Bir Planın sirri...

10-01-2024, 11:54           
Bir Planın sirri...
Beş milyonluq şəhəri üz milyona necə artırmaq olar...
Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı təqdim olunub. Baş plan Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) rəsmi internet saytında yerləşdirilib. Planı DŞAKın sifarişi əsasında Almaniyanın “AS+P Albert Speer+Partner GmbH” şirkəti hazırlayıb. Layihə
qrafika və mətn hissədən ibarət 226 səhifəlik sənəddir. Plan 2020-2027-ci və 2028-2040-cı illəri
əhatə edəcək 2 mərhələni nəzərdə tutur.
Baş Planda kağız üzərində bir çox maraqlı, müsbət məqamlar var. Amma təqdim olunan layihə
elə indidən şübhə və mübahisə doğuran məqamlarla doludur. Məsələn, əhalinin sayı ilə bağlı
rəqəmlər hamıda təəccüb yaradıb…
Baş Planda qeyd edilir ki, Bakı şəhərinin 2040-cı ilə olan əhali proqnozunun verilməsi üçün
ümumilikdə yeddi fərqli ssenari üzərində təhlil aparılıb. Və iddia olunur ki, 2040-cı ilə qədər Bakı
şəhərinin əhali sayı 2,88–3,17 milyon nəfər (!) arasında dəyişəcək. Ona görə də, sözügedən plan
3 milyonluq əhali üçün nəzərdə tutulub.

Bəs doğrudanmı hazırda paytaxtda yaşayan insanların sayı bundan dəfələrlə azdır ki, orta
hesabla 3 milyon rəqəminə ancaq 2040-cı ildə çatılacaq? Axı hər kəsə məlumdur ki, Bakıda
yaşayan insanların real sayı statistikada göstərilən rəqəmdən xeyli çoxdur. Axı hamı da şikayət
edir ki, kəndlərdə adam qalmayıb və insanlar bu və ya digər səbəbdən kütləvi şəkildə Bakıya üz
tuturlar. Bunu hər birimiz ətrafımızda yaşayan insanlara, rayonlardan paytaxta köç edən
qohumlarımıza, tanışlarımıza baxaraq, gündəlik həyatımızı müşahidə edərək də görürük.
Bakıda əhalinin sayının dəfələrlə çox olduğunu rəsmi şəxslər də bildirilər. Məsələn, Bakı şəhər
Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli hələ
2022-ci ilin dekabrında paytaxtda avtomobil sıxlığı barədə danışan zaman ölkədə 1,7 milyon
avtomobil olduğunu, bunun 70 faizinin (təxminən 1,2 milyon) Bakının payına düşdüyünü
bildirmişdi. O, ayrıca olaraq qeyd etmişdi ki, qeyri-rəsmi məlumata görə, paytaxtda 5 milyona
yaxın vətəndaş yaşayır.
Bunu sadə vətəndaş deyil, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəsmisi
deyir. Elə bir rəsmisi ki, onun yollarda, nəqliyyatda baş verənlərdən, avtomobil statistikasından,
nəqliyyat vasitələrinin sayından və nəhayət, paytaxtdakı insanların sayından dolayısı ilə
məlumatı var.
Ortaya maraqlı suallar çıxır: Baş Planı hazırlayanlar reallıqdan xəbərdardırlarmı? Plan hazırlanan
zaman əsaslandıqları yeddi fərqli ssenari nədir? Və reallıqda 4-5 milyonluq insanın yaşadığı Bakı
üçün 3 milyonluq plan hazırlamaq nə dərəcədə doğrudur?
Politoloq, iqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı Pressklub.az-a açıqlamasında bildirib
ki, rəqəmlərdə ciddi səhvlər var və bu səbəbdən Baş Planın reallaşması da çətin məsələdir.
Ekspert hesab edir ki, istənilən plan hazırlanarkən onun uğurlu olmasını göstərən nüans statistik
rəqəmlər və diaqnostikanın dəqiq aparılmasıdır. Yalnız bundan sonra planın uğurlu və ya
uğursuz olmasından danışmaq olar.
“Baş plan əvvəldən yanlış rəqəmlərlə başlayır. Guya, Bakıda cəmi 2,6 milyon əhali yaşayır,
2040-cı ildə bu rəqəm 3 milyon olacaq. Bakıda elə bu gün 3,5 milyon nəfərdən çox insan
yaşayır, qeydiyyatı regionlara olan, özü isə Bakıda yaşayan yüz minlərlə vətəndaş var. Seçki
dönəmlərində imza toplayanda bu say aydın görünür. Deməli, rəqəmlər artıq yanlışlıq üzərində
qurulub. Ona görə də planın baş tutması çətin məsələdir”.
Bölgələrdən Bakıya gəlib, qeydiyyatsız yaşayan yüz minlərlə vətəndaşın varlığını nəzərə almadan
plan hazırlamaq nə dərəcədə doğrudur? Bu planın hazırlanması xeyli vəsait və vaxt aparıb. İllər
əvvəl hazırlanmalı olan plan indi təqdim edilib. Amma ən vacib nüansları görməzdən gəliblər…
Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı da Pressklub.az-a açıqlamasında
rəqəmlərin səhv olması fikri ilə razılaşıb.
“Layihəni Almaniya şirkəti hazırlayıb. Təbii ki, şirkət sənədi rəsmi-statistik rəqəmlərə istinad
edərək hazırlayıb. Yəqin, həmin rəqəmləri də əməkdaşlıq etdiyi müvafiq dövlət qurumlarından
alıb. Şirkət tam şəkildə yerli faktorları nəzərə almayıb, ya da məlumatlandırılmayıb. Bu isə
narahatlıq yaratmaya bilməz”.
Statistika ilə reallığın uyğunsuzluğu şübhə doğurmur. Hər birimizin Bakıda qeydiyyatsız yaşayan
onlarla, yüzlərlə tanıdığı var. Onların bəziləri illərdir bu cür yaşamağa davam edir və Bakıdan
rayona qayıtmaq niyyətləri yoxdur.
Bəs, insanların qeydiyyata alınması üçün çalışıb, şəhərin real əhali statistikanı təyin etmək və ya
elə təxmini reallığı, yəni, şəhər əhalisinin bu gün 4-5 milyon olduğunu nəzərə alaraq planda
dəyişiklik etmək daha məqsədəuyğun olmazdımı? Təəssüf ki, bu insanları hesaba almadan Baş
Plan hazırlayıb, onu reallaşdırmağın (əslində reallaşdırmamağın) heç bir faydası olmayacaq.
Şəhərdəki sıxlıq problemi də insanları yormaqda davam edəcək…
Hələliksə, “Bir Qalanın (Bakının) sirri” davam edir.
Bu dəfə “Bir planın sirri” şəklində…
Günay Elşən












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.