Banklar üçün daha bir qazanc mənbəyi açıldı: İstiqraz satacaqlar - MƏRKƏZİ BANKDAN «YAŞIL İŞIQ»

19-02-2024, 12:18           
Banklar üçün daha bir qazanc mənbəyi açıldı: İstiqraz satacaqlar -
Azərbaycanda maliyyə sisteminin bütün iştirakçılarına, xüsusilə də bank və investisiya şirkətlərinə təsir edəcək mühüm yenilik baş verib – banklar qiymətli kağızlar bazarına buraxılıb.

FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə banklarının investisiya xidmətlərinə göstərməsinə «yaşıl işıq» yandırıb. Ölkənin maliyyə bazarlarının bütün seqmentlərinin yeganə tənzimləyicisi Mərkəzi Bankın idarə heyətinin qəbul etdiyi və baş bankir Taleh Kazımovun təsdiqlədiyi qərara əsasən «İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası»na dəyişikliklər edilib.

Mərkəzi Bank bu qaydaları 2021-ci ilin 31 avqustunda təsdiqləmişdi, indi isə qaydalara dəyişiklik edilib, yeniliyin əsas mənası bu bazara bankların da buraxılmasıdır. Qaydalara əsasən bundan sonra ölkə bankları da investisiya xidmətləri göstərə biləcək.

Yeni qərardan sonra investisiya şirkətəri üçün də yeni dövr başlayır – Mərkəzi Bankda hesab edirlər ki, investiiya şirkətləri broker xidmətləri ilə kifayətlənməməli, öz mandatlarına uyğun olaraq investorlara və potensial emitentlərə yeni xidmətlər təklif etməlidirlər.

Qaydalara edilən dəyişikliyə əsasən artıq bu sənəd təkcə investisiya şirkətlərinin deyil, həm də bankların göstərdiyi investisiya xidmətlərini tənzimləyəcək. Yeri gəlmişkən, investisiya xidməti göstərmək imkanı təkcə yerli banklara deyil, xarici bankların yerli filiallarına da yaradılıb.

Qərarda yazılıb ki, ölkədəki banklar «Banklar haqqında» Qanunun tələbləri gözlənilmək şərtilə yalnız Azərbaycan ərazisində ticarətə buraxılmış qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə xidmət göstərə bilərlər. Bu zaman «Qiymətli kağızlar haqqında» qanunun 30.3.1 və 30.4.1-ci maddələrinin tələblərinə əməl olunmalıdır.

Yəni banklar yalnız bu maddələrdə nəzərdə tutulan investisiya xidmətlərini (əməliyyatları) həyata keçirməlidirlər.

Bunlar – (1) qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi; (2) qiymətli kağızların hesabının idarə edilməsi, o cümlədən qiymətli kağızların və törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi, mərkəzi depozitarın üzvü qismində müştərinin qiymətli kağızlarının saxlanmasıdır.

Qaydalara edilən dəyişikliklərdə banklar tərəfindən investisiya xidmətlərinin həyata keçirilməsi üçün tələblər də müəyyən edilib. Bu tələblərə əsasən banklarda investisiya xidmətləri yalnız bu xidmətlərin göstərilməsi məqsədilə yaradılmış struktur bölmə vasitəsilə həyata keçirilməlidir. Bu bölmə - departament, şöbə, bölmə və s. ola bilər.

Eyni zamanda banklarda investisiya xidmətlərini göstərən əməkdaşlar ixtisas şəhadətnaməsinə, müvafiq struktur bölmənin rəhbəri isə investisiya xidmətləri sahəsində minimum 2 illik iş təcrübəyə malik olmalıdırlar. Bankdan başqa, banklar müştərilərə investisiya xidmətlərinin göstərilməsi üçün müvafiq strategiyaya, risklərin idarəedilməsi qaydasına və rəqəmsal texnologiyalara malik olmalıdırlar.

Qaydalara edilən daha bir maraqlı yenilik – investorların məlumatlandırılması ilə bağlıdır. Məsələn, sənədə yeni əlavə edilən 6.4-cü bəndə əsasən anderrayter şirkət (adətən bunlar investisiya şirkətləri olur – FED.az) yerləşdirilməsi nəzərdə tutulan qiymətli kağızlar üzrə mövcud və ya əmələ gələ biləcək risklər barədə təhlil aparılır və bu barədə investorlara yazılı məlumat verir.

Tələblərə əsasən investisiya şirkətləri müştərilərə kredit xidməti göstərəndə onlarla hökmün müqavilə bağlamalıdırlar. «Müqavilə aydın və oxunaqlı olmalıdır. İnvestisiya şirkəti müştərinin tələbi ilə elektron formada bağlanmış müqavilənin surətini ödənişsiz olaraq kağız daşıyıcıda təqdim etməlidir»-deyə qaydalarda bildirilir.

Digər mühüm yenilik, investisiya xidməti ilə bağlı müqavilələrin və razılıqların elektron varianta keçməsidir. Məsələn, yeniliklərə əsasən, qiymətli kağızların hesabının idarə edilməsi, o cümlədən qiymətli kağızların və törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi, mərkəzi depozitarın üzvü qismində müştərinin qiymətli kağızlarının saxlanması üçün müştərinin həm kağız daşıyıcı, həm elektron razılığı qəbul ediləcək.

Digər yenilik müştəri ilə elektron müqavilənin bağlanması imkanının yaradılmasıdır. Yəni bu işlər internetlə həll olunacaq.

Qeyd edək ki, bankların kapital bazarlarına buraxılacağını Mərkəzi Bank bir neçə ay əvvəl, hələ 2023-cü ildə açıqlamışdı. FED.az xəbər verir ki, burada əsas şərt bankların ilk nöbvbədə əhaliyə xidmət göstərilməsmi, özü də bunun rəqəmsal kanallar vasitəsilə edilməsi idi.

AMB-dan FED.az-a bildirilib ki, bankların kapital bazarlarına buraxılmasının əsas səbəblərindən biri onların regionlarda geniş bank filialı şəbəkəsinə malik olmalarıdır. Əsasən Bakıda fəaliyyət göstərən investisiya şirkətlərindən fərqli olaraq banklar daha geniş şəbəkəyə malikdirlər və kifayət qədər böyük sayda müştəriləri var. Başqa sözlə, sonuncu dəyişikliklər vasitəsilə region əhalisinin kapita bazarına çıxışı asanlaşacaq.

İnvestisiya şirkətləri vasitəsilə bunu etmək üçün isə müştəri Bakıya gəlməli, investisiya şirkəti ilə müqavilə bağlamalı idi. İndi isə istənilən region sakini məsələn, Azərbaycan Beynəlxalq Bankın regiondakı filialına yaxınlaşaraq və ya mobil tətbiqinə müraciət edərək istiqraz ala bilər.

Başqa sözlə, ilkin addım olaraq banklar investiiya şirkətlərinin brokerləri kimi, fiziki şəxslərə xidmət göstərməyə başlayacaqlar. Gələcəkdə bu sahədə daha aktiv olan bankların özlərinə investisiya xidməti göstərməyə icazə verilə bilər.

Məqsəd odur ki, investisiya şirtələri daha çox aktivlərin idarə olunmasına və müəssisələrlə işə, daha mürəkkəb məhsullara fokuslansınlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.