Müəllimlərin bitməyən imtahanı: Savadsız məzun, yoxsa ədalətsiz nazirlik?

17-11-2023, 17:18           
Müəllimlərin bitməyən imtahanı:
Müəllimlik… Tarix boyu hər kəs bu peşənin müqəddəsliyindən danışıb, müəllim əməyinin yüksək qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

Görəsən, günümüzdə müəllim əməyinə nəinki yüksək qiymət, ümumiyyətlə, dəyər verilirmi?

Bu sualın cavabını tapmaq istiqamətində bir sıra araşdırmalar etdim, faktları gözdən keçirdim və müəllimlərlə bu haqda söhbətlər apardım. Nəticədə bu yazı ərsəyə gəldi.

Hər il Elm və Təhsil Nazirliyi (ETN) müəllimlərin işə qəbulu (MİQ) üzrə minlərlə namizədin iştirak etdiyi imtahanlar təşkil edir. 2023-cü ildə keçirilmiş MİQ imtahanlarında 47 min 586 namizəd iştirak edib. Hər il olduğu kimi, bu ildə keçirilmiş imtahanlar və onların nəticəsi namizədlər tərəfindən narazılıqla qarşılanıb. Namizədələr nazirlik qarşısında öz narazılıqlarını səsləndiriblər. Onlar imtahanda testologiya prinsipinin, obyektivliyin pozulduğunu, sualla onun həllinə ayrılan vaxtın düzgün təyin edilmədiyini vurğulayıblar. Bu etirazlar qısa zamanda geniş vüsət alıb, bununla da tanınmış təhsil işçilərindən ekspertlərə kimi hər kəs imtahanların yenidən təşkil edilməsini tələb edib.

Lakin bu etirazlar nəticəsiz qalıb, ETN ədalətsiz şəkildə keçirilmiş imtahanlar barədə heç bir müsbət addım atmayıb. Nəticədə imtahanda iştirak edənlər arasında maddi vəziyyəti aşağı olan və yeganə ümidini bu imtahanlarda uğur qazanıb işlə təmin olunmağa bağlayan namizədlərin əməyi nazirlik tərəfindən dəyərləndirilməyib. Əslində, bura kimi olan proseslər haqsızlığın başlanğıc mərhələsidir…

Test imtahanlarının nəticəsi elan edildikdən sonra xoşagəlməz bir mənzərə yaranıb. Filologiya fakültəsi üzrə imtahan verən minlərlə namizəd arasında cəmi 3-4 nəfər 80-dən çox bal yığa bilib.

Bu nəticə nədən xəbər verir? İmtahanda iştirak edən müəllimlər savadsızdır, yoxsa bu nəticə ETN-nin növbəti uğursuzluğudur?

İmtahanda iştirak edən namizədlər qeyd ediblər ki, suallar onlara təqdim edilən qiymətləndirmə çərçivə sənədindən kənar olub və sadəcə faktoloji biliyə əsaslanıb. Nazirlik bu haqda da qanedici bir açıqlama verməyib. Test imtahanları mərhələsindən sonra vakant yer seçimi mərhələsi gəlir. 47 min 586 namizədə 2-3 min vakant yer...

Təqdim edilən vakant yerlərin əksəriyyəti isə ucqar kəndlərdə, Mərkəzi Aran rayonlarında yerləşən məktəblərdədir. Bəs Bakıda yerləşən məktəblər? Sonuncu təqdim olunan statistikaya görə, paytaxt ərazisində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi fəaliyyət göstərir, həmçinin 331 məktəbəqədər təhsil müəssisəsi işləyir. Bu qədər məktəb olan Bakıda vakant yer necə deyərlər, beş barmağın sayını keçmir.

Ümumiyyətlə, işə qəbulla bağlı müşahidə etdiklərim əsasında yaranış şəxsi qənaətim belədir:

*50 bal toplayan namizədlər vakant yer qazana bilmirlər;

*60,70,80 bal toplayan namizədlər ucqar dağ kəndlərinə göndərilirlər;

*90 + bal toplayan namizədlər Bakının rayonları və qəsəbələrində yerləşən məktəblərdəki vakant yerlərə qəbul olunurlar;

*100 bal toplayan namizədlər Bakının mərkəz məktəblərində işə qəbul olurlar.

Vəziyyət bu qədər kritikdir.

Vakant yer seçimində namizədlərin narazı olduğu digər bir məsələ isə seçimlərdə əvvəlcə şəhid yaxınlarının iştirak etməsidir. Namizədlər bu fikri səsləndirərkən bəzən qınaq obyekinə çevrilirlər. Onlar şəhid və şəhid ailələrinə qarşı ehtiramla yanaşdıqlarını bildirib, bu etirazın sadəcə təhsildə bərabər imkanların pozulmasına gətirib çıxarmasına qarşı etiraz etdiklərini qeyd ediblər.

Nəticə olaraq, imtahanların əsas qismi burada başa çatır. 47 min namizədin iştirak etdiyi imtahanlar nəticəsində sadəcə 3000-ə yaxın müəllim işlə təmin edilir. Beləliklə, minlərlə namizəd işsiz qalır və hər il bu rəqəmlər daha da artır.

MİQ imtahanlarında uğur qazana bilməyən bir sıra namizədlərdən danışdıq, əksəriyyəti adının çəkilməsini belə istəmədi, fikirləri isə belədir:

Hər il müəllimlər günündə kədərləndiyini bildirən Leyla xanım:

“Müəllim olmaq mənim uşaqlıq xəyalım idi. Mən də istəyərdim ki, indi məktəbdə şagirdlərlə birgə işləyim, amma olmadı. Hər kəsin dərdi oxumaqdır. Hər yerdə universitet var, hər il nə qədər tələbə məzun olur. Ölkədə məktəblərin, şagirdlərin sayı bəllidir. Əgər kifayət qədər müəllim varsa, niyə müəllimlik ixtisasına qəbul dayandırılmır? Niyə bu qədər gənc işsizliyə düçar olur?”

Növbəti həmsöhbətim:

“Mən çətin həyat şəraitində təhsil almışam, 12 yaşımdan etibarən oxumaq üçün ailəmdən uzaqda kirayələrdə, yataqxanalarda qalıram. İxtisasımı çox sevirəm, şagirdlərlə birgə olmaq istəyirəm. Bu cəmiyyətdə insanlara fayda vermək istəyirəm, həqiqətən artıq yorulmuşam. Mən ixtisasımı tədris etmək istəyirəm”.

Başqa bir keçmiş namizəd:

“Neçə aydır ki, cəmi 4 saat yuxu yatıram. Ailəm pərişan, mən pərişan... Həyatım boyunca belə bir xəyal qırıqlığı yaşamamışdım”.
Daha bir həmsöhbətim:

“İmtahana kimi oturub ağlaya-ağlaya dərs oxuduğumu bir mən bilirəm. Hər kəs istirahət edəndə, yayın istisində evdə dərs oxuyurdum. Vakant yer qazana bilmədim. İnsanların çəkdiyi əziyyəti görməmək onlar üçün çox asandır. Bizim nə yaşadığımızı heç kim təsəvvür edə bilməz”...

Müəllif: Ləman İsmayıl - Mənbə: Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.