Metropoliten 23 stansiyanın tikintisindən imtina edib? - AÇIQLAMA

9-01-2024, 18:25           
Metropoliten 23 stansiyanın tikintisindən imtina edib? - AÇIQLAMA
Bakının 2040-cı ilə qədərki Baş Planında Qaraçuxur və Xırdalana metro xəttinin çəkilməsi nəzərdə tutulub.

Ümumilikdə, növbəti 16 ilə 19 metro stansiyası tikiləcək. 2014-ci ildə Bakı Metropoliteni açıqlamışdı ki, 2030-cu ilədək Bakıda 76 metro stansiyası olacaq. İndi isə deyilir ki, 2040-cı ilədək Bakıdakı metro stansiyalarının sayı 46-ya çatdırılacaq. Belə görünür ki, 23 metro stansiyası ixtisara düşüb.

Mövzu ilə bağlı Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov “Cebhe.info”- ya bildirib ki, ümumilikdə 76 metro stansiyası və 119.1 km metro xəttinin fəaliyyət göstərməsi nəzərdə tutulub:

“Perspektiv inkişaf planının 2040-cu ilədək reallaşdırılması gözlənilir. Lakin bu plan gözlənilən müddətdən bir qədər tez, yaxud da gec reallaşa bilər. Bütün bu işlər tikintinin sürətindən, relyefin mürəkkəbliyindən asılıdır. Perspektiv inkişaf planına müvafiq olaraq Yeni Günəşli qəsəbəsində də bir metro xəttinin istismara verilməsi planlaşdırılır. Lakin hələlik bu istiqamətdə hər hansı işə başlanılmayıb. Sadəcə olaraq metrostansiyanın hansı ərazidə tikiləcəyi bəllidir. Geniş məlumat olduqda mətbuata rəsmi açıqlama veriləcək”.

Bəxtiyar Məmmədov tikilməsi planlaşdırılan digər metro stansiyaları ilə bağlı da məlumat verib:

"Ağ şəhər adlanan ərazidə şərti adı "Y14", "Y15" və “Y16” metro stansiyasının tikilişi üçün bəzi ərazilər artıq hasara alınıb və tikinti işləri görülür. Bundan sonra isə "Həzi Aslanov 2" stansiyasının fəaliyyətə başlaması nəzərdə tutulub. Tikintisi başa çatsa da, həmin stansiya fəaliyyət göstərmir. Çünki həmin stansiya “Xətai” stansiyasına birləşdirilməlidir. Birləşməsi üçün də 3 stansiya daha inşa olunmalıdır. Konfiqurasiya mürəkkəb olduğuna görə hələlik fəaliyyət göstərmir. Həmin stansiyadan da "Həzi Aslanov" xəttinə keçid olacaq".

Bəxtiyar Məmmədov xatırladıb ki, 2011- ci ildə Bakı Metropolitenin konseptual inkişaf sxemi təsdiq olunub:

“Lahiyə hazırlanıb, 2011- ci ildə tender elan edilib 3 xarici şirkət qalib olub. Ölkə başçısının sərəncamına uyğun olaraq sxemlər təstiq olunan zaman şərti olaraq illər götürülür və layihə bəlli zaman içərisində icra edilir. Yəni bu, o demək deyil ki, biz 76 stansiyanın tikintisindən imtina etmişik. Sadəcə olaraq, 2040-cı il planında 53 metro stansiyası nəzərdə tutulub”.

Həmsöhbətimiz qeyd edib ki, Metropoliten olaraq təsdiq edilən sənədin icrasını həyata keçirəcək:

“Fəaliyyətə başladığımız zaman mətbuat geniş açıqlama verəcəyik. Hazırda isə sənədin müzakirəsini aparırıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.