Katibə axtarılır: xarici dil bilgisi, ali təhsili, gözəl bədən quruluşu olsun...

13-02-2024, 08:24           
Katibə axtarılır: xarici dil bilgisi, ali təhsili, gözəl bədən quruluşu olsun...
İşəgötürənlərdən analoqsuz tələblər və ya qulluqçu iki əcnəbi dili niyə bilməlidir?

Ölkəmizdə iş tapmaq asan məsələ deyil. Bəzən insanlar aylarla axtarır və heç nə tapa bilmirlər. Vakansiyalarla bağlı yazılar sosial şəbəkələrdə ən populyar olanlar sırasındadır ki, bu, onların altında gedən müzakirələrdən də görünür.

İş axtaranlar və onu təklif edənlər çox vaxt barrikadaların əks tərəfində olurlar. Birinciləri tez-tez aşağı əmək haqqı, səkkiz saatdan çox iş günü və ümumiyyətlə işçilərə qarşı şişirdilmiş tələblər qəzəbləndirir.

Bir çox ölkələrdə işə qəbulla bağlı müsahibə zamanı “etimadnamələrə” deyil, bilik və bacarıqlara diqqət artırılır. Ölkəmizdə hətta ixtisassız işçilərdən çox vaxt bir neçə dil bilməsi və universitet diplomuna sahib olması gözlənilir.

Hətta, bəzən uşaqlar üçün təmizlik işçiləri və dayələr də meyarlara görə seçilir. Amma döşəmələri yumaq və ya uşağın bezini, paltarını dəyişdirmək üçün bu və ya digər elmlər üzrə dərin biliyə ehtiyacı yoxdur

Bu yaxınlarda sosial şəbəkədəki qrupların birində zəng mərkəzi və qəbulda operator vakansiyası elanı çıxdı. Tələblərin əksəriyyəti (məsələn, ən azı iki dil - Azərbaycan və rus dilləri, daha yaxşısı isə ingilis dili, kompüter bilikləri, xoşxasiyyətli və s.) başadüşüləndir. Amma çoxlarını təəccübləndirən o oldu ki, namizədlərin mütləq ali təhsili olmalıdır.

Həqiqətən də belə bir sual yaranır: doğrudanmı telefonlara cavab vermək və ya qonaqları salamlamaqla üçün ömrünün dörd-altı ilini sərf edərək, ali təhsil müəssisəsini bitirməlisən?

Prosesdə məlum oldu ki, namizədlərə də yaş məhdudiyyəti tətbiq olunacaq, deyirlər, indi hər yerdə belədir. Və yenə də, görəsən, doğrudanmı, deyək ki, 35-40 yaşdan sonra, bəzi işəgötürənlərin fikrincə, insan ünsiyyət bacarıqlarını itirir və bu cür fəaliyyətlərə yararsız olur?

Tez-tez fərqli bir növ şişirdilmiş gözləntilər var. Belə ki, bir tələb üçün, bir qayda olaraq, xüsusilə yüksək əmək haqqı deyil, bir işçidən iki, hətta üç fərqli işçinin funksiyalarını yerinə yetirmək tələb edilir.

İşəgötürən, təbii ki, qanuna zidd olmayan istənilən tələbləri müəyyən edə bilər. Amma işə ehtiyacı olanların çoxluğunu bildiyi üçün belə tələblər edilir. Əhalinin işə ehtiyacı əmək bazarındakı təkliflərin sayından xeyli çoxdur.

Söhbətləşdiyimiz paytaxt sakini də iş tapmaqla bağlı çətinlik çəkir: “Və mən CV-mi hər yerə göndərdim, elanlar vasitəsilə zəng etdim, amma heç bir nəticə olmadı. Ali təhsilliyəm, doğma Azərbaycan dilindən əlavə rus dilini mükəmməl bilirəm, amma ixtisasım üzrə heç nə tapa bilmirəm. Daha doğrusu, mənə bir-iki dəfə iş təklif etdilər, amma cüzi maaşa. Mən onsuz da ixtisasımdan kənar işlə məşğul olmağa razıyam, təki normal maaş versinlər”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri, hüquqşünas Sahib Məmmədov mövzuya dair AYNA-ya deyib ki, vətəndaşların ixtisas tələb olunmayan peşələrə olan tələbləri artır: “Xarici dil bilməyin məcburi olduğu ofislərdə, bir sıra hallarda hətta təmizlikçi xanımdan da, ən azı, baza səviyyəsində dil bilgisi tələb olunur”.

Öz növbəsində, Dövlət Məşğulluq Xidmətinin əmək bazarının təhlili şöbəsinin müdiri Elman Sadıqov hesab edir ki, belə faktların yaranmasının səbəbi daha çox işsizlərin və yaxşı maaşla iş tapmaq istəyənlərin çoxluğudur.

“Xidmət-iş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılovun sözlərinə görə, hazırda şirkətlər əcnəbilərlə əməkdaşlıq halında olduğu üçün, köməkçi peşəsindən belə, xarici dil bilmək tələb oluna bilər: “Bu, indiki halda normal tələbdir. Belə bir iş həm də kompüter biliklərini tələb edir. Bu, dövrün tələbidir. Əvvəllər katibə yalnız çay süzür və zənglərə cavab verirdisə, indi o da e-poçt göndərir və qəbul edir və sair”.

“Amma bəlli deyil ki, niyə belə vəzifələrə ali təhsilli adam axtarmaq lazımdır. Bu, artıq həddindən artıq tələbdir. İnsan ömrünün illərini universitetdə oxumağa sərf edirsə, istərdim ki, aldığı bilikləri praktikada tətbiq etsin, ofisə gələn qonaqlara çay tökməsin”, - deyə AYNA həmsöhbəti bildirib.

İsmayılovun qeyd etdiyi kimi, məişət reallıqları elədir ki, bu və ya digər vakansiya üçün adətən yaxın ətraflarından adam axtarırlar, tapa bilmirlərsə, kənardan kimisə axtarmağa başlayırlar: “Sonra onlar müsabiqə elan edə və ərizəçiyə həddən artıq tələblər qoya bilərlər, xüsusən də bu günün standartlarına uyğun yaxşı təklif etdiklərini bilirlərsə. Əmək bazarı da sürətlə dəyişir, işəgötürənlərin şıltaqlıqları da. Və onların gözləntiləri çox vaxt peşəkar bacarıqlarla məhdudlaşmır. Bəziləri üçün işçinin gözəl bədən quruluşu, gənc yaşı, cəlbedici görünüşü və üstəlik, problemsiz olması vacibdir”.

“Bəli, tez-tez işəgötürənin həddindən artıq tələbləri, hətta qanunu pozan tələbləri olur, lakin bu işlə qəbuldan imtina etməkdən başqa bir şey etmək mümkün deyil. Əgər Əmək Müfəttişliyi üzrlü səbəblər olmadan iş şəraitini yoxlaya bilmirsə, işə qəbul prosedurları barədə nə deyə bilərik?!”, - deyə ekspert vurğulayıb.

Müəllif: Elya Belskaya
ayna.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.