“Varlıq içində yoxluq...”

6-11-2023, 00:09           
“Varlıq içində yoxluq...”
İşsizliyə görə rayonlardan şəhərlərə köç davam edir... Problemi necə həll etməli?
“Rayonda aldığımız maaş dolanışığa çatmırdı. Yoldaşımla ikimiz də işləyirdik, amma
qazancımız aylıq xərcləri qarşılamağa yetmirdi. 3 uşağımız var. Hərəsinin bir problemi, xərci…
Nə qədər çalışsaq da problemləri həll edə bilmirdik. Ona görə də, ailəliklə Bakıya köçmək
qərarına gəldik. Artıq 3 ildir burada yaşayırıq. Gələn kimi ikimiz də işə düzələ bildik. Yoldaşım
700, mən də 400 manat maaş alıram. Elə bildik, hər şey düzəldi. Amma hər ay 300 manat
kirayə pulu veririk. Şirvanda öz evimiz var, amma Bakıda kirayə qalmağa məcburuq. Üstəlik,
burada hər şey bahadır. Yol puluna, yemək puluna hər ay nə qədər xərcimiz çıxır. Yəni,
qazancımız xərcimizi ödəmir. Yenə eyni problemlə üzləşmişik. Bilmirik nə edək, necə edək ki,
normal yaşaya bilək. Şirvanda öz evim olduğu halda, gəlib Bakıda kirayə qalıram. Varlıq içində
yoxluqdan əziyyət çəkirik. Burada öz evimiz olsaydı, bəlkə hər şey daha yaxşı ola bilərdi. Bu da
hazırkı imkanlarımızla mümkün deyil. Ona görə, öz evimizə qayıtmaq barədə də düşünürük.
Amma uşaqlar da böyüyüb, burada oxuyurlar. Öz çevrələri, dostları olduğu üçün getmək
istəmirlər. Paytaxtın təhsili də kəndin təhsilindən yüksəkdir. Uşaqlarımızın gələcəyi ilə də
oynamaq istəmirik. Qalmışıq iki od arasında. Çətin də olsa, yaşamağa çalışırıq. Bizdən sonra
qonşularımın da çoxu Bakıya köçüb. Deyəsən, getdikcə kənd camaatının hamısı
imkansızlıqdan Bakıya köçəcək. Rayonda normal iş yeri, əməkhaqqı olsaydı, bütün bunları
yaşamağa məcbur qalmazdıq…”

Yoxsulluqdan əziyyət çəkən Səadət Quliyeva yaşadığı kənddə iş yerlərinin azlığından,
əməkhaqqının aşağı olmasından, Bakıda isə bahalıqdan gileylənir.
Son illərdə kəndlərdən şəhərlərə kütləvi köç başlayıb. Nəticədə, şəhər hədsiz yüklənib, sıxlıq
artıb, yaşıllıqlar məhv edilir, yerinə yaşayış yerləri tikilir, kəndlərimiz isə boşalır, kənd təsərrüfatı
məhv olur, nəticədə ölkədə kənd təsərrüfatı mallarının bahalaşması baş verir. Kənddən şəhərə
köçün yaratdığı bir çox problemləri sadalamaq olar.
Vətəndaşlar böyük köçün əsasında işsizliyin durduğunu deyirlər. Bəs “gündən günə çiçəklənən”
ölkəmizdə işsizliyin səbəbi nədir? Niyə rayonlarımızda, kəndlərimizdə işsizlik baş alıb gedir,
yerlərdə iş yerləri açılmır?
Rəsmi statistika iddia edir ki, 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası
istismara verilib. Elektrik enerjisinin 76%-i regionlarda istehsal edilir. Regionlarda qazlaşdırma
səviyyəsi 94%-i ötüb, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9%-dən 73%-ə çatıb. Son 20 ildə
regionların sosial-iqtisadi inkişafına həsr olunmuş 4 dövlət proqramı qəbul olunub və bu
proqramlar üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 mlrd. manat təşkil edir. 2022-ci
ildə regionlar üzrə məhsul buraxılışının nominal həcmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyümüş,
2004-cü ildən bəri bölgələrdə 1,8 milyondan çox yeni iş yeri və 52 mindən çox yeni müəssisə
yaradılıb. Regionlarda 8 hava limanı tikilib və ya yenidən qurulub, Laçın hava limanının tikintisi
davam edir. 17 min km-dən çox avtomobil yolu, 500-dən çox körpü və tunellər, 3300-dək məktəb,
450-dən çox uşaq bağçası, 550-dən çox tibb müəssisəsi, 41 Olimpiya İdman Kompleksi tikilib və
ya təmir olunub.
Bəs insanlar niyə işsizlikdən şikayətlənir? Onları bu statistika ilə tanış etdikdə “adı var, özü yox”,
“varlıq içində yoxluq”, “görünməz imkanlar” kimi müxtəlif fikirlər səsləndirirlər. Göstəricilərə
əsasən insanların işlə təmin olunması üçün dövlət əlindən gələni edir. Ancaq təəssüf ki,
işsizlikdən əziyyət çəkənlərin sayı durmadan artır.
Mövzu ilə bağlı müraciət etdiyimiz iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, idarəetmə sistemi
düzəlmədikcə işsizlik problemi bitməyəcək.
“Uzun illərdir Azərbaycanda bütün iqtisadi məqsədlərin Bakı və Abşeronda cəmlənməsi rayon
və kənd əhalisinin şəhərə axın etməsinə səbəb olur. Regionlarda işsizlik problemi böyükdür.
Eyni zamanda, mövcud iş yerlərində də maaşlar çox aşağıdır. Bu isə son 30 ildə Bakıya kütləvi
axına səbəb oldu. Amma şəhərə axının digər səbəbləri də var. Regionlarda idarəetmənin uzun
illərdir bərbad olması, yəni yerli icra hakimiyyəti orqanlarının özünü “padşah” kimi aparması
insanlara çox təsir göstərir. Bakıya nisbətən rayonlarda bu vəziyyət daha pisdir. Digər səbəb
mədəni infrastrukturun olmamasıdır. Rayonlarda gənclərə uyğun məşğuliyyət yoxdur. Kino,
teatr kimi mədəni tədbirlərin olmadığı üçün işləsələr belə, bir müddət sonra oradakı monoton
həyatdan sıxıldıqlarına görə Bakıya gələrək həyatlarına rəng qatacaqlarını düşünürlər.

Problemin həlli üçün əsas çıxış yolu idarəetmənin dəyişdirilməsidir. Yerli icra hakimiyyətləri
ləğv edilməli, seçkili meriya institutları və bələdiyyə institutlarının idarəsinə keçmək lazımdır.
Onlar insanlara daha yaxın olacaq, problemlərini dinləyəcək. Bundan sonra addım-addım
iqtisadi və mədəni fürsətlər də yaranacaq”.
Müşahidələr göstərir ki, bəziləri həqiqətən işsizlik ucbatından şəhərə köçsə də, bəziləri hər cür
imkanı olduğu halda bu imkanları “şəhərli” olmaq üçün geridə qoyub, şəhərə köçürlər ki, özlərini
“müasir” hiss etsinlər. Öz mal-qarasından, əkin sahəsindən, evindən, işindən və s. imtina edən
insanlar “müasir” olmaq üçün şəhərdə gəlib kirayə qalmağa, daha aşağı əməkhaqqı və ya
işsizlik ilə yaşamağa razı olur. Məhz bu cür insanlara görə şəhərin yüklənməsi, bahalaşma kimi
problemlər yaranır. Təbii ki, bu insanlar işsizliyə görə gələnlərin az qismini əhatə edir. Onların
əksinə olaraq, həqiqətən məcbur qalıb öz doğma yurdunu istəməyərək tərk edən insanlar heç də
az deyil.
Problemin daha bir üzü ali təhsilli insanların regionlarda iş tapa bilməməsi ilə bağlıdır. Bu
problem onları şəhərə köməndən sonra da izləyir. İllərlə oxuyub, karyera qurmaq xəyalları ilə ali
təhsili başa vurur, amma sonda gedib ya ofisiant, ya da satıcı işləməyə məcbur qalır. Bu
problemin qarşısını almaq üçün müvafiq sahələr üzrə iş yerlərinin çoxaldılması, yenicə
universiteti bitirmiş şəxslərdən 2-3 illik iş təcrübəsi tələb etmək yerinə, onlara təcrübə keçib, işlə
təmin edilmələrinə fürsət yaratmaq lazımdır. Bu, həm region, həm də şəhər sakinləri üçün çox
vacibdir. Eləcə də heç təhsili olmayan şəxslər işsizliyə məhkum olmamalıdır. Ali təhsilin
olmamağı bacarıqsızlıq deyil. Hər kəsin mütləq ki, bacardığı bir iş var. Məhz onların yaşamaq
şansını əlindən almaqdansa, yaşatmağa şans yaratmalıyıq.
Ümid edək ki, indi işsizlikdən əziyyət çəkən insanlar bir gün yaşayış yerini dəyişməyə məcbur
qalmadan sevdiyi işə sahib olar. Bu cür problemlərin həlli üçün həm dövlət, həm də özəl
sektorlar əlindən gələni etməlidir.
Xalqın güzəranı nə qədər yaxşı olsa, dövlət bir o qədər güclü olar. Dövlətin gücü də xalqın
xoşbəxtliyinə yönəlməlidir. Xoşbəxtliyimizin qeydinə qalaq!
Günay Elşən
Pressklub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.