Uçot dərəcəsi azaldılır, kredit faizləri isə yox... - "Sadə" azərbaycanlının həyatına necə təsir edəcək?

6-11-2023, 15:54           
Uçot dərəcəsi azaldılır, kredit faizləri isə yox... -
Bəzən dövriyyədə qəribə bir xəbər peyda olur. Hansısa mürəkkəb iqtisadi terminlərlə müəyyən dəyişiklikdən danışılır. Əksəriyyət bu halda nə baş verdiyini anlamır. Halbuki xəbər ölkə üçün ciddi əhəmiyyət kəsb edir. Hər dəfə uçot dərəcəsinin dəyişdirilməsi ilə bağlı xəbər belə obraza bürünür. Xəbər var, amma insanlar bilmir ki, dərəcənin endirilməsi hansı əhəmiyyəti daşıyır.
Bizimyol.info xəbər verir ki, Mərkəzi Bank uçot dərəcəsində dəyişikliklə bağlı məlumat yayıb. Dərəcənin 0,5 faiz bənd aşağı salındığından danışılır. Yəni bundan sonra uçot dərəcəsi 8,5 faiz olacaq. Təxminən iki ay dəyişiklik gözlənilmir. Çünki faiz parametrləri ilə bağlı növbəti qərar dekabrın 20-də veriləcək.
Əvvəlcə onu izah edək ki, uçot dərəcəsi nədir. Bu, Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Mərkəzi Bank müəyyən olunmuş faizlə başqa banklara kredit verir. Həmin banklar da üzərinə bir az əlavə ilə istehlakçılara kredit təklif edir. Maliyyə təşkilatları Mərkəzi Bank qarşısında konkret zaman öhdəliyi daşıyır. Məsələn, ayrılan vəsait bir il ərzində qaytarılmalıdır. İqtisadi terminlə desək, yenidən maliyyələşmə dərəcəsinin həmin müddətdə geri qayıtması vacibdir.
Uçot dərəcəsi necə təyin edilir?
Burada əsas amil inflyasiyanın səviyyəsi olur. Mərkəzi Bank uçot dərəcəsini aşağı salırsa, deməli, hökumət əhalinin alıcılıq qabiliyyətinin azaldığını düşünür. Uçot dərəcəsinin aşağı olması kreditləri əlçatan edir. Adətən, yenidən maliyyələşmə dərəcəsini artırmaq inflyasiyanı azaltmağa xidmət edir. Bundan belə nəticə çıxarmaq olar ki, bizdə inflyasiyanın səviyyəsi yüksələcək.
Uçot dərəcəsinin azaldılması sadə azərbaycanlının həyatına necə təsir edəcək?
Əslində, heç cür. Çünki uçot dərəcəsi əhali üçün artırılıb-azaldılmır. Dərəcənin aşağı salınması kredit əldə etmək imkanlarını artırmalıdır. Digər yandan kommersiya bankları daha aşağı faizlə pul təklif etməlidir. Azərbaycanda bu mexanizm işləmir. Ümumiyyətlə, hökumətin addımları heç bir halda əhalinin sosial durumunu yaxşılaşdırmağa hesablanmır. Uçot dərəcəsinin aşağı salınması effektli olması baxımından bank sektoru çərçivəsini aşmır. Mərkəzi Bank dərəcəni aşağı salıbsa, necə deyərlər, bunun əhaliyə isti-soyuğu yoxdur. Qarşıdakı günlərdə, aylarda da hər hansı iqtisadi dalğa müşahidə etməyəcəyik. //Bizimyol.info//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.