İrəvandan Bakıya qarşı ŞOK təxribat - Müharibə ilə bağlı...

20-02-2024, 11:02           
İrəvandan Bakıya qarşı ŞOK təxribat - Müharibə ilə bağlı...
Mifik “artsax” tarixin zibilliyinə atılsa da, erməni separatçı-revanşistlər kapitulyant ölkədə vaxtaşırı baş qaldırmağa çalışırlar. Bu da növbəti fakt - “Joxovurd” qəzetinin məlumatına görə, uydurma “artsax parlamenti”nin “deputatları” yaxın vaxtlarda “iclas” çağırmaq niyyətindədirlər. İddia olunur ki, artıq konsensus da əldə olunub və “tədbirin” vaxtı ilə bağlı müzakirələr aparılır.

“Bizə çatan məlumatlara görə, gündəlikdəki əsas məsələ, fevralın 2-də yazdığımız kimi, "parlamentin istintaq komissiyası"nın yaradılması məsələsi olacaq. 2023-cü ilin mart ayından “artsax” sakinlərinin maaşlarından tutulan məbləğlərin yığılan pensiya fonduna köçürülmədiyini, bəzi naməlum xərclərə yönəldildiyini yazmışdıq. Bununla əlaqədar deputatlar “vətəndaşlar”ın əmanətlərinin nəyə sərf edildiyini və buna görə kimin cavabdeh olduğunu öyrənmək üçün təhqiqat komissiyası yaratmaq niyyətindədirlər", - qəzet yazıb.

Aydındır ki, motivindən asılı olmayaraq, belə bir “iclas” baş tutarsa, 19 sentyabr antiterror tədbirlərindən sonra ilk dəfə olacaq və sözsüz ki, separatçı ünsürlərin Azərbaycana qarşı açıq təxribatı sayılacaq. Eyni zamanda bu avantüraya mane olmayan Nikol Paşinyan iqtidarına konkret sual yaradacaq. Bəs hakimiyyət təxribata imkan yaradacaqmı? Şübhə yox ki, məsələdə hər hansı loyallıq ən əvvəl Paşinyan hökumətinin Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədiyinin növbəti təsdiqi olacaq. Yəni ərazi bütövlüyü ilə bağlı davam edən “ikili oyun”. Xatırladaq ki, İrəvan rəsmiləri Ermənistanda mifik “artsax” institutlarının saxlanmasının ölkənin milli təhlükəsizliyinə təhlükə olduğu barədə dəfələrlə açıqlamalar verib.

Spiker Alen Simonyan açıq surətdə qeyd edib ki, Ermənistan ərazisində dövlətə aid olmayan strukturlar fəaliyyət gösətər bilməz. Habelə, baş nazir Nikol Paşinyan da bu tezisi inkişaf etdirir. Ümumiyyətlə, gerb, himn dəyişikliyinin zərurəti, qanunvericilikdə ərazi iddialarının qaldırılması müzakirə mövzusudur. Separatçıların hərəkətlənməsi isə rəsmi İrəvanın bəyanatlarına daban-dabana ziddir. O zaman separatçıların plan və proqramı nədən ibarətdir? Bu cür toplantılar hansı məkrli niyyətdən və hədəflərdən irəli gəlir?

Hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a açıqladı ki, bu toplantı ilə Azərbaycanın suverenliyinə xələl gətirilən hərəkətlərə yol verilir. Q.Əlibəyli Azərbaycanın öz ərazi bütövlüyünü qorumalı olduğunu vurğuladı. Onun sözlərinə görə, Qarabağdan gedən ermənilərin pensiya və əmanət problemlərinin həlli üçün yollar mövcuddur: “Birincisi, əgər Qarabağa gəlmək istəsələr, Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Ancaq İrəvanda oturub bizim suverenliyimizə qəsd, ərazi iddiası olmamalıdır. Onlar Azərbaycan hökumətinə müraciət etməklə sosial məsələlərinə baxıla bilər. Yəni qarşılıqlı razılaşma əsasında olmalıdır. Digər tərəfdən, əgər Qarabağa qayıtmırlarsa, yaşadıqları ölkənin hökumətinə müraciət etməlidirlər. Ancaq heç birini etməyib, Ermənistanda qondarma parlament yığışaraq müzakirələr aparırsa, deməli, başqa dövlətə qarşı iddia sayılır. Ona görə ”mühacir hökumət" yaradılması böyük əhəmiyyət kəsb etməsə də, təxribat xarakterli hərəkətlərdir". Q.Əlibəyli qeyd etdi ki, ermənilər bölgədən öz xoşu ilə gediblər: “Əgər "mühacir hökumət" yaradılarsa, o halda, revanşizmə yol verilir. Azərbaycan hakim dairələri buna etirazını bildirməlidir. Hər şeydən əvvəl isə Ermənistan hakimiyyəti Azərbaycanla əlaqələri normallaşdırmaq istəyirsə, bu hərəkətlərə yol verilməsinin qarşısını almalıdır".

Siyasi şərhçi Ramiyə Məmmədova antiterror əməliyyatından sonra Qarabağı tərk etmiş ermənilərin sosial məsələlərinin həll edilməsini gözlənilən bir proses adlandırır. Ekspert hesab edir ki, bununla Ermənistan dövləti məşğul olmalıdır: “Əlbəttə, 30 il bir ərazidə yaşamış insanların köçdükdən sonra müəyyən sosial məsələləri meydana çıxır. Misal üçün, Ağdərənin hansısa kəndində, yaxud Xocavənddə yaşamış erməni indi sosial dəstək istəyir. Onun kimi yüzlərlə belə erməni var. Hazırda Ermənistan hökuməti onlar üçün yataqxanalar, ictimai mənzillər ayırıb. Həmçinin xaricdən maliyyə dəstəyi gözlənilir. Məncə, Şahramanyan, eləcə də Qarabağdan qaçmış digər cinayətkar separatçılar, onların qondarma deputatları pula göz dikdikləri üçün toplaşırlar. Yəni pensiya, əmanət problemlərini Paşinyan hökuməti həll etməlidir. Görünür ki, separatçılar maliyyəni əldə etmək üçün yığıncaqlar keçirir. Ancaq düşünmürəm ki, Paşinyan buna imkan versin. O da bilir ki, separatçılar maliyyə səbəbindən fəallaşır”. Təhlilçi burada siyasi məqsəd az görür, nəticəsiz olacağını düşünür: “Prezident onlara bir daha mesaj verdi ki, Xankəndidə seçki qutusuna atılan bülleten separatçıların tabutuna vurulan son mismar idi. Eləcə də sərhəd təxribatına cavab olaraq 4 erməni terrorçunu məhv eləməklə göstərdik ki, bundan sonra Azərbaycana qarşı hansı addımlar atılacaqsa, bədəli ağır olacaq. Onlar da bunu gözəl dərk edirlər. Sadəcə, pul üstündə bir qovğa var və Paşinyanla separatçılar bölüşə bilmirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.