Pentaqon nüvə başlıqları daşıyan gəmilərini İrana tuşlayıb: Aralıq dənizi qan gölünə çevrilə bilər

10-01-2024, 10:24           
Pentaqon nüvə başlıqları daşıyan gəmilərini İrana tuşlayıb: Aralıq dənizi qan gölünə çevrilə bilər
ABŞ-ın “Qiyamətin atlısı” adlandırılan atom sualtı qayığı Aralıq dənizində

İsrailin Baş Qərargah rəisi Herzi Halevi hərbçilərlə görüşündə deyib ki, Qəzza zolağında döyüşlər 2024-cü ildə də davam edəcək. Yəni İsrail ordusu İordan çayının qərb sahilində sayıqlığını davam etdirəcək, həmçinin şimalda “Hizbullah” partiyasının silahlı birləşmələri ilə mübarizə aparacaq.

Münaqişə daha geniş arealı əhatə edə bilərmi? Hansı ölkələr üçün təhlükə mövcuddur?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov qeyd edib ki, Qəzza bölgəsində İsrail ordusu tərəfindən aparılan əməliyyat dörd aydır ki, davam edir:

“Bu nə region, nə Avrasiya məkanı üçün müsbət perspektivlər vəd edir. İsrail hazırda böyük riskə gedir. ABŞ bu istiqamətdə ona dəstək verəcəyini qeyd edib. Lakin burada İsrailin də maraqları var. Müharibəyə yeni ölkələrin cəlb edilməsi əsas məramdır. Həmin ölkələrin başında isə İran dayanır. Amerika nüvə başlıqları daşıyan gəmilərini Aralıq dənizinə gətirməklə İsrailə dolayısı ilə həm dəstək verir, həm də digər ölkələri hədələyir. Münaqişəyə müdaxilə edildiyi halda adekvat cavab veriləcəyi xəbərdarlığını edir”.

Politoloqun sözlərinə görə, münaqişə arealı genişlənərsə, burada İranla yanaşı, ərəb ölkələrinin də yer alması istisna deyil:

“Milli maraqlar bir çox ölkələr üçün aparıcı rol oynayır. İsrailin baş naziri və onun komandası çalışır ki, bu minvalla özünü siyasi cəhətdən xilas etsin. Münaqişənin nəticəsi heç bir şeyi dəyişməyəcək. Atəşkəs elan olunan kimi İsrailin hazırkı kabineti istefaya göndəriləcək. Öz fəaliyyətini uzatmaq istəyi isə təhlükəli oyuna çevrilə bilər. İordaniyadan da İsrailə qarşı təhdidlər səsləndirilməkdədir. Bunun səbəbi isə münaqişənin böyüməsi halında ətraf ölkələrin də zərər çəkməsinin qarşısını almaq istəyir”.

Safura Bənnayeva
Globalinfo.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.