhlizləri genişləndirilməli və əlaqələndirilməlidir;

2. Dünya iqtisadiyyatı inkişaf etdirilməlidir;

3. Texnoloji innovasiyalar stimullaşdırılmalıdır;

4. Mədəni və humanitar əlaqələr gücləndirilməlidir;

5. Beynəlxalq əməkdaşlıq mexanizmləri təkmilləşdirilməlidir.

Göründüyü kimi, Tsi Cinpin ümumbəşəri prinsilərdən çıxış edir. Ancaq əməldə fərqli siyasət yürüdülür. Misal üçün Çin yeni texnologiyaları əldə edə bilmədikdə, onları xəfiyyələri vasitəsilə əldə etməyə çalışır. Çinin hərbi gücünü artırması da qonşularını qorxudur. Bundan başqa Pekinin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə seyrçi qalması da Qərbi daima narahat edən mövzulardandır. Buna görə də Tsi Cinpin Cozef Baydenlə müxtəlif mövzuları müzakirə etsə də, tərəflər öz mövqelərində qalacaq və bu dərin fikir ayrılıqlarının ortadan qaldırılmasına kömək etməyəcək".

Ayna Fərhad,

Sitat.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.