Yerəmi batdı pullar, göyəmi çıxdı pullar?...

5-11-2023, 09:44           
Yerəmi batdı pullar, göyəmi çıxdı pullar?...
İcra hakimiyyətinin büdcəsi nə qədər böyükdürsə qapalılıq da bir o qədər çoxdur...
(“Medianın ictimai nəzarətçi rolunun fəallaşdırılması” silsiləsindən üçüncü yazı)
İctimai vəsaitlərin xərclənməsində qeyri-şəffaflığın yüksək olduğu Azərbaycanda hesabatlılıq
problemi getdikcə dərinləşir. Bu proses yerli icra hakimiyyətləri ilə bağlı daha sürətlə gedir. Bir
sıra mərkəzi icra strukturları qanunvericiliyin tələblərinə müəyyən qədər əməl edərək,
xərcləmələri barədə məhdud da olsa, məlumat açıqlayırlar, lakin yerli icra hakimiyyətləri ilə bağlı
bunu görmək, demək olar ki, mümkün deyil. Hətta ölkə əhəmiyyətli şəhərlərdə belə icra
hakimiyyətinin illik büdcəsinə dair açıq mənbələrdən hər hansı məlumat tapmaq olmur. İcra
hakimiyyətlərinin İnternet resurslarında bir qayda olaraq, yalnız ümumi məlumatlar, icra
başçısının görüşləri, qəbulları və sair rəsmi tədbirlər barədə məlumatlar yerləşdirilir. Fəaliyyətin
maliyyə tərəfləri barədə hər hansı hesabata rast gəlmək mümkün deyil. Halbuki hüquq-mühafizə
orqanlarının icra hakimiyyətlərində apardığı həbslərdən sonra açıqlanan məlumatlardan aydın
olur ki, onların büdcələri heç də kiçik rəqəmlərlə ifadə olunmur. Həbs olunan icra başçılarının
qanunsuz qazanclarının illik həcmi on milyonlarla manatla ölçülür. Bu isə o deməkdir ki, rayon
və şəhər icra hakimiyyətlərində kifayət qədər böyük pullar dövr edir…

Bu pulların mənbəyi həm dövlət büdcəsi, həm də şəhər və rayonların yerli gəlirləridir. Son illərdə
Azərbaycanın dövlət büdcəsi hazırlanarkən rayon və şəhərlərin əksəriyyətinə birbaşa vəsait
ayrılmır. Əsaslandırma isə bu olur ki, yerli gəlirlər xərcləri qarşılamağa imkan verir. Lakin
reallıqda rayonların təhsil, səhiyyə müəssisələrinin maliyyələşdirilməsindən tutmuş, pensiya və
sosial müavinətlərin ödənişi, yolların çəkilişi, dövlət qurumlarının binalarının tikintisinə qədər
bütün xərclər mərkəzi büdcədən maliyyələşdirilir. Yerli icra hakimiyyətlərinin faktiki xərcləri
aparatın saxlanması, bir sıra təmir-tikinti işləri və aztəminatlı təbəqələrə yardımların
edilməsindən ibarətdir. Onlar həmçinin mərkəzi büdcədən maliyyələşdirilən müxtəlif obyektlərin
tikintiləri üzrə sifarişçi qismində çıxış edirlər.
Yerli icra hakimiyyətlərinin maliyyə fəaliyyətinin şəffaflığı baxımından ən pis vəziyyətdə
olmasının əsas səbəbi qanunvericilikdə onların maliyyə hesabatlılığına dair tələblərin olmaması,
yaxud çox məhdud olmasıdır. Belə ki, icra hakimiyyətlərinin fəaliyyətini tənzimləyən
Əsasnamənin 7-ci maddəsində qeyd olunur ki, “Yerli icra hakimiyyətlərinin fəaliyyətinin iqtisadi
və maliyyə əsaslarını bu orqanların istifadəsinə verilmiş, yerli icra hakimiyyətinin fəaliyyətini
təmin edən və müvafiq ərazinin tələbatının ödənilməsinə xidmət edən, dövlət mülkiyyətində olan
əmlak və sərəncamında olan maliyyə vəsaitləri təşkil edir”. Həmçinin əsasnaməyə görə, yerli
icra hakimiyyətlərinin idarəçiliyində torpaq sahələri, təbiət obyektləri, maliyyə aktivləri, qeyriyaşayış binaları, təhsil, mədəniyyət, tibb və idman müəssisələri, müvafiq ərazinin iqtisadi
inkişafının, əhalinin kommunal-məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün digər əmlak
da ola bilər.
Sənəddə göstərilir ki, yerli icra hakimiyyətlərinin maliyyə mənbələri dövlət büdcəsindən
ayırmalardan, büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən
əldə olunan vəsaitlərdən ibarətdir. Lakin Əsasnamədə yerli icra hakimiyyətlərinin maliyyə
fəaliyyətinə dair hesabatlılıqla bağlı hər hansı müddəa yoxdur.
Yerli icra hakimiyyətlərinin maliyyə hesabatlılığına dair müddəalar Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 3 iyun tarixli 719 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şəhər və rayonlar
üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin
sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında
saxlanılması və istifadəsi Qaydası”nda əksini tapıb. Qaydaya əsasən yerli gəlirlərin(müəyyən
istisnalar var –red.) proqnozlaşdırılandan artıq hissəsinin 50 faizi yerli icra hakimiyyətlərinə
qaytarılır və onların büdcədənkənar fondu hesab olunur. Prezidentin təsdiqlədiyi qaydaya
əsasən bu fondun vəsaitinin 25 faizi yerli icra hakimiyyəti orqanları işçilərinin sosial
müdafiəsinə, 25 faizi şəhid ailələrinin və aztəminatlı ailələrin sosial müdafiəsinə, 50 faizi isə
mədəniyyətin, incəsənətin, turizmin və idmanın inkişafı sahəsində tədbirlərin təşkilinə, həmçinin
şəhər və rayon üzrə yaşayış məntəqələri ərazilərinin abadlaşdırılmasına, yaşıllıqların
mühafizəsinə və yolların çəkilməsinə sərf olunmalıdır.
Qaydaların yekun müddəalarında qeyd olunur ki, yerli icra hakimiyyəti orqanları büdcədənkənar
vəsait üzrə gəlirlər və xərclər smetasının icrası barədə bu Qaydaya əlavəyə uyğun olaraq rüblük
hesabat tərtib edir və hər rübdən sonrakı ayın 20-dək aidiyyəti üzrə Maliyyə Nazirliyinə təqdim
edirlər: “Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri büdcədənkənar vəsaitin Maliyyə
Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsinə və təyinatı üzrə
istifadə edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar”.

Göründüyü kimi, bu sənəddə maliyyə hesabatlılığı ilə bağlı məqam olsa da, hesabatın
ictimaiyyətə açıqlanmasına dair hər hansı tələb yoxdur.
Lənkəran və Gəncə şəhər icra hakimiyyətlərinin büdcəsi ilə bağlı araşdırmalarımız göstərir ki,
büdcə nə qədər böyükdürsə, qapalılıq da bir o qədər çoxdur. Belə ki, Lənkəran rayon İcra
Hakimiyyəti öz büdcəsinin gəlir-xərcləri,o cümlədən büdcədənkənar fondun gəlir-xərclərinin
həcminə dair suallarımızı qismən cavablandırsa da, Gəncə şəhər İcra Hakimiyyətindən 2 aydan
çox müddətdə bu barədə suallarımıza, ümumiyyətlə, cavab ala bilmədik. Lənkəranın illik büdcəsi
34 milyon manat, Gəncənin büdcəsi isə 50 milyon manat civarındadır.
İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, Azərbaycan qanunvericiliyində yerli icra
hakimiyyətlərinin büdcələrinə dair ayrıca müddəalar yoxdur: “Ümumiyyətlə, bizdə yerli icra
hakimiyyəti orqanları müxtəlif ölkələrin təcrübəsindəki avtonom gəlir-xərcləri olan qurumlar
deyil. Onlar Prezident hakimiyyətinin yerlərdə təmsilçiləridir, onlar üçün konkret gəlir
mənbələri müəyyənləşdirilib. Yerli icra hakimiyyəti orqanlarının ayrıca hansısa vergini
toplamaq səlahiyyəti yoxdur. Onların saxlanması üçün hər il dövlət büdcəsindən vəsait nəzərdə
tutulur. Bu vəsaitin həcmi təxminən 300-350 milyon manat təşkil edir. Bu, həm rayon icra
hakimiyyəti aparatının, həm də kənd, qəsəbə nümayəndəliklərinin saxlanmasına ayrılır.
Bundan əlavə, büdcənin mənzil-kommunal təsərrüfatı, əsas bölmələrə aid edilməyən xidmətlər
bölmələrindən də rayon, şəhər icra hakimiyyətlərinə vəsait ayrılır. Bu da haradasa 250-300
milyon manat məbləği əhatə edir. Nəhayət, rayon və şəhərlər üzrə vergi proqnozundan artıq
toplanan vəsaitlərin 50 faizi də yerli icra hakimiyyəti orqanlarına büdcədənkənar fond kimi
qaytarılır”.
Yerli icra hakimiyyətlərinin yalnız bir yerli gəlir mənbəyi cəmiyyətə məlumdur: “Söhbət mənzilkommunal təsərrüfatı birliklərinin şəhər yerlərində topladıqları mənzil-kommunal haqlarından
gedir. Şəhərlərdə yaşayan əhalidən toplanan bu vəsaitlərin şəhər üzrə həcmi, onun hara sərf
olunması barədə heç bir yerdən məlumat almaq, təəssüf ki, mümkün deyil”.
Ekspert bildirir ki, yeri İH-lərin xərcləmələri barədə hesabatlılığa dair qanunvericilikdə ayrıca
müddəa yoxdur: “Sadəcə olaraq, “İnformasiya əldə etmək haqqında” qanun onlara da şamil
olunur. Həmin qanunun 29-cu maddəsinə görə, yerli icra hakimiyyətləri maliyyə fəaliyyətlərinə
dair hesabatları ictimaiyyətə açıqlamalıdılar”.
R.Ağayev yerli icra hakimiyyətlərinin ayrı-ayrılıqda büdcə məlumatlarını heç bir açıq mənbədən
əldə etmək mümkün olmadığını deyir: “Heç bir yerli icra hakimiyyətindən büdcəsinə dair detallı
məlumat əldə edə bilməzsiniz. Belə bir məlumatı heç hansısa kənd icra nümayəndəliyi barədə
də almaq mümkün deyil. Sorğu vermək, yerində gedib soruşmaq – bunların heç biri nəticə
vermir”.
Müsahibimizə görə, yerli icra hakimiyyəti orqanlarının maliyyə fəaliyyətinə dair şəffaflığı təmin
etmək üçün qanunvericiliyə əl gəzdirmək lazımdır: “Qanunvericiliyə hər bir icra hakimiyyətinin
öz gəlir və xərclərinə dair detallı məlumatları İnternet saytında yerləşdirməsini nəzərdə tutan
tələb əlavə olunmalıdır. Bu hüquqi öhdəlik müəyyənləşərsə, yerli icra hakimiyyətlərinin maliyyə
fəaliyyəti ilə bağlı şəffaflığı təmin etmək mümkün olar”.

Məlumat üçün qeyd edək ki, 2023-cü il dövlət büdcəsi haqqında qanuna əsasən Azərbaycan
Respublikasının şəhər və rayonları üzrə gəlirlər 13 milyard 402 milyon manat, yerli xərclər 769
milyon 286 min manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid
edilən hissəsinin məbləği 12 milyard 515 milyon 120 min manat, yerli gəlir və xərcləri
tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi
12 milyon 306 min manat məbləğində təsdiq edilib.
Turqut Camal
pressklub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.