Əliyevlə Paşinyanın 2024-cü ildə ilk görüşü: İrəvanın düşüncəli məmurlara ehtiyacı var - TƏHLİL

18-02-2024, 12:44           
Əliyevlə Paşinyanın 2024-cü ildə ilk görüşü: İrəvanın düşüncəli məmurlara ehtiyacı var - TƏHLİL
60-cı Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü baş tutub.
Görüş Almaniya Kansleri Olaf Şoltsun təşəbbüsü ilə gerçəkləşib. Hərçənd ki, bu görüşdə cənab Şolts vasitəçi kimi deyil, sadəcə, Münhen Təhlükəsizlik Konfransının ev sahibi kimi Azərbaycan-Ermənistan liderlərinin müzakirəsinin təşkilatçısı olub.
Üçtərəfli müzakirələrdən sonra Əliyevlə Paşinyanın ikitərəfli görüşünün keçirilməsi həmin məqamı aydın izah edir.
Əliyevlə Paşinyanın görüşünə gəlincə, bu, İlham Əliyevin “moderatorsuz ikitərəfli format” təklif və tələbi ilə üst-üstə düşür.
Azərbaycanın yüksəksəviyyəli regional profili və beynəlxalq münasibətlər sistemindəki yeri Münhendəki ali səviyyəli danışıqların Azərbaycan üçün unikal fürsət təqdim edəcəyi ehtimalını artırır.
Lakin liderlərin vasitəçisiz görüşündə Azərbaycan-Ermənistan sülh gündəliyi üzrə geniş ölçüdə razılığa gəlinməsi qənaətini hasil etmək bir qədər erkəndir.
Çünki bundan sonra Ermənistanın hansı siyasi tutum göstərəcəyi və sülh platformasından yayınıb-yayınmaması mövqeyini izləmək lazımdır.
Azərbaycan isə Ermənistanla münasibətlər mərhələsini dünyanın və regionun aktual çağırışları fonunda qiymətləndirəcək. Bu dəyərləndirmədə Ermənistanın taleyi onun tutacağı mövqedən asılı olacaq.
İndi Ermənistan özünün hakimiyyət kabinetlərində Azərbaycanla əlaqədar yüksəksəviyyəli qərar qəbul edən düşüncəli, konstruktiv məmurların sözünə baxmalıdır. Bu, İlham Əliyevin Ermənistandan Konstitusiyasını dəyişdirmək tələbi ilə daha da aktuallaşır.
Çünki planetar miqyasda artan geosiyasi gərginlik və iqtisadi qeyri-müəyyənliklər fonunda Ermənistanın seçim etmək imkanları yoxdur.
Azərbaycan isə gündəliyindəki mütləq faydalara diqqət yetirir ki, Münhen Təhlükəsizlik Konfransı bunun gələcək layihələndirilməsi baxımından Bakıya manevr imkanları təqdim edir.
Ona görə də Əliyevlə Paşinyanın Münhendəki görüşü:
- Ermənistanın xeyrinə regional nizamı dəyişmək istəyənlərə qarşı Bakının mövqeyini daha da gücləndirir,
- Azərbaycanın getdikcə genişlənən strateji vizyonu fonunda İrəvanla münasibətlərin dinamikasının basqı, yoxsa qarşılıqlı anlaşma yolu ilə müəyyənləşdirilməsini nümayiş etdirəcək,
- Regional təhlükəsizlik nizamında Qərb platformalarının Azərbaycanın Zəngəzur dəhlizi layihəsinə dəstəyini artıra bilər.
Aqşin Kərimov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.