Azərbaycan Fransa vətəndaşını həbs edib: iki ölkə arasında nə baş verir? – 3 suala cavabda

11-01-2024, 11:28           
Azərbaycan Fransa vətəndaşını həbs edib: iki ölkə arasında nə baş verir? – 3 suala cavabda
Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi Parisin Fransa vətəndaşının Bakıda həbs olunması ilə bağlı bəyanatına eriraz edib.

Çərşənbə günü Azərbaycan XİN-nin sözçüsü Ayxan Hacızadə bildirib ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda həbs olunan Fransa vətəndaşı barədə bəyanatı "reallığın təhrif olunması, Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir".

Reutersin xəbərinə görə, ötən gün Fransanın Avropa və Xarici İşlər Nazirliyi Azərbaycanı Fransa vətəndaşını “özbaşına saxlamaqda“ ittiham edib və onun dərhal azadlığa buraxılmasını tələb edib.

Azərbaycan Fransa vərəndaşını casusluqda ittiham edir. Ayxan Hacızadə bildirib ki, onun barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“Biz onun ailəsi ilə sıx əlaqə saxlayırıq və Fransanın Bakıdakı səfirliyi konsulluq mühafizəsi çərçivəsində həmyerlimizə iki dəfə baş çəkə bilib”, - Fransanın Avropa və Xarici İşlər Nazirliyi Reuters-ə bildirib.

“Biz onunla dörd dəfə danışdıq, hər dəfə iki dəqiqə. O deyir ki, onunla yaxşı rəftar olunur və vəkili ilə yaxşı yola gedir”, – Azərbaycanda həbs olunan Fransa vətəndaşının atası Riçard Rayan AFP-yə deyib.

Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə bildirib ki, onlar bu şəxsin Fransa səfirliyinin iki əməkdaşı ilə "işbirliyini araşdırılması məqsədilə Fransanın Azərbaycandakı səfirliyinə verbal nota ünvanlasa da, səfirlik hər hansı bir izahat verməkdən və istintaqla əməkdaşlıqdan imtina edib".

O əlavə edib ki, bundan sonra bu məsələ ilə əlaqədar Fransa səfirliyinin Bakıdakı iki əməkdaşı Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan edilib.

Ötən ilin sonunda Azərbaycan Fransanın iki diplomatını arzu olunmaz şəxs elan edərək 48 saata ölkədən çıxmasını tələb etdikdən sonra, Fransa da cavab olaraq, Parisdəki iki azərbaycanlı diplomata qarşı eyni addımı atmışdı.

Bundan sonra, ötən il, dekabrın sonund keçirdiyi mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov demişdi ki, iki ölkə arasında münasibətlərin "mövcud durumu və vəziyyəti ən aşağı nöqtədədir".
1. İki ölkə bir-birinin diplomatlarını niyə “arzuolunmaz şəxs” elan edib?
Rəsmi Bakının fransız diplomatlarla bağlı dekabrın 26-da verdiyi qərarından bir neçə gün əvvəl Azərbaycanın hakimiyyətə yaxın mediasında "Fransanın Azərbaycandakı casus şəbəkəsinin ifşasını" iddia edən məqalələr dərc edilib.

Bu iddiaları şərh etmək istəməyən Ceyhun Bayramov cümə axşamı keçirdiyi mətbuat konfransında yalnız onu deyib ki, diplomatlarla bağlı qərar verilməzdən öncə Fransa səfirliyinə "onların iki əməkdaşı barədə Azərbaycan dövlət orqanlarında ciddi faktların" olması ilə bağlı nota veriblər.

“Yəni, bu məlumatların araşdırılması zəruriliyi bildirilmişdi. Belə bir araşdırmanın aparılması üçün onlar dəvət edilmişdi. Diplomatik immunitetə sahib olan şəxslərlə bağlı araşdırma aparılması üçün həmin dövlətin razılığı tələb olunur. Fransa, dedikləri kimi, əməkdaşlarının günahsızlığına əmin idisə, onlar bu araşdırmaya imkan yarada bilərdilər".

Ceyhun Bayramov bildirib ki, Azərbaycandan fərqli olaraq, Fransa “heç bir dəlil olmadan” iki azərbaycanlı diplomatı arzuolunmaz şəxs elan edib.

“Bir daha deyim ki, bizim atdığımız addımda sübut, dəlil və fakt var, onlarda isə bu, yoxdur”, - Bayramov qeyd edib.

Fransa Xarici İşlər Nazirliyi bəyanatında azərbaycanlı iki diplomatın arzuolunmaz şəxs adlandırmasını, sadəcə, rəsmi Bakının atdığı addıma “cavab tədbiri” kimi izah edib.

“Fransa Azərbaycandakı səfirliyinin iki əməkdaşının Azərbaycan tərəfindən persona-non-grata elan edilməsi ilə bağlı qərarını nəzərə alır. Rəsmi Paris Azərbaycan tərəfinin öz qərarına bəraət qazandırmaq məqsədilə irəli sürdüyü ittihamları qətiyyətlə rədd edir. Fransa cavab tədbiri kimi Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşını persona-non grata elan edib”, - Fransa XİN-in çərşənbə günü yaydığı məlumatda deyilir.

2. Azərbaycan Fransadan niyə narazıdır?
Azərbaycan son aylarda tez-tez Fransanı regionda “qərəzli və militarizasiya siyasəti yürütməkdə” tənqid edir.

Ceyhun Bayramov keçirdyi mətbuat konfransında Fransanı həm də "Azərbaycanofob və anti-Azərbaycan mövqedə" günahlandırıb.

BBC Azərbaycanca Fransa səfirliyinin rəsmi Bakının ittihamlarına münasibətini öyrənə bilməyib.

Rəsmi Bakının Fransadan narazılığı yeni deyil.

2022-ci ildə Fransa Prezidenti Emmanuel Makron France-2 telekanalına müsahibə zamanı Azərbaycana yönəlik bəzi iddialar səsləndirməsi rəsmi Bakını qəzəbləndirmişdi. O demişdi ki, “Moskva gərginliyi Azərbaycanın xeyrinə qızışdırmaqla" məşğuldur.

Azərbaycan Prezidenti İlham Əliyev fransalı həmkarının sözlərini “təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli" adlandırıb və bununla da Fransanın özünü Azərbaycan-Ermənistan arasında normallaşma prosesindən kənarda qoyduğunu bildirmişdi.

Rəsmi Bakı Fransanın “Cənubi Qafqazda regional sülh və sabitliyi ciddi şəkildə pozan, Avropa İttifaqının regionla bağlı ümumi siyasətini riskə atan qərəzli hərəkətləri”nə yol verdiyini və “hərbiləşdirmə siyasəti” apardığını əsas gətirərək İspaniyanın Qranada şəhərində əvvəldən planlaşdırılan “Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya” formatında nəzərdə tutulan beştərəfli görüşə qatılmaqdan imtina etmişdi.

Bu ilin oktyabrında Fransala Ermənistan arasında hərbi əməkdaşlığın imzalanması da rəsmi Bakını narazı salmış və rəsmi Parisin bu addımını regionda “destruktiv fəaliyyət” kimi qiymətləndirmişdi.

Fransa rəsmiləri isə Ermənistana verilən silahın müdafiə xarakterli olduğunu bildirmişdi.

3. İki ölkə arasında siyasi gərginlik hansı həddə qədər arta bilər?
Keçmiş diplomat Emin İbrahimov deyir ki, Azərbaycanla Fransa arasındakı münasibətlərdəki gərginlik Rusiya ilə Qərb arasında baş verən toqquşma fonunda yaşanır.

Onun fikrincə, nə qədər ki, Qərblə Rusiya arasında gərginlik artacaq və bu rəqabət kəskinləşəcək, "bir o qədər də Azərbaycan hökuməti Rusiyaya sığınmağa məcbur olacaq və eyni zamanda Qərblə münasibətlər bir o qədər korlanacaq".

“Azərbaycan hökuməti üçün anti-Qərb təbliğatını aparanda Qərb dövlətləri arasında hədəf seçmək üçün ən rahatı həmişə Fransa olub. Azərbaycan cəmiyyətində Fransanın ermənipərəst, neqativ bir imici var və Azərbaycan hökuməti də bütün bunlardan ümumilikdə Qərbi, Avro-Atlantik istiqaməti, demokratik xətti gözdən salmaq üçün sui-istifadə edir”, - Emin İbrahimov BBC Azərbaycancaya deyib.

Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov isə hesab edir ki, iki ölkə arasında münasibətlərin gərginləşməsində təşəbbüskar ölkə Fransadır.

Onun sözlərinə görə, Fransa son üç il ərzində üzv olduğu beynəlxalq təşkilatlarda bütün diplomatik səylərini “Azərbaycana qarşı təxribatların təşkilinə” yönəldib.

“İki ölkə arasında gərginliyin hansı həddə qədər yüksələcəyi Fransanın gələcəkdə hansı addımlar atmasından asılı olacaq”, - o deyir.

Ancaq Fərhad Məmmədov hesab edir ki, Fransa ilə yaşanan gərginlik iki ölkə arasındakı iqtisadi, ticarət və digər sahələrə təsir etməyəcək.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov cümə günü keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan heç vaxt Fransaya qarşı addım atmaq istəməyib, əksinə, həmişə münasibətlərin qorunmasının tərəfdarı olub.

O əlavə edib ki, Fransa Azərbaycan və Cənubi Qafqazla bağlı siyasətinə " ciddi şəkildə yenidən baxarsa və dəyişikliklər edərsə, onda hansısa rəylər və proqnozlar vermək mümkün olar".
BBC












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.