Nazirliyin 37 milyonluq tenderini “Paşa Holdinq”lə eyni ünvanda yerləşən şirkət uddu

18-01-2024, 11:34           
Nazirliyin 37 milyonluq tenderini “Paşa Holdinq”lə eyni ünvanda yerləşən şirkət uddu
Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti olub.

Yeniavaz.com xəbər verir ki, Səhiyyə Nazirliyi “Avromed Company” QSC-yə dərman vasitələri, reaktiv və reagent maddələr, tibbi sərf və tibbi ləvazimatların satın alınmasına görə 36 milyon 599 min 751 manat 10 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, 57 min manat nizamnamə kapitalı olan “Avromed Company” QSC-nin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur. Şirkət 20 dekabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb.

Hazırda QSC-nin hüquqi ünvanı ölkənin aparıcı holdinqlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda – Neftçilər pr. ev 153-də yerləşir.

Şirkətin qanuni təmsilçisi Kamran İskəndərov 2022-ci ilin fevral ayında şirkətə baş direktor təyin olunub.

Bundan əvvəl şirkətin direktoru Kamran Aqasi olub. Bu şəxs 2020-ci ilin mart ayının 10-dan etibarən “Avromed Company” QSC-yə rəhbərlik edib. Kamran Aqasi həm də ölkənin ən böyük holdinqlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda (Neftçilər pr. ev 153) qeydiyyatda olan “Agro Dairy” MMC-nin direktoru olub.

Qeyd edək ki, “Avromed Company” QSC-nin daha əvvəl millət vəkili Cavanşir Feyziyevə məxsus olduğu bildirilib. Qeyd olunur ki, Cavanşir Feyziyev 2016-cı ildə isə Avromed şirkətindəki səhmlərini satıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.