Avropa Birliyindən alınan qrantla büdcə açığının qapadılmasında istifadə edilib – nədənsə bunu xatırlamırlar.

24-11-2023, 11:14           
Avropa Birliyindən alınan qrantla büdcə açığının qapadılmasında istifadə edilib – nədənsə bunu xatırlamırlar.
Hökumət mediası son 20-25 ildə, azı 10 dəfə xarici fondlara, Qərb ölkələrinə qarşı “səlib yürüşü” təşkil edib, ritorikanı sərtləşdirib, sonra da barışıb eyni yerdən davam ediblər. Bu dəfə də eyni şey olacaq, sadəcə məsələ başqadır – müstəqillikdən üzü bəri ölkəmizə 2 mlrd. dollara yaxın yardım/qrant daxil olub, bunun 1,9 mlrd. dolları hökumət/dövlət qurumlarına, və ya hökumətə yaxın “vətəndaş cəmiyyəti” təşkilatlarına gedib. Hətta Avropa Birliyindən alınan qrantla büdcə açığının qapadılmasında istifadə edilib – nədənsə bunu xatırlamırlar.
Ən çox hədəf olanlardan biri, məsələn, “Soros Fondu” ölkədə ən çox kimə/hara qrant verib, bilirsiz?! Deyim də, məbləğ olaraq ən böyük qrant layihəsi Misir müəllimin vaxtında ölkənin Təhsil Nazirliyinə verilib, yaxşı bu USAID nə edib?! Onu da deyim, 1991-ci ildən USAID dəstək proqramlarına, o cümlədən humanitar yardım, səhiyyə sektoru, iqtisadi və idarəetmə islahatlarına 431 milyon qrant ayırıb ki, bunun da çoxu yenə dövlət/hökumət orqanlarına gedib, ən son layihələrdən biri, məsələn, 2021-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə imzalanıb. (Misal üçün deyim: Şəkiyə çatmamış balıq, forel saxlanılan, satılan yer var ha, çoxunuz görmüsüz, bax o layihə USAID-ın qrantı ilə baş tutub, bunun nəyi pisdir).
Sözümün canı odur ki, dəfələrlə belə dalğalar olub, sonra düzəlib, indi də, yəqin ki, elə də olacaq, amma hökumət və Qərb “dalaşanda” zərbə sivil toplum, media ilə məşğul olanlara dəyir. Sonra də Qərb hökumətlə “barışır”, ortada günahsız insanlara zərbə dəyir, ona görə də bu davaya alət olmamaq lazımdır, getsinlər kənarda “dalaşsınlar”.
Qərbin Azərbaycanla bağlı buraxdığı səhvlər, qərəz o qədər eybəcərdir ki, adam iyrənir – dəfələrlə özlərinə də demişik, davranışları, ritorikaları, ölkəmizə qərəzli və beynəlxalq hüquqdan kənar münasibətləri məmləkətdə sözün əsl və sivilizasion mənasında qərbyönümlü siyasi-ictimai təşkilat və çevrələrin dilini qısaldır, sözlərinin kəsərini, cəlbedici olmalarını azaldır, cəmiyyətimizi sürətlə anti-qərb mövqeyi almağa sövq edir. Bunu anlamadan edirlərsə pisdir, bilə-bilə edirlərsə çox pisdir – zatən son 20-25 ildə post-sovet məkanında o qədər səhv ediblər ki, bunu bilgisizliyə bağlamaq artıq çətin olur, deməli qəsdən edirlər, bu bölgəni özləri ilə Rusiya arasında bufer zona kimi görürlər, amma qeyri-sabit zona kimi olmasını istəyiirlər ki, eksperimentlər aparsınlar, çünki qeyri-sabit zonalar hibrid və proksi qarşıdurmalar üçün imkanlar, fürsətlər yaradır.
Çox təhlükəli siyasətdir, bumeranq kimi özlərinə qayıdır, illərdir xəbərdarlıq edirdik ki, apardıqları bu siyasət aşırı sağ/millətçi, populist dalğaya çevrilib özlərini vuracaq, artıq bu baş verir, seçkilərdə aşırı radikal siyasətçilər qalıb gəlir, bundan sonra belə faktlar daha da çox artacaq, günün birində ayılacaqlar ki, Avropanın ortasında yeni bir “führer” yaranıb, zatən apardıqları siyasət Rusiyada bir “monstr” yaratdı və dünyanı təhdid edən vəziyyət yarandı, indi öz içlərində də belə “monstrlar” yaranıb yuxarı başa keçirlər...
Natig Cəfərli
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.