“Azərbaycanda da blogerlər çirkli pullar yuyur” iddiası... - o qədər də inandırıcı görünmür!

6-12-2023, 09:48           
“Azərbaycanda da blogerlər çirkli pullar yuyur” iddiası... -
Bir müddət əvvəl Türkiyədə çirkli pulların yuyulması ittihamı ilə sosial media fenomenləri Dilan Polat və həyat yoldaşı Engin Polat polis tərəfindən saxlanılıb. Aparılan araşdırmadan sonra daha 24 şübhəli fenomen istintaqa cəlb olunub. Onlardan 16-sı barədə həbs-qətimkan tədbiri seçilib. Bundan başqa, istintaqa cəlb edilən fenomenlərin 12-nin əmlakları müsadirə edilib.

Ölkəmizdə də bir çox blogerlərin sosial şəbəkələrdən böyük pullar qazanıb, dəbdəbəli həyat yaşadığı məlumdur. Türkiyədə baş verənlər fonunda, azərbaycanlı blogerlərin də “çirkli pulların yuyulmasında” iştirakı məsələsi aktuallaşıb.

Məsələ ilə bağlı İKT mütəxəssisi Qəşəm Məmmədov Bizim.media-ya açıqlamasında bildirib ki, son illər bəzi insanlar qanunsuz yollarla pul qazanırlar: “Yəni heç bir daimi iş yeri olmayan şəxslər böyük pulların dövriyyəsini həyata keçirirlər. Bu zaman "çirkli pulların yuyulması" da baş verir. Çünki ixtiyari hüquqi və fiziki şəxs gəlirlərini bəyan etməlidir. Üstəlik, istənilən iri həcmli nağdsız əməliyyatlar zamanı daxil olan pulun mənbəyi göstərilməlidir. Amma bəzi adamlar heç bir bəyannamə təqdim etmədən hesabına böyük pullar köçürür, bu pulların xaricdəki ofşor hesablarına köçürülməsinə vasitəçilik edirlər.

Türkiyədə, Rusiyada və başqa ölkələrdəki bəzi sosial media nümayəndələri də hesablarına daxil olan külli miqdarda pulu guya reklam yolu ilə qazandıqlarını deyirlər. Amma hər kəs bilir ki, reklamın da müəyyən qiyməti var. İstənilən blogerin reklam qiyməti hansısa televiziya kanalının reklam tarifindən baha deyil. Bununla belə, bəzi blogerlər iddia edirlər ki, gündə, ayda on minlərlə dollar pul qazanırlar. Təbii ki, bu da reallığı əks etdirmir".

Qəşəm Məmmədov onu da əlavə edib ki, sosial media fenomenlərinin ən böyük fırıldağı böyükhəcmli məbləğləri xaricdəki ofşor hesablara ötürmələridir: “Bu da o deməkdir ki, bəzi fenomenlər işbazlarla əlaqəyə girərək irihəcmli pulların xaricə çıxarılması prosesində iştirak edirlər. Məsələn, yeni qaydalara görə, Azərbaycanda bir nəfər bank hesabından xaricə 10 min dollar həcmində vəsait çıxara bilər. Məbləğ bundan çox olduqda isə qazancın mənbəyi göstərilməlidir. Amma Türkiyədə bu sahədə limit yüksəkdir. Ona görə də sosial media fenomenləri qeyri-leqal gəlirlərdən əldə edilmiş pulların xarici ölkələrə çıxarılmasında iştirakçı olurlar. Yəqin ki, buna görə də müəyyən ödəniş alırlar. Xaricə çıxarılan pulların miqdarı isə böyük rəqəmlərlə ifadə olunur. Bu da təbii ki, cinayət sayılır”.

Bəs “Azərbaycanda da blogerlər çirkli pullar yuyur” iddiası nə qədər doğrudur? Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb: “Vergi öhdəlikləri akkauntun qeydiyyatdan keçdiyi ölkələrdə yaranır. Yəni akkaunt Azərbaycanda deyil, başqa ölkədə qeydiyyatdan keçibsə, bu, qeyri-rezident sayılır və onun Azərbaycan ərazisində hansısa vergi ödəməsi çətin görünür. Çünki ola bilər ki, bütün hesablar, email adres, akkaunt xarici ölkələrin birində qeydiyyatdan keçsin və həmin akkaunt xarici ölkənin bank hesabı üzərindən fəaliyyət göstərsin, bu zaman Azərbaycanda vergi öhdəlikləri yaratmır. Beləliklə, bu bir qədər qəliz məsələdir. Amma elələri də var ki, bəli, Azərbaycanda qeydiyyatdan keçiblər, ölkənin bank sistemindən istifadə edir, onun vasitəsilə ödənişlər edirlər, müxtəlif reklam və yaxud başqa bannerçilər, başqa ödənişlər Azərbaycan bank sistemi vasitəsilə həyata keçirilir, bu zaman orada müəyyən gəlir formalaşır.

Əslində bununla bağlı qanunvericilikdə dəyişikliklər edilməsinə də ehtiyac yoxdur. Onlar VÖEN-lə qeydiyyatdan keçib gəlirlərinin, dövriyyələrinin 5 faizini vergi versələr, heç bir qanun pozuntusu da olmur. Hesab edirəm ki, müəyyən maarifləndirici addımlara ehtiyac var ki, onlar fəaliyyətlərini qanunla tənzimləsinlər. O ki qaldı dələduzluq və yaxud insanları aldatmaq, bu, ayrıca məsuliyyətdir və Azərbaycan qanunvericiliyində, eləcə də Cinayət Məcəlləsində dələduzluqla bağlı çox sayda maddələr, sərt cəzalar var. Yəni virtual məkanla bağlı ayrıca qərarın olmasına ehtiyac yoxdur, zatən bu məsələ qanunlarda öz əksini tapıb. Sadəcə, nəzarət mexanizmlərinin bəlkə də gücləndirilməsinə ehtiyac var. Amma daha vacib məsələ maarifləndirmədir. Yəni maarifləndirici roliklər, videoçaplar, televiziyalarda bununla bağlı verilişlərin olması əhalini daha da bilgiləndirə bilər. Çox zaman əhali bilgisiz olur, atdığı addımları da bilmir. Söhbət blogerlərdən deyil, onlara hansısa vəsait ödəyənlərdən gedir. Bu bəzi hallarda dövlətin təhlükəsizliyinə də problem yarada bilər. Belə ki, başqa ölkələrdən Azərbaycan dilli və yaxud Azərbaycan vətəndaşları bu işlərə cəlb oluna bilər.

Beləliklə, “Azərbaycanda da blogerlər çirkli pullar yuyur” iddiası o qədər də inandırıcı görünmür. Daha bir məsələ, ölkəmizdə bu sahədə dövriyyə də azdır. Məsələn, Amerikada, Avropada, Rusiyada əhali çoxdur, ona görə də oradakı blogerlərin auditoriyası böyükdür, onların dövriyyəsi də böyükdür. Məsələn, bu yaxınlarda Rusiyada sosial şəbəkə fenomenləri olan ər-arvad ev həbsinə alındı, araşdıranda məlum oldu ki, onlar 1 milyard rubla yaxın vergidən yayınıblar.

Yəni Azərbaycanda böyük məbləğlər, dövriyyələr yoxdur. Sadəcə, qeyd etdiyim kimi, xaricdə qeydiyyatdan keçib fəaliyyət göstərəndə Azərbaycan qanunvericiliyini təsdiq etmək çətin olur. Deyə bilmərik ki, bu mümkün deyil, mümkündür, amma çətindir. O ki qaldı dələduzluğa, əgər sosial şəbəkə fenomenləri dələduzluqla məşğuldursa, 8 ilə qədər həbs oluna bilərlər. Bir sözlə, “çirkli pulların yuyulması” digər sahələrdə daha çox yayılıb, nəinki bu sahədə".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.