Rusiya iqtisadiyyatı bu qədərmi güclüdür?

23-02-2024, 09:24           
Rusiya iqtisadiyyatı bu qədərmi güclüdür?
Rusiya iqtisadiyyatı keçən il 3.6% böyüyüb, işsizlik isə Rusiya tarixinin ən aşağı həddi olan 2.9%-ə qədər enib. Buna paralel olaraq, 2022-ci ildə 13.8% olan inflyasiya göstəricisi 2023-cü ildə 7.4%-ə enib.
Makroiqtisadi göstəricilərin yaxşılaşması haqlı olaraq çoxlarında Rusiya iqtisadiyyatının çox güclü olması, ya da sanksiyaların tamamilə əhəmiyyətsiz olması təəssüratı yaradır. Ancaq iqtisadiyyatda hər zaman hər şey rəqəmlərdə göründüyü kimi bəsit olmaya bilir. Bu yazıda elə Rusiya iqtisadiyyatının timsalında bunun şahidi olacağıq.
Əvvəlcə başlayaq iqtisadi artımın real səbəblərindən. Deməli, 2023-cü ildə Rusiyanın məhsul ixracı 28%-dən çox azalarkən, idxalatı 10.1% artıb. Xidmətlərin ixracında da eyni trend var: ixrac 16.7% azalıb, idxal isə 4.5% artıb.
Ümumilikdə, ötən il Rusiyada tədiyyə balansının cari əməliyyatlar profisiti cəmi 50.2 mlrd dollar olub. 2022-ci ildə isə bu göstərici 238 mlrd dollara bərabər olub. Yəni, göstərici 5 dəfəyə yaxın pisləşib. Bütün bunlar onu göstərir ki, ÜDM-in artımı iqtisadiyyatın real mənada böyüməsi, yəni məhsul və xidmət istehsalının artımı hesabına baş tutmayıb. Çünki, bu dövr ərzində Rusiyanın satdıqlarının həcmi azalıb, aldıqlarının həcmi artıb və nəticədə, ticarət balansı pisləşib.
İqtisadi artımın ana səbəbi isə Rusiyanın hərbi xərclərini və buna bağlı olan büdcənin digər xərc maddələrini artırmasından qaynaqlanır. Müharibədən dolayı Rusiya müdafiə xərclərini artırmağa və hərbi sənayeyə əvvəlkindən daha çox yatırımlar etməyə məcburdur. Eyni zamanda, cəbhədə vuruşanlara, yaralananlara, ölənlərin ailələrinə maaş və kompensasiyalar ödənilir. Bütün bunlar büdcə xərclərini artırmağı şərtləndirir. Artan büdcə xərcləri isə öz növbəsində iqtisadi artımı stimullaşdırır. Baxın, 2021-ci ildə 270 mrld dollar olan büdcə xərcləri, 2023-cü ildə 354 mlrd dollara qədər artıb.
Bəs büdcə xərcləri nəyin hesabına artırılıb?
Büdcə xərcləri böyük ölçüdə, təqribən 90%-ə qədəri Milli Rifah Fonduna yığılan strateji valyuta ehtiyatları hesabına maliyyələşdirilib. Hətta bunun nəticəsində təkcə ötən il MFH ehtiyatları 10%-ə qədər azalıb. Büdcə xərclərinin digər qaynağı isə dövlət borclarıdır. Xüsusən, dövlət dəstəkli istiqrazların emissiyası bu məsələdə Rusiya hökumətinin yardımına çatıb.
Başqa sözlə desək, Rusiya iqtisadiyyatı hazırda istehsalın yox, sırf istehlakın sayəsində böyüyür. Bu cür böyümə isə heç bir halda dayanıqlı inkişaf modeli ola bilməz.
İşsizliyin azalmasına gəlincə, bunda, əlbəttə, büdcə xərclərinin artımı ilə yeni iş yerlərinin açılmasının da töhvəsi var. Amma əsas səbəb, iş qüvvəsinə daxil olan milyonlarla insanın müharibəyə səfərbər edilməsidir. Bu halda, iş axtaranların sayında kəskin azalmanın qeydə alınması çox təbii haldır. Digər yandan, müharibədə iştirakından dolayı maaş alanlar, həm də məşğullar kimi, yaxud ola bilsin, qeyri-fəal əhali kimi reyesterə alınır. Hər iki halda müharibə iştirakçıları işsiz hesab olunmur.
İnflyasiyaya göstəricilərinin yaxşılaşması da bir neçə səbəbə bağlıdır. Başlıca səbəb, keçən il bütün dünyada inflyasiyanın azalmasıdır ki, bu, əlbəttə, Rusiya iqtisadiyyatına da müsbət mənada təsir edib. Rusiya Mərkəzi Bankının son dərəcə çevik və adekvat reaksiyaları da, inflyasiyanın indiyədək kontrolda saxlanılmasına imkan verən mühüm bir amildir. Onu istisna etmək olmaz ki, Rusiya hökuməti inflyasiya göstəricisi daxil olmaqla, yuxarıda sadalanan bütün göstəriciləri müəyyən həddə qədər saxtalaşdırıb. Yəni, iqtisadi artımı olduğundan müəyyən qədər daha yüksək, işsizlik və inflyasiya kimi göstəriciləri isə daha az təqdim etməkləri mümkündür.
Yekun olaraq, bəli, Rusiya iqtisadiyyatı bu gün hər nə qədər müqavimət göstərə bilsə də, gələcəyi parlaq görünmür. Sanksiyaların təsiri hər keçən dövrdə özünü daha şiddətli formada göstərməyə başlayacaq. Rusiya hazırda, obrazlı şəkildə desək, ağır xroniki xəstəliklərə mübtəla olmuş, hər keçən gün immuniteti zəifləyən xəstəni xatırladır. Ancaq daha əvvəl də dediyim kimi, real və ən təsirli sanksiya Qərbin Rusiyadan neft-qaz alışına embarqo tətbiq etməsidir. Bu baş verməyənə kimi bu “xəstə” yatağa düşmədən, birtəhər də olsa, başını girləyə biləcək.
Sakit Mahmudov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.