İran yaxın Şərqdə odla oynayır
20-02-2024, 11:34
Tehran rejimi “müqavimət”i Avropaya daşımağa çalışır
İran hakimiyyəti HƏMAS-İsrail müharibəsini bütün Yaxın Şərq coğrafiyasına yaymağa səy göstərir. Livanda “Hizbullah”dan, İraqda “Həşdi-Şəbi”dən, Suriyada Bəşşar Əsədin silahlı qüvvələri və “Zeynəbiyyun”dan, Yəməndə husi qiyamçılarından istifadə edərək, müharibənin ərəb ölkələrini əhatə etməsinə, habelə körfəz ərəb dövlətlərinin də İsrailə qarşı müharibəyə başlamasına nail olmağa çalışır. İraq, Suriya və İordaniyada ABŞ-nin hərbi bazalarına hücumlar təşkil etməklə, Ağ evin regiondakı rolunu azaltmağa cəhd edir, bununla həm də tərəfdarlarına hədəfi göstərir.
Suriyadakı rejimin başçısı Bəşşar Əsəd İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Dəməşqdəki görüşdən sonra bildirib ki, Tehran regional məsələlər barədə danışmaqla kifayətlənmir, həm də konkret fəaliyyət göstərir. Bu açıqlama yuxarıda dediklərimizi bir daha təsdiq edir. İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) “Qüds” qoşununun bölgədə əməllərinə dair yayılan xəbərləri xatırlamağa dəyər. Məsələn, 2020-ci ilin yanvarında SEPAH komandanı general Qasem Süleymaninin öldürülməsini yada salmaq olar. Bu ilin əvvəlində isə İsrailin Dəməşqə raket hücumu nəticəsində SEPAH-ın Qüds qoşununun generalı və daha 4 zabiti ölüb.
Məlumata görə, təxminən bir ay əvvəl İsrailin Dəməşqə hava zərbələri nəticəsində İran İslam İnqilab Keşikçiləri Korpusunun briqada generalı Razi Musəvi də ölmüşdü. O, general Qasım Süleymaninin ən yaxın adamı sayılırdı.
Bu kimi faktlar və İran rəsmilərinin açıqlamaları Bəşşar Əsədin Tehranın regionda fəaliyyəti barədə dediklərinin əsassız olmadığını göstərir.
“Qüds” qoşunu SEPAH-ın xarici ölkələrdə kəşfiyyatla məşğul olan qoludur. Bu qurum İran inqilabının “ideyalarını” yayan, əslində isə Tehran hakimiyyətinin mənafeyinə dair məsələlərə, hədəflərə qulluq edənləri “təşkilatlandıran” hərbi-ideoloji-kəşfiyyat maşınıdır.
Mövcud olduğu ölkələrdən başqa, SEPAH əli çatmayan müsəlman dövlətləri üçün də “təşkilatlar hazırlayır”. Bunlar perspektivdə həmin ölkələrdə “islam müqavimət hərəkatı” adı altında “Hizbullah” tipli təşkilatlara çevriləcək.
Yaxın Şərq bir yana, Tehran hakimiyyəti HƏMAS-İsrail qarşıdurmasının nəticələrini, husilərin, “Hizbullah”ın törətdiyi oxşar “müqavimət” davranışını Avropaya daşımağa səy göstərir. O, bu qitədə qarışıqlıq yaratmaq üçün əvvəllər də müxtəlif addımlar atıb.
2018-ci il iyunun 30-da Fransanın hüquq-mühafizə orqanları Parisin İl-de-Frans regionunda İrandakı hakimiyyətə müxalifətdə olan Xalq Mücahidləri Təşkilatının nümayəndələrinin görüşdüyü yerə hücum etməyi planlaşdıran üç şübhəlini tutmuşdu.
Həmin gün Belçikada İran əsilli iki nəfər terror planlaşdırmaqda şübhəli bilindikləri üçün həbs olunmuşdu. Onlardan 500 qram aseton-peroksid (tri-siklo-aseton-peroksid) müsadirə edildiyinə dair xəbər yayılmışdı. 46 yaşlı iranlı diplomat Əsədullah Əsədi də bu aksiyanın təşkilində ittiham olunurdu. Almaniya məhkəməsi onun 20 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarmışdı.
Ötən il Omanın vasitəçiliyi ilə İran və Belçika iki məhbusu mübadilə edib. Mübadilə olunan belçikalı Olivie Vandelastil 2022-ci ilin fevralında İranının təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmuş, casusluq ittihamı ilə 40 il həbs cəzasına məhkum edilmişdi. 42 yaşlı belçikalı İranda humanitar sahədə işləyirmiş.
Yeri gəlmişkən, iranlı diplomatlar terror aksiyasının təşkilində ilk dəfə deyil ittiham olunublar. 1994-cü il iyulun 18-də Buenos-Ayresdə Yəhudi Mədəniyyət Mərkəzinin yerləşdiyi 7 mərtəbəli binanın qarşısında avtomobilin partladılması nəticəsində 85 nəfər ölmüş, 300 nəfər yaralanmışdı.
1992-ci ildə isə İsrailin bu şəhərdəki səfirliyinin binası yaxınlığındakı partlayışda 29 nəfər həlak olmuşdu. Argentina bu terrorun törədilməsində İran rəsmilərini ittiham etmişdi.
Ötən il Argentina Federal Məhkəməsinin hakimi Rodolfo Korral bildirmişdi ki, İranın ali rəhbəri, ayətullah Seyid Əli Xaməneinin beynəlxalq məsələlər üzrə müşaviri, sabiq xarici işlər naziri Əliəkbər Vilayəti Yəhudi Mədəniyyət Mərkəzindəki terror aktının təşkilatçılarından biri olmaqda şübhəli bilinir.
Londonda çıxan “Daily Mail” qəzeti İsrail rəsmilərinə istinadən yazıb ki, SEPAH (Qüds qolu) İran və İraqdan krallığa mühacirət və ya səyahət etmiş müsəlmanları Tehran hakimiyyətinə müxalifət olanlar və yəhudilərlə bağlı casusluq etməyə sövq edib. Məlumata görə, SEPAH-ın İran və İraqdakı qüvvələri “İmamın 40-ı” ilə bağlı yürüş zamanı Britaniyada yaşayan şiələrlə əlaqə qurub, onlara xüsusi təlimatlar veriblər.
Məlumata görə, Britaniya universitetlərində İran hakimiyyətinin təqaüdü ilə təhsil alanlar və ölkə ilə əlaqəsi olan bir sıra iranlıların casusluq etməsi mümkündür.
Casus ovlamaq, şəbəkə yaratmaq Tehranın çoxdankı şakəridir. Ona görə də ölkədə müxalif olanları, etirazçıları xarici qüvvələrə bağlayır. Ötən ayın sonunda İranda təxribat planlaşdırmaqda, İsrail kəşfiyyatı, “Mossad” ilə əlaqədə ittiham olunan dörd nəfər edam edilib. Onlar 2022-ci ildə İsfahan şəhərinin mərkəzində İran Müdafiə Nazirliyinə məxsus raket və müdafiə avadanlığı istehsal edən zavoda hücum planlaşdırmaqda təqsirli biliniblər.
Odur ki, İran hakimiyyəti hər yerdə İsrail, ABŞ, Azərbaycan, Türkiyə, Britaniya “barmağı” axtarır. Özündən xoflu olan Tehran hamını düşmən gözündə görür. Dostu olmadığından hər yeri od vurub yandırmağa hazır görünür. Ona görə də Yaxın Şərqdə dəstəklədiyi qüvvələrlə birlikdə alovlandırdığı tonqalın odunu, qorasını hər yerə daşıyır.
Sədrəddin Soltan
pressklub