Münhen Təhlükəsizlik Konfransı və Cənubi Qafqaz: Azərbaycanın planlaşdırdığı prioritetlər - TƏHLİL
20-02-2024, 10:24
60-cı Münhen Təhlükəsizlik Konfransı artan geosiyasi qarşıdurmaların bəşəri müharibəyə çevrilmək risklərinin çoxaldığı zamanda baş tutdu.
Bu qarşıdurmanın bir tərəfində kollektiv Qərb, digər bucağında onunla mübarizəni “müqəddəsləşdirən” Rusiya, üçüncü bucaqda isə alternativ güc olan Çin qərarlaşır.
Beynəlxalq aktorlar qlobal nizamda mütləq faydalar və qazanclar əldə etmək uğrundakı rəqabətini bir kodeksə kökləyir:
- Strateji resurslara çıxışlarda özlərinin hegemonluqlarını təmin etmək,
- Əldə edilən sərvətlərin başqa dövlətlər arasında qeyri-bərabər paylanılmasına nail olmaq.
Bu amil planetar və regional oyunçuların öz uğurlarını başqalarının zəif cəhətlərinə nisbətdə müəyyənləşdirdikcə təhlükəsizlik arenası daha da bulanıqlaşır.
Azərbaycan dünya miqyasında və regional orbitlərdə belə bulanıq mənzərədə Münhen Təhlükəsizlik Konfransında iştirak etdi.
Prezident İlham Əliyevin işğal və separatizm üzərində qələbə qazanan dövlətin başçısı kimi Konfransdakı iştirakı nəticə etibarı ilə gərginlikləri körükləyən pis dövrlərin qapanmasını simvollaşdırır.
Çünki Azərbaycanın qalibiyyəti fonunda geosiyasi kartlarının ağırlığı regionda ambisiyalı gündəliyin qırılma dinamikasını şərtləndirir.
Azərbaycan bununla Cənubi Qafqazda gizli prioritetlərə malik olan oyunçuların məxfi seyflərini açmaq bacarığına yiyələnir.
Buna şübhə yoxdur ki, Azərbaycanın strateji müttəfiqi Türkiyə və təhlükəsizlik üzrə tərəfdaşlıq etdiyi oyunçular Bakını yeri gələndə ən lazımlı məlumatlarla təmin edirlər.
Azərbaycan burada Cənubi Qafqaz dövlətlərinin tutumunu da diqqətlə izləyir və başa düşür ki:
- Gürcüstan Qərblə Rusiya arasında çətin tarazlıq aktı ilə üzləşir və bu balansı təhlükəsizlik cəhətdən təmin edə bilir,
- Ermənistan Qərblə genişmiqyaslı əməkdaşlığını geosiyasi rəqabəti dərinləşdirən əsaslara söykəyir.
Ermənistanın məqsədləri Azərbaycana qarşı fayda əldə edən imkanlar qazanmaqdır. Çünki Ermənistanın Qərblə dərinləşən, Rusiya ilə sövdələşməyə can atan və nəticədə geosiyasi qütbləşməyə mənfi təsir edən prioritetləri getdikcə təhlükəli vəziyyət alır.
Ona görə də Azərbaycan sülh proqramını müdafiə və çəkindirmə aktlarına sərmayə qoymaqla inkişaf etdirir ki, bu da Münhen Təhlükəsizlik Konfransından Cənubi Qafqaz səhnəsinə hansı işıqla baxıldığını aydınlaşdırır.
Ermənistanın Münhen Təhlükəsizlik Konfransında güclü tərəfdaşlıq qurmaq səylərinin boşa çıxdığını Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasındakı birincinin aşkar xeyrinə olan kəskin fərq də göstərir.
İlham Əliyev Nikol Paşinyanla Münhen Təhlükəsizlik Konfransındakı görüşə həmin aşkar üstünlüklə getdi və böyük ehtimal ki, İrəvanı növbəti güzəştlərə məcburetmə aktı ilə danışıqlarda çıxış etdi.
Ermənistanın sülh proqramı üzrə “islahatı” növbəti məcburiyyətlərdən gələn öhdəlikləri necə yerinə-yetirməməsindən asılıdır, Bakı isə özü üçün münbit geosiyasi şərtləri əldən buraxmaq niyyətində deyil.
İndi demək olar ki, Münhen Təhlükəsizlik Konfransının Cənubi Qafqaz teatrındakı əks-sədası Azərbaycanın sülh proqramı üzrə risk qavrayışlarını araşdıran “beynini” itiləşdirəcək.
Bu “zehin”:
- Azərbaycanla Ermənistanın cari münasibətlərini və onun regional təhlükəsizlik məsələlərini yeni rənglərlə araşdıracaq,
- Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı Bakının üstünlük verdiyi xəritələrin aktuallığını qoruyub saxlayacaq,
- Regionda maraqları kəsişən güclərin təhlükəsizlik qiymətləndirilmələrinin aparılmasına yardımçı olacaq,
- Bakının sonrakı addımları bu təhlillərin nəticələri ilə mütənasiblik təşkil edəcək.
Aqşin Kərimov
TEREF