İqtisadi möcüzə, yoxsa siyasi iradə?

6-11-2023, 09:48           
İqtisadi möcüzə, yoxsa siyasi iradə?
Bir vaxtlar Britaniyanın koloniyası olmuş, 1965-ci ildə müstəqillik əldə edən Sinqapurun, hazırda illik ixracı 400 milyard dollardan yuxarıdı. Bunun təqribən 18 milyardı neft məhsullarının payına düşür. Sinqapurun nefti yoxdur, amma dünya neft sənayesinə inteqrasiyası var. Dünyada neft hasilatı üçün nəzərdə tutulan qazma qurğularının 70% avadanlığı Sinqapurda istehsal olunur. Ölkədə 3000-dən çox xarici şirkət fəaliyyət göstərir.
Sinqapur dünyada uşaq ölümü səviyyəsinə görə ən aşağı yerlərdən birini tutur, burada orta ömür kişilər arasında 79, qadınlar arasında 83 yaşdır.bHökümət təhsil almaq və ailə qurmaq istəyən vətəndaşlara vaxtaşırı vergi güzəştləri təklif edir.
Lu Kuan Yunun hakimiyyətinə qədər yoxsul bir ölkə olan, hətta içməlii su ehtiyatını Malaziyadan idxal edən, Abşeron yarımadası boyda bir ölkənin uğuruna nə səbəb oldu? Cəmi 40 ilə bu balaca və yoxsul ölkə əksər problemlərin öhdəsindən necə gəldi?
Əslində, Sinqapur iqtisadiyyatda yeni ixtiralar etmədi. Bütün islahatların təməlində siyasi iradə dayandı. Korrupsiyaya qarşı mübarizədən tutmuş, vergi siyasətinə qədər hər şey əməldə oldu.
Müstəqilliyin ilk illərində Sinqapurun qonşu ölkələrlə münasibəti gərgin idi, əhali arasında sosialist ideyalar cəlbediciydi, təhsil aşağı səviyyədə, hüquq mədəniyyəti kövrək idi.
Amma hökumət bəhanə axtarmadı, "demokratiyaya hazır deyilik" şüarı dövriyyəyə buraxılmadı, "bizi sendviç kimi əzərlər" arqumenti işlək olmadı.
İqtisadi lənətdən qurtulmaq üçün, siyasi lənətdən xilas olmağın vacibliyini başa düşdülər. Yəni, "Sinqapur möcüzəsi" əslində siyasi ağırlıqlıdır. Ümumiyyətlə, iqtisadiyyat təkcə maddi təminat deyil, həm də mənəvi rahatlıqdı. İqtisadiyyatın gücüylə cəmiyyəti mənəvi deqradasiyadan xilas etmək mümkündür.
Azərbaycanda ötən illər ərzində onlarla qurum yaradılıb. Apellyasiya Şurasından tutmuş, Maliyyə Bazarına Nəzarət Şurasına qədər. Korrupsiyaya qarşı mübarizə idarəsindən tutmuş, Məhkəmə islahatlarının həyata keçirilməsinə qədər.
Amma ortada nəticə yoxdur. Çünki siyasi iradə diri deyil. Talançılıq bünövrəsinin üzərində iqtisadiyyat sarayı tikmək olmur. Azərbaycanda İqtisadiyyat Nazirliyi üçün 33 mərtəbəli bina tikidlər, Sinqapurda isə korrupsiyanın mərtəbələrini uçurdular. Azərbaycanda bayraq dirəyi ucaltdılar, Sinqapurda isə ixracın dirəyi uzandı. Azərbaycanda qənaət etmək üçün müavinətləri kəsdilər, Sinqapurda məmurların nəfsi kəsildi.
Əslində, Azərbaycanın indiki dövlət büdcəsi də, ixrac rəqəmləri də biabırçıdır.
Biz "ölkədə hüquq olsun" deyəndə, təkcə repressiyalara etiraz etmirik. Həm də iqtisadiyyatın hüququ olsun, seçkinin hüququ olsun, məhkmənin hüququ olsun deyirik. Bir ölkədə kiçik və orta sahibkarlıq təhdid altındadırsa, o ölkədə böyük sahibkarlıq iqtisadiyyat yarada bilməz.
Hökumətlər pula təslim olmayanda, dövlət ən ali dəyər kimi qəbul ediləndə, bütün islahatlar zərurətə çevrilir.
Ağzımızın suyunu axıdıb baxdığımız ölkələr bizim bilmədiyimizi bildikləri üçün yox, bizim etmədiyimizi etdikləri üçün cazibədar olublar.
İlham Hüseyn.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.