Vətəndaş sərhədlərin açılması ilə bağlı ümidlənəndə "kimsə" çıxıb "dəfn" edir - Bağlı qalan "xəyallar"...

6-11-2023, 18:26           
Vətəndaş sərhədlərin açılması ilə bağlı ümidlənəndə "kimsə" çıxıb "dəfn" edir - Bağlı qalan "xəyallar"...
Hökumət quru sərhədləri pandemiya başlayandan bəri bağlı saxlayıb. Hər dəfə camaat sərhədlərin açılması xəbəri ilə bağlı ümidlənəndə hansısa məmur çıxıb ümidləri dəfn edir. Bu dəfə missiyanı üzərinə Mərkəzi Bankın sədri Taleh Kazımov götürüb. Sədr deyib ki, sərhədlərin elə bağlı qalması məsləhətdir. Guya bunun dövlət büdcəsinə və turizm sektoruna böyük faydası var.
Bizimyol.info xəbər verir ki, dünyada Şimali Koreya, Türkmənistan və Azərbaycandan başqa, sərhədləri tamamilə bağlı qalan az qala başqa ölkə yoxdur. Bəzi dövlətlər, heç olmasa, bir qonşusu ilə əlaqəni bərpa edib. Azərbaycanın bu siyahıda yer alması həqiqətən utancvericidir. Bunun adı vətəndaşa əzab verməkdən başqa bir şey deyil. Çox şey yazmaq olar, amma Taleh Kazımovun arqumentlərinin üzərində dayanaq.

Sərhədlərin bağlı qalması dövlət büdcəsinə, ölkə iqtisadiyyatına necə fayda verə bilər axı?
Belə məntiqsizlik olmaz. Faydası olubsa, bu da ən azı büdcə gəlirlərində əksini tapmalıydı. Haradadır? Neft və qeyri-neft sektoru üzrə gəlirlərdə dəyişiklik gözə dəymir. Dövlət büdcəsi əsasən neft gəlirləri hesabına formalaşır. İllərdir belədir. Pandemiyadan sonra da fərqli mənzərə nəzərə çarpmayıb.

İkinci arqument odur ki, turizm sektoru fayda götürüb. Taleh Kazımov oliqarxların ayrı-ayrı bölgələrdəki otellərinin qayğısı çəkirsə, bu da başqa məsələ. Əlbəttə, hətta soyuq aylarda otel otaqlarının qiyməti 150-200 manat civarında olur. Amma bu, turizm sektorunun inkişafı anlamına gəlmir. Buna xalqı soymaq deyirlər.

Sərhədləri bağlayırsan. İnsanların xaricdə dincəlmək imkanlarını əlindən alırsan. Çünki ölkə kənarına çıxmaq xeyli baha başa gəlir. AZAL yayda İstanbula təyyarə biletinin qiymətini 800 manata çatdırmışdı. Tiflisə gedib-gəlmək 500 manatdan ucuz başa gəlmirdi. Kiçik məsafələrə nə qədər pul xərcləməlisən. Sərhədlər açıq olanda insanlar Tiflisə avtobusla 30 manata rahatca gedib-gələ bilirdi. İndi Gürcüstanda doğulmuş, Azərbaycanda yaşayan həmvətənlərimiz Borçalıya yas yerinə getməkdən imtina etməli olur. Çünki xeyli məsrəfdən söhbət gedir.

Avropa şəhərlərinə reyslərdən heç danışmırıq. Xaricə gedə bilməyən azərbaycanlılar, heç olmasa, bölgələrdə dincəlmək məcburiyyətində qalırdı. Lakin bu da soyulmaqla başa çatır. Budur turizmin inkişafı?

Qısaca desinlər ki, xalqın cibinə girirlər. Belə görünür ki, quru sərhədlərin bəxti belə tezliklə açılmayacaq. Sərhədləri bağlı saxlamaqsa, elə əhalinin əl-qolunu bağlamaq deməkdir.

Aytən, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.