Zelenski İsveçin 683 milyon dollarlıq hərbi yardım paketini alqışlayır

21-02-2024, 12:54           
Zelenski İsveçin 683 milyon dollarlıq hərbi yardım paketini alqışlayır
Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı İsveçin 683 milyon dollarlıq yardım paketini alqışlayıb. Bu yardım Ukrayna liderlərinin Rusiyanın tam miqyaslı hərbi müdaxiləsinə qarşı apardıqları mübarizə fonunda daha çox beynəlxalq yardım üçün çağırış etdiyi bir vaxta təsadüf edir.

Zelenski İsveçin dəstəyini Ukraynanın Rusiyanın aqressiyası fonunda “Ukraynanın dayanıqlığına əhəmiyyətli töhfə və Avropada sülh və azadlığın qorunub saxlanmasına güclü sərmayə” adlandırıb.

“Artilleriya sursatı, hava hücumundan müdafiə, qumbaraatanlar, döyüş qayıqları, zirehli texnikalar və digər əşyalar ön cəbhədə döyüşçülərimizin ən aktual ehtiyaclarını ödəyir,” Zelenski sosial mediada yazıb.

İsveçin müdafiə naziri Pal Conson deyib ki, yardım paketi ölkəsinin Ukraynaya verdiyi ən böyük yardımdır və texnika və silahlar “Ukrayanın ən təcili ehtiyaclarından bəzilərini qarşılayır.”

“Ukrayna tək öz azadlığını deyil, bütün Avropanın azadlığını müdafiə edir. İsveç lazım olduğu müddətcə Ukraynanın yanında olacaq. Rusiyanın bu müharibədə qalib gəlməsinə imkan vermək olmaz,” Conson deyib.

Ukraynanın baş naziri Şmıhal çərşənbə axşamı deyib ki, Ukrayna ordusu ABŞ və Avropanın dəstəyini alsa da, Rusiyanın hücumlarına qarşı havadan müdafiələrini gücləndirməsi üçün daha çox uzun-mənzilli raketlərə ehtiyacı var.

“Təəssüf ki, hazırda onlar havada üstünlüyə malikdirlər və təəssüf ki, bu, cəbhə xəttində bəzi nəticələrə səbəb olur,” Şmıhal deyib.

Zelenski bazar ertəsi Kupyansk şəhəri yaxınlığında cəbhə xəttini ziyarət edəndən sonra bildirib ki, Rusiya Ukraynaya hərbi yardımın gecikməsindən sui-istifadə edir.

“Hazırda cəbhə xəttinin bir neçə hissəsində, xüsusilə də Rusiya qoşunlarının maksimum ehtiyatının olduğu yerlərdə vəziyyət son dərəcə çətindir,” Zelenski deyib.

Ukraynaya hərbi yardımın ən böyük təchizatçısı olan Birləşmiş Ştatlar dekabr ayında maliyyə bitəndən bəri yeni yardım paketini təsdiqləməyib.

ABŞ Prezidenti Co Bayden Konqresdə Ukrayna, İsrail və Tayvan üçün 95 milyard dollarlıq beynəlxalq təhlükəsizlik yardımının təsdiqlənməsinə təzyiq göstərməkdə çətinlik çəkir. Belə ki, o, çox sayda Respublikaçı qanunvericinin etirazı ilə üzləşir.

Bayden bazar ertəsi deyib ki, o, məsələni müzakirə etmək üçün Nümayəndələr Palatasının spikeri Mayk Consonla görüşməyə hazırdır.

Consonun sözçüsü isə deyib ki, spiker artıq həftələrdir Baydenlə görüşməyə çalışır. Rac Şah Baydenin “ölkənin təhlükəsizliyini təmin etmək üçün irəliyə doğru ən yaxşı yol haqqında spiker Conson ilə görüşə açıqlığını” alqışlayıb və “bu çoxdan olmalı idi” deyib.

Rusiyaya sanksiyalar

Ukrayna ordusu çərşənbə axşamı Rusiyanın yenidən dronlarla hücumlar etdiyini bildirib. Bu arada isə həbsdə olan Aleksey Navalnının ölümündən sonra Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunması ilə bağlı təzyiqlər artır.

Ukrayna hava qüvvələri bildirib ki, hava hücumundan müdafiəsi Rusiyanın 23 dronundan hamısını vurub. Dronlar Ukraynanın bir neçə bölgəsi, o cümlədən Xarkiv, Dnipropetrovks, Xerson və Mikolaiv üzərində vurulub.

Rusiyanın hücumunda həmçinin dörd idarə olunan raketdən istifadə olunub. Tələfat və ya dağıntı barədə dərhal məlumat verilməyib.

Şmıhal çərşənbə axşamı Yaponiya və Avropa İttifaqını Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb.

Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell bazar ertəsi deyib ki, Rusiya Prezidenti Vladimir Putin Navalnının ölümünə görə “məsuliyyət daşıyacaq.”

Bayden bazar ertəsi deyib ki, onun administrasiyası Rusiyaya qarşı əlavə sanksiyaları nəzərdən keçirir. O, Navalnının ötən həftə ölümünə görə Rusiya Prezidenti Vladimir Putini və Rusiya liderininin “quldurları”nı günahlandırıb.

“Bizdə artıq sanksiyalar var,” Bayden Ağ Evdə müxbirlərə deyib, “ancaq bəli, biz əlavə sanksiyaları nəzərdən keçiririk.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.