BAKI VƏ İRƏVAN YENƏ RAZILAŞA BİDİLƏR – UDUZAN RUSİYADIR…

8-12-2023, 12:46           
BAKI VƏ İRƏVAN YENƏ RAZILAŞA BİDİLƏR – UDUZAN RUSİYADIR…
Azərbaycan və Ermənistan arasında razılaşmaya görə 32 erməni hərbçisi 2 azərbaycanlı hərbçi ilə dəyişdirilir. Say arasında böyük fərq olsa da, burada iki məsələ əhəmiyyətlidir. Məsələ nə qədər hərbçinin qaytarılması, yaxud alınması yox, qarşılıqlı etimad mühitinin yaradılmasına dair razılaşmadır. Həmçinin Ermənistanın əlində Azərbaycanın iki hərbçisi var və rəsmi Bakı üçün vacib olan nə qədər erməninin qaytarılması yox, öz hərbçilərinin azad edilməsidir.

Tribunainfo.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Bakı bir azərbaycanlı hərbçi üçün 16 ermənini İrəvana təhvil verir və bununla Ermənistanda heç bir əsirimiz qalmır.

“Ermənistan məhkəməsi qondarma ittihamla Aqşin Bəbirovu 11,5 il müddətinə, Hüseyn Axundovu 20 il müddətinə azadlıqdan məhrum etmişdi. 6 dekabrda isə Hüseyn Axundovun cəzası ağırlaşdırılaraq, ömürlük həbsə məhkum edildi. Xüsusilə onlara qarşı törədilən vəhşilik hər birimizin ağrısına çevrilmişdi.
Ermənilərin Hüseyn Axundova ömürlük həbs cəzası verməsindən bir gün sonra hər iki hərbçimizin azad olunduğu xəbəri adi hadisə deyil. Azərbaycanın bir əsgəri bütün erməni ordusundan dəyərlidir”.

İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli də bildirib ki, dəyişdirilən əsirlər arasında say fərqi çox olsa da, əsas nəticədir və sonrakı proseslərdir. Onun fikrincə, bütün baş verənlər sülhə aparır:

“Bəziləri deyir ki, Ermənistan 2, Azərbaycan isə 32 hərbi əsiri azad edir. Yəni adekvat deyil, fərq son dərəcə böyükdür. Bəli, böyükdür. Ancaq önəmli olan odur ki, məsələ demək olar ki, yekunlaşıb. Ermənistan Azərbaycana Zəngəzur dəhlizini verir. Düzdür, rəsmən bu xəttin dəhliz statusu olmayacaq. Ancaq elə dəhliz kimi bir şey olacaq. Yəni Azərbaycan vətəndaşları maneəsiz olaraq Ermənistan ərazisindən keçib Naxçıvana daxil olacaqlar və əksinə…
Son dərəcə böyük hadisədir. Tezliklə bu anlaşmanın detalları ortaya çıxacaq. Arada uduzan Rusiyadır, İran da məyus olacaq. Çünki Amerika Ermənistandan Rusiyanı qovmaq üçün səylərini artıracaq. Amerikanın İranın qulağının dibində olması da molları cin atına mindirəcək.
Azərbaycanla anlaşmaq Ermənistan üçün eyni zamanda Türkiyə ilə anlaşmaq anlamına gəlir. Proseslər onu göstərir ki, yaxın vaxtlarda hər şey yaxşı olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.