“Boşqablı nəhəng”in ölümü: Rusiyaya hələ belə zərbə dəyməmişdi...

18-01-2024, 12:34           
“Boşqablı nəhəng”in ölümü:
Ukrayna ordusu uçan radarı necə məhv edib?
A-50 təyyarəsinin məhvi və İl-22M təyyarəsinin vurulması Ukrayna ilə müharibədə Rusiya
aviasiyasının eyni anda baş verən ən böyük itkisi ola bilər. Rusiyanın belə təyyarələrlə bağlı
çatışmazlığı var, onlardan daha istehsal etmir. Bundan əlavə, A-50-nin göyərtəsində təcrübəli
mütəxəssislər ola bilərdi ki, onların da hazırlanması asan deyil.
A-50-nin məhv edilməsi barədə yanvarın 14-də əvvəlcə Ukrayna, sonra Rusiya blogerləri
yazmağa başladılar. Səhəri isə bunu USQ-nin baş komandanı Valeri Zalujnı rəsmən bildirdi.
Bu zaman ukraynalı sərkərdə öz xəbərində İl-22M-in də məhv edildiyini yazıb, amma sonradan
həmin təyyarənin Anapa hava limanında enməsindən sonrakı şəkli yayıldı.
İl-22M-in ciddi xəsarətlər almasına baxmayaraq eniş edə bilməsini USQ hava qüvvələrinin
spikeri Yuri İqnat da təsdiq edib.
Beləliklə, A-50-nin məhv edilməsi barədə informasiya rəsmi Ukrayna mənbələrindən və hərbi
aviasiyaya aidiyyatı olan rusiyalı şərhçilərdən qeyri-rəsmi daxil olur.

Rusiya Müdafiə Nazirliyi itkiləri həmişə etiraf etmir, edəndə də bir müddət sonra edir. Amma
ikinci təyyarənin fotoşəklinin internetdə tələsik yayılması faktı nəzərə alınsa, ehtimal etmək olar
ki, A-50-nin enişi ilə bağlı da sübutlar olsaydı, onlar da ictimailəşdirlərdi.
Kim atəş açıb?
Təyyarələrdən birinin məhv edilməsi, digərinin zədələnməsinin necə baş verdiyinin detalları tam
məlum deyil.
Rusiya sosial şəbəkələrində dolaşan bir versiyaya görə, İl-22M Krım körpüsünü qoruyan Rusiya
HHM qüvvələrinin atəşi ilə vurula bilərdi.
Lakin Valeri Zalujnı və USQ HQ-nin rəsmi teleqram kanalı baş verəni “Azovyanında xüsusi
əməliyyat” adlandırırlar.
Əgər bu doğrudursa və hər iki təyyarəni ukraynalılar vurubsa, yenə də vurulma üsulu
müəmmalıdır.
A-50
Yuri İqnatın sözlərinə görə, USQ-nin əsas hədəfi A-50 olub, İl-22M də onun “badına gedib”.
İkincinin məhv edilməməsinin səbəbi, ola bilər, budur.
Zalujnı həmin rayonda təyyarələrin uçuşunu göstərən animasiyalı xəritə paylaşıb. Xəritəyə görə,
təyyarələr Azov dənizinin şimal-qərb hissəsində, Primorsk yaxınlığında keşik çəkirmişlər.
“Suspilne”nin informasiyasına görə, İl-22M Xerson vilayətin Strelkovoye kəndi rayonunda, A-50
isə Zaporojye vilayətinin Kirillovka qəsəbəsi rayonunda olublar. Hər iki rayon Krım körpüsündən
təxminən 130-140 km, cəbhə xəttindən isə 160 km aralıdadır.
Rusiyanın S-400 kimi uzaq radiuslu ZRK-ləri körpüdən bu qədər uzaqdakı hədəfi vura bilərlər,
amma operatorların İl-22M-i, xüsusən də A-50-ni Ukrayna təyyarələri ilə səhv saldıqlarını güman
etmək çətindir.
Əgər hadisə həqiqətən də USQ-nin əməliyyatıdırsa, yenə də təyyarələrin vurulması üçün istifadə
olunan vasitə naməlum qalır.

Necə vurublar?
İki təyyarənin vurulması barədə informasiya ortaya çıxan kimi ukraynalı şərhçilərin müzakirə
etdikləri əsas versiya “Patriot” ZRK oldu.
USQ-nin ixtiyarında cəmi üç “Patriot” batareyası var. Amma indiyə qədər güman olunurdu ki,
Ukraynadakı komplekslər PAC-3 tipli raketlərdən istifadə edirlər, çünki onlar ballistik raketlərin, o
cümlədən “Kinjal”ın öhdəsindən daha yaxşı gəlirlər.
Amma bu raketlərin fəaliyyət radiusu cəmi 40, hündürlüyü isə 20 kilometrdir. PAC-2 raketləri isə
hava hədəflərini 25 km hündürlükdə və 160 km uzaqlıqda haqlaya bilir.
Digər xarici və ya sovet istehsalı olan yerüstü komplekslər belə məsafədən təyyarəni vura
bilməzlər, onların fəaliyyət uzaqlığı daha azdır.
Ancaq PAC-2 raketli “Patriot” ZRK üçün də belə məsafə, az qala, son həddir. Bunun üçün çox
qiymətli kompleksi cəbhə xəttinin lap yaxınlığında yerləşdirərək təhlükəyə atmaq lazım gələrdi.
Bəzi şərhçilərin səsləndirdikləri daha bir versiya isə USQ HQ-nin uzaq radiuslu raketlərə malik
qırıcılardan istifadə etməsidir. Amma ukraynalılarda olan MiQ-29 və Su-27 qırıcıları üçün belə
raketlər yoxdur, Amerikanın F-16-ı isə Ukraynaya hələ gəlib çıxmayıb.
Bundan əlavə, qırıcıların uçuşunu A-50-dən gizlətmək praktiki mümkün deyil, F-16-nın
siqnaturasını isə rusiyalılar yaxşı tanımalıdırlar: bu təyyarələr hətta Jukovskidəki aviasalona da
gəliblər. Əgər ukraynalılar bu qırıcıdan gizli istifadə etsəydilər, zərbədən sonra ya özləri, ya da
ruslar xəbər verərdilər.
İl-22M-in enişdən sonrakı fotoları Rusiya teleqram kanallarında yayılıb. Görmək olur ki, quyruq
hissəsində yetərincə böyük çoxsaylı dəliklər var. Onlar daha çox yerüstü kompleksin zenit
raketinin xəsarətinə bənzəyir. Aviasiya raketi, çox güman, bu cür xəsarətlər yetirə bilməzdi.
Taktika
USQ HQ-nin Rusiya təyyarələrini haqlamaq üçün hansı taktika işlətdiyi məlum deyil, amma uğura
səbəb ola biləcək məlum şərtlər məcmusu var.
USQ Krımda və Rusiyanın cənubundakı hava məkanında fəallığı izləyən NATO kəşfiyyat
təyyarələrinin informasiyasından yararlanır.

A-50 və ya İl-22M kimi təyyarələrin havaya qalxmasını müəyyənləşdirmək çətin deyil. Birincisi,
radar ekranlarında yaxşı görünən çox böyük təyyarələrdir. İkincisi, A-50 radardan – füzelyajın
üstündə yumru “boşqab” (“Şmel” radiotexniki kompleksi) – istifadə edir. Həmin radar
radiosiqnal mənbəyidir və uzaq məsafədən də yaxşı görünür.
Belə təyyarələr düşmən üçün çox mühüm hədəf olduqlarından cəbhə xəttinə yaxınlaşmırlar.
Amma hər iki təyyarədən, yəqin, yetərincə şablon şəkildə istifadə olunub. Yəni, ola bilər, eyni
marşrutla uçublar, eyni rayonlarda növbə çəkiblər.
İstisna deyil ki, həmin uçuşlar hansısa hadisələrlə – məsələn, Ukraynanı qanadlı raketlər və
dronlarla atəşə tutulması – əlaqəli keçirilib. Belə halda onlar Ukrayna HHM sistemlərinin
fəallığını izləyə bilərdilər.
Hərəkət şablonluğu düşmənə hava pusqusu qurmağa – müəyyən yerdə ZRK yerləşdirməyə və
ya qırıcılar göndərməyə – imkan verə bilər.
A-50 nə qədər önəmlidir?
İl-22M-in aldığı xəsarətlər çətin ki, ona yaxın vaxtlarda xidmətə qayıtmaq imkanı versin, hətta ola
bilər ki, xidmətdən silinsin.
A-50-nin taleyi məchul qalır, amma ehtimal ki, o da itiriləcək, çox güman, artıq məhv edilib. Əks
halda, onun da fotoşəkli Rusiya sosial şəbəkələrində yayılardı.
Bu, Rusiya HHQ üçün çox böyük itkidir, çünki belə təyyarələri çox deyil. Birincisi, bütün A-50-lər
deyil, yalnız A-50U səviyyəsinə qədər modernləşdirilənlər hərbi dəyərə malikdir. Təməl A-50-lər,
yəqin ki, hərbi əməliyyatlarda iştirak etmir.
Rusiyada uçuşa yararlı vəziyyətdə olan A-50U sayının 10-dan az olması təxmin edilir. Hərçənd,
açıq mənbələrdə bu haqda məlumat yoxdur. “Military Balance” bülleteninin 2022-ci il
məlumatına görə, müharibədən əvvəl Rusiyanın üç A-50 və altı A-50U təyyarəsi vardı.
Uçan radarlar həm havada, həm yerdə fəallığı izləyirlər və yerüstü lokatorlardan fərqli olaraq,
hündürlükdən daha çox “görürlər”. Bundan əlavə, müasir radarlar yerdəki hədəfləri maneələrdən
ayıraraq yaxşı fərqləndirir: “Şmel” kompleksi də məhz bu xüsusiyyətilə seçilir.
Ona görə də bu radarlar Rusiya hərbi komandanlığına Ukrayna HHM-nin – radarların, atəş
qurğularının yerləşməsini və iş sxemini öyrənmək imkanı verir. Onlar həm də Ukrayna
aviasiyasının uçuşlarını izləmək fürsəti yaradır: Azov dənizi üzərində A-50 olduğu zaman
Ukraynanın “Storm Shadow” raketli Su-24 təyyarələrinin uçuşu xeyli çətinləşir, bəlkə də qeyrimümkün olur.
A-50 eləcə də faktiki komanda məntəqəsi kimi çıxış edərək, hava döyüşünün idarə olunmasında
iştirak edir, hərbi təyyarələrin və helikopterlərin işini koordinasiya edir.
Belə təyyarə hava əməliyyatlarının komanda mərkəzi üçün hava məkanının dəqiq mənzərəsini
real vaxtda təmin edir ki, bunsuz döyüşü idarə etmək çox çətindir.
Rusiyalı hərbi ekspert İlya Kramnik 2022-ci ilin noyabrında özünün teleqram kanalında yazırdı ki,
onun hesablamalarına görə, Rusiya Hava-Kosmik Qüvvələrinin (HKQ) təxminən iyirmi A-50U
təyyarəsinə ehtiyacı var. Bu isə indi olduğundan üç dəfədən çox artıqdır – yanvarın 14-ə kimi
Rusiyanın altı belə təyyarəsi vardı.
Müharibə dövründə bir A-50 diversiya nəticəsində xəsarət aldı. Bu, 2023-cü il fevralın 26-da
Belarusun Maçulişşi hərbi aerodromunda baş verdi. Təyyarə təmir üçün Rusiyaya göndərildi.
Onun xəsarətləri və indiki vəziyyəti haqda heç nə məlum deyil.
İl-22 nə ilə məşğul idi?
Baş verən hadisədə İl-22M təyyarəsinin rolu tam aydın deyil. Ola bilər ki, HKQ zabitlərinin hərbi
aviasiyanı idarə etdikləri həmin komanda məntəqəsi olub.
Amma retranslyator kimi işləyərək siqnalı yerdəki qərargaha ötürə bilərdi, bu təyyarələrdən
retranslyator kimi də istifadə olunur. “Military Balance 2022” məlumatına görə, Ukrayna
müharibəsinə başlayarkən Rusiyanın 12 İl-22M və 10 İl-22 (daha köhnə modifikasiya) təyyarəsi
olub.
Onlardan biri 2023-cü ilin iyununda ÇVK “Vaqner” qiyamı zamanı vurulub. Daha biri hərbi
əməliyyatlar zamanı Ukrayna ZRK atəşi nəticəsində xəsarət alıb.
“Moskovski komsomolets” qəzetinin 2022-ci ilin oktyabrında yazdığına görə, Ukrayna HHM
atəşinə məruz qalan İl-22 xəsarət alsa da bazaya qayıda bilib. Onun sonrakı taleyi barədə
məlumat yoxdur.
Hazırladı: Yadigar Sadıqlı
Pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.