Ordu quruculuğumuza TƏHLÜKƏLİ MÜDAXİLƏ...

1-12-2023, 10:09           
Ordu quruculuğumuza TƏHLÜKƏLİ MÜDAXİLƏ...
Müharibə zaman xalqlar iki şeyi köməyə çağırar: Birinci, Allahı, sonra da hərbçiləri. Müharibə bitəndən sonra xalqlar Allahı unudar, hərbçiləri də arxa plana atarlar. Bu mənim yox, Konfutsinin cümləsidir.

Bir yandan müharibə bitib, bir yandan da “Ermənistan müharibəyə hazırlaşır” deyirik. Müharibənin aktiv fazası geridə qalıb, ancaq heç kim qaranti verə bilməz ki, yeni müharibə dalğası gəlməyəcək. Söhbət heç Ermənistanla Azərbaycan arasında olacaq müharibədən də getmir. Regionun qaynadığını görməmək üçün kor olmaq lazımdır.

Ermənistan silah alır. Fransa və ABŞ Ermənistan üzərindən region uğrunda mübarizəyə girib. Faktiki olaraq, Ermənistanla Rusiya arasında informasiya savaşı gedir. Rusiya artıq əməli fəaliyyətə də keçib. Ermənistanın kənd təsərrüfatı məhsullarının ölkəyə girişini çətinləşdirib.

Dünənə qədər Avropa İttifaqı Gürcüstanı Rusiya ilə münasibətləri düzəltdiyi üçün sanksiyalarla hədələyirdisə, bu gün həmin Gürcüstan bildirir ki, Ukrayna həm də onlar üçün döyüşür. Əgər Ukrayna məğlub olsa, onlara da çətin olacaq.

“Ukrayna bizim üçün döyüşür” cümləsi bir çoxlarının dilində bitib. Hətta Azərbaycanda da bu ifadəni səsləndirənlər var. Ukrayna sənin üçün döyüşürsə, sən Ukrayna üçün nə edirsən? Ukrayna öz hayındadır. Ərazisini itirir, məğlubiyyətin bir addımlığına gəlib, Ukrayna bunlar üçün döyüşürmüş. Ukrayna özü və onu bu cəncəlin içərisinə salanlar üçün döyüşür. Yəni Gürcüstan da artıq fərqindədir ki, fərqli şeylər baş verəcək.

Ölkə prezidenti hər dəfə çıxıb bəyanat verir ki, ordunu gücləndirmək lazımdır, elit bölmələrin sayı artırılır, ancaq bəziləri hələ də eyfariyadan ayılmayıb. Beyni heç taktiki səviyyəyə çatmayan adamlar hələ də deyirlər ki, Ermənistana qalib gəlmişik, İrəvanı da alarıq, Təbriz də bizimdir, Rusiya heç kimdir, İranı böləcəyik… Sən canı, biraz yavaş…

Hərdən deyirlər, Ermənistan sülhdən qaçır, məğlub tərəf niyə şərtlər irəli sürməlidir? Düzü, mən də bu cümləni hardasa yazmışam. Ancaq gerçəklik başqa şeydir. Reallıq odur ki, Azərbaycan öz ərazisini işağldan azad edib. Ermənistan ərazisinə bir addım belə atmayıb. Dolayısı ilə şərtsiz sülh o zaman olardı ki, Azərbaycan Ermənistanı Ermənistanda məğlub edərdi. İndiki məqamda Azərbaycan revanş götürüb. Azərbaycan işğal etməyib, işğaldan azad edib. Bunun mahiyyətinə varmayanlar ona görə də müxtəlif fantaziyalar irəli sürürlər. Ermənistan o zaman şərtsiz sülhə gələcək ki, Azərbaycan Qazaxın 7 kəndini və Kərki anklavını hərbi yolla işğaldan azad edəcək. Yaxud Zəngəzur dəhlizi silah gücü ilə açılacaq. Bundan başqa heç bir yolla Ermənistan şərtsiz sülhə gəlməyəcək. Ümumiyyətlə, şərtsiz sülh olmur, kapitulyasiya aktı olur. Ona görə də əgər şərtsiz nəsə əldə edilməsini istəyiriksə, bunun üçün hərbi güc lazımdır.

44 günlük müharibədən sonra Ermənistan ordusu reforma getdi. İtkilərin yerini doldurmaq, ordunu cəlbedici etmək üçün addımlar atıldı. Misal üçün, Azərbaycan ordusunda 20 il, özü də qüsursuz xidmət etməlisən ki, evlə təmin olunasan. Ermənistanda isə bu tam fərqlidir. Çiyninə iki ulduz, yəni leytenant rütbəsini alan kimi evlə təmin edilirsən.

Ümumiyyətlə, qanunlar insan həyatını asanlaşdırmağa xidmət etməlidir. 44 günlük müharibə bətər-bitməz hərbçilərin maaşları ilə ciddi problem ortaya çıxdı. O zaman Azərbaycan ordusundan xeyli sayda hərbçi tərxis oldu. Vətən, millət bir yerə qədərdir. Heç kimə sirr deyil ki, nəinki Azərbaycanda, dünyanın hər yerində müddətdən artıq xidmət edənlərin, gizirlərin 95 faizindən çoxu mülki həyatda iş tapmadığına görə gələcək həyatlarını təmin etmək üçün (pensiya təminatı) hərbi xidmətə üz tutur. Onların pensiya yaşının artırılması, hesab edirəm ki, orduya marağı da azaldacaq.

Yuxarıdakı reallıqlar fonunda Azərbaycan ordunu cəlbedici etməlidir. Nədənsə, Azərbaycanda fərqli yol izləməyi düşünürlər. Zabitlərin 20 yox, 25 ildən sonra pensiyaya çıxması, müddətdən artıq, gizir və miçmanların pensiya yaşının 48 olması həm də ordunu qocaldacaq. Zabitləri anladıq. Onlar qərargahlarda da xidmət apara bilirlər. Ancaq müddətdən artıq xidmət keçənlər, gizir və miçmanlar birbaşa sahədə olmalıdırlar. 48 yaşlı birindən necə effketiv xidmət gözləmək olar? Bəzi bölmələr var ki, orada naryadlar ancaq müddətdən artıq xidmətçilərdən çıxır. Nəvə oynadan yaşa gəlmiş birindən təmizlik işləri tələb etmək nə qədər normal haldır? Psixoloji olaraq da yaş həddinin artırılması problemlər yaradacaq. Məsələn, illərdir dağda, daşda xidmət edib ailə üzü görməyən zabit 20 yox, 25 il xidmət etməli olduğunu bilsə, bu nə qədər efektiv olacaq? Türkiyə ordu modelinə keçid edildiyi deyilir, ancaq rotasiya məsələsi hələ də yerinə yetirilmir. İllərdir dağda-daşda gördüyümüz zabitlər hələ də oralarda xidmət aparırlar.

Azərbaycanda artıq ailələrdə uşaqların sayı azalmaqdadır. Əvvələr bir ailədə 3-5 uşaq olurdusa, indi bu say kəskin aşağı düşüb və o uşaqların hamısı da oğlan deyil. Onların neçə faizi orduya üz tutacaq? Nədənsə, ordunu cəlbedici etmək yerinə, itələyici edirlər. Ordu ilə bağlı qanunlar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təsəvvürü ilə yox, orduda xidmət alanların düşüncəsi ilə yazılmalıdır. Bir dəfəlik anlamaq lazımdır ki, ƏƏSMN-nin adındakı “müdafiə” sözünün ölkənin müdafiəsi ilə əlaqəsi yoxdur. Müdafiə Nazirliyinin hüquq idarəsi açıqlama verib ki, bu qərarı müraciət edənlərin sayına görə alırlar. Heç kimi zərbə altına qoymaq istəmirəm, nazirlik getmək istəyənlərin sayından xəbərdar deyil? Nə isə…

Hesab edirəm ki, bu dəyişikliklərin təklifi qəfil yatıb yuxuda görülməyib. Buna gətirən səbəblər var. Məsələ ondadır ki, bu səbəbi olduğu kimi açıqlaya bilmirlər. Qanunda göstərilənlər isə səbəb deyil. Orduda kadrlara ehtiyac var. Bu ehtiyac təkcə müharibədə itkilərə görə yaranmayıb. Həm də daxildəki məsələlərə görə yaranıb. Daxildəki məsələ yoluna qoyulsa, belə məcburiyyətə də ehtiyac yaranmaz. Orduda qalmağı məcburi yox, könüllü etmək lazımdır. Bunun üçün təkar-təkrar deyirəm, cəlbedicilik şərtdir.

Yazını oxuyanlar deyəcək ki, haradan başladın, hara gəldin? Bəli, bu boyda həngamənin baş verdiyi regionda oradan başlayıb məhz bura gəlmək lazımdır.

Mənbə: www.yenicag.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.