Adı siyahıda olmayan 1 milyon vətəndaş...

18-01-2024, 12:14           
Adı siyahıda olmayan 1 milyon vətəndaş...
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu barədə
Prezident İlham Əliyev 7 dekabr 2023-cü il tarixində sərəncam verib. Sərəncamdan bir gün
sonra Mərkəzi Seçki Komissiyası (MSK) Təqvimə uyğun olaraq seçici siyahılarının
dəqiqləşdiriləcəyini bildirib.
MSK sədri Məzahir Pənahov ötən ilin 20 dekabr tarixində açıqladığı məlumata görə, ölkədə 6
milyon 354 min 556 nəfər səsvermə hüququ olan vətəndaş var. MSK sədrinin müavini Rövzət
Qasımov isə bu il yanvarın 8-də jurnalistlərə müsahibəsində deyib ki, bu rəqəm əsas seçicilər
siyahısına daxil olanlardır. “Ümid edirəm ki, seçicilərin məlumatlarını yoxlanılması üçün təqdim
edilən imkanlar seçici sayının daha da artmasına imkan verəcək”, – Qasımov əlavə edib.
Azərbaycan Respublikası Konstitusiyasına görə, 18 yaşına çatmış Azərbaycan vətəndaşları
seçki hüququna malikdir.
2023-cü il sentyabr ayının 1-ə olan məlumata görə, Azərbaycan əhalisi 10 milyon 163 min 176
nəfər təşkil edib. Ötən ilin əvvəlinə olan statistik məlumata görə, ölkədə 17 yaşınadək olan
uşaqların sayı 2 milyon 634 min nəfərdir. Qeyd edək ki, Dövlət Statistika Komitəsi əhali qrupları
ilə bağlı hazırladığı statistik məlumatlarda 17 yaşa qədər olan uşaqların sayını açıqlayır. 17-18
yaşlarında olan gənclərin dəqiq sayı ilə bağlı rəqəmlər isə mövcud deyil.
Rəqəmlərdən görünür ki, ölkədə əhalinin ümumi sayı ilə müqayisədə seçici sayı azdır. Beləliklə,
əhalinin ümumi sayından ( 10 milyon 163 min 170) seçicilərin sayını (6 milyon 354 min 556
nəfər) çıxdıqda 3 milyon 808 min 614 nəfər qalır. Bu rəqəmdən isə uşaqların sayını çıxmaq
lazım gəlir: 3 milyon 808 min 614 – 2 milyon 634 min = 1 milyon 174 min 614 nəfər. Hər il orta
məktəbi bitirənlərin sayına (100 min civarında) əsaslanaraq ölkədə 17-18 yaş aralığında olan
gənclərin 100-120 min civarında olduğunu təxmin edə bilərik.
Bu rəqəmi də 1 milyon 174 mindən çıxsaq, ölkə vətəndaşlarından təxminən 1 milyon nəfərinin
adlarının seçici siyahısında olmadığı məlum olur. Bu, əhalinin 10-da birini, seçicilərin isə 6-da
birini təşkil etməklə kifayət qədər böyük rəqəmdir.
Ekspertlərə görə, əhali və seçici statistikasında belə kəskin fərqlərin yaranması son illərdə
ölkədə əhalinin urbanzasiyası ilə bağlıdır. Neft bumunun başladığı 2007-2008-ci ildən
başlayaraq əyalətlərdən paytaxta və ətraf qəsəbələrə yüz minlərlə insan köçüb. Onların bir çox
sayı 500 mindən artıq olan yeni tikilmiş sənədsiz evlərdə məskunlaşıb. Onlar kommunal
qurumların qeydiyyatında olsalar da seçici siyahılarına daxil edilməyib. Rəsmi qeydiyyat
ünvanını dəyişməyən vətəndaşların adları isə əvvəl yaşadıqları kənd və qəsəbələrin seçici
siyahılarında qalır.
Bundan başqa, ötən iki onillikdə Azərbaycanı on minlərlə insan tərk edərək, Rusiya, MDB ölkələri,
Türkiyə, Avropa və ABŞ-da məskunlaşıb. Onların adlarının seçici siyahısında qaldığı və ya
çıxarıldığı məlum deyil. MSK bu barədə təfsilatlı məlumat açıqlamır. Bir çox hallarda seçki
qurumu müvafiq yerli icra orqanlarının verdiyi məlumatlara əsaslanır ki, həmin informasiyalar
bəzən ilə yenilənmir. Bu, vətəndaşlarla yanaşı aidiyyatı dövlət qurumlarının məsuliyyətsizliyi və
biganəliyinin nəticəsidir.
“Hüquq və İnkişaf” Mərkəzinin rəhbəri, seçki sahəsi üzrə ekspert Hafiz Həsənov Pressklub.aza şərhində bildirib ki, seçicilərin sayı ölkə əhalisinin sayına uyğun müəyyən edilir:
“Seçki Məcəlləsinin 47.1-ci maddəsinə görə, aktiv seçki hüququna malik olan bütün
vətəndaşlar seçici siyahılarına daxil edilirlər. Məcəllənin 47.2.-ci maddəsinə görə, vətəndaşın
seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilməsi üçün həmin vətəndaşın yaşayış yeri və
ya olduğu yer üzrə qeydiyyatını aparan orqanın müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin
ərazisində daimi yaşaması (seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi
dərc edildiyi gündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması)
faktı əsas götürülür”.
H.Həsənovun sözlərinə görə, indiki mərhələdə seçici siyahılarında vətəndaşların yaşayış
yerlərini dəyişmələri üzrə dəyişikliklər ola bilər. “Bütün bunlarla belə, seçki komissiyaları hər il
seçici siyahılarının dəqiqləşdirmələrini aparmalıdırlar. İndiki halda, ölkə üzrə vahid seçici
siyahında hər hansı fərqlər yaranırsa, bu, seçici siyahılarının düzgün tərtib edilməməsi ilə
bağlıdır”, – ekspert əlavə edib.
Turqut
pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.