Kamilin növbəti Moskva səfəri, yoxsa “qəhrəmanlıq” nümunəsi-Azərbaycan dövlətinin rolu niyə fərdiləşdirilir?..
23-02-2024, 15:19
Elə vəziyyətə gəlmişik ki, sosial şəbəkələrin üfürüb şişirtdiyi bəzi “qəhrəmanları” tənqid etməkdən, araşdırmaqdan belə çəkinirik. Çünki belə adamların böyük kütlələri olur, çoxumuz onlar tərəfindən linc oluna biləcəyimizdən ehtiyat edirik.
Ancaq mən heç vaxt bu amildən çəkinməmişəm, həqiqət nədirsə, ona uyğun şəkildə sözümü demişəm. Etiraf edim ki, məhz bu cür adamlarla bağlı həqiqəti söylədiyimə görə, ciddi troll basqılarına da məruz qalmışam.
Belə adamlardan biri də son günlərin qəhrəmanına çevrilən idmançı Kamil Zeynallıdır. Bu şəxsin çox böyük izləyici kütləsi olan sosial şəbəkə hesabları var. Kamili cəmiyyətə tanıtdıran da məhz bu hesablar olub.
Zeynallı təbqidə dözümsüz adamdır.
Dəfələrlə olub ki, bu adam onu təhqir etdiklərini iddia etdiyi şəxslərin şəkilini götürüb olnarın alınlarına “Peysər” və başqa təhqirlər yazıb öz səhifələrində paylaşıb. Adam səni təhqir edibsə, barəsində şikayət et, bloka göndər, daha niyə bu şəkildə cavab verirsən?Məhz belə amillər insanlarda bu tip adamları tənqid etməkdən çəkindirir.
Kamil Zeynallı kimdir və Azərbaycan üçün hansı bizim bilmədiyimiz xidmətləri olub? Peşəkar idmançı deyil, olimpiya, dünya çempionu olub, mötəbər yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldırıb, himnimizi səsləndirməyib.
Sadə bir fitnes məşqçisidir. Onu cəmiyyətə daha çox tanıtdıran pandemiya və 44 günlük müharibə dönəmində kasıblara, hərbçilərə etdiyi yardımları oldu. Bu yardımların paylanmasında Kamil yalnız vasitəçilik edirdi. Yəni öz zalından qazandığı pulları yardıma xərcləmirdi. Hətta bir çox hallarda bu cür vasitəçilər etiraf ediblər ki, belə kampaniyalardan yaxşı pullar da qazanıblar.
Götürək ki, Kamil kimisi bunu inkar edəcək. Deyəcək ki, oradan pul qazananın da, yalan deyənin də atasına lənət. Mən bunu ona subut edə bilməyəcəm. Amma bəri başdan deyirəm ki, pul qazandığını inkar etsə də, güclü reklam olunduğunu dana bilməz. Bunun özü də pul deməkdir.
Çünki populyarlıq adama həm də yaxşı pul qazandırır. Bu yardımlar Allah rizası üçün edilirdisə, onda niyə şou təqdimatı ilə olunurdu? Olmazdı ki, Kamil bu yardımları “bir əlin verdiyini, digəri bilməməlidir” prinsipi ilə edərdi? Əslində yardım, dəstək kampaniyası elə bu şəkildə aparılmalıdır.
Səssiz və şousuz. Təbii ki, biz deyən kimi olsaydı, onda Kamil bu şəkildə tanınmazdı. Kamil əsasən kriminal aləmə aid olan “oğruların” göndərdiyi yardımları paylayıb. Videolarında bunu açıq etiraf da edir, hətta həmin “oğrular”dan biri olan “Quli”nin adını çəkib, onun təbliğatını da aparıb. Burda da kriminal aləmin təbliğ etməklə, qanunu pozmuş olub.
Onun Moskvada ermənilərin şikayəti əsasında saxlanması qanunzusdur. Həmin hadisə zamanı mən də onu müdafiə etmişəm. Bunu Kamil Zeynallı olduğu üçün deyil, Azərbaycan vətəndaşının haqsızlıqla üzləşdiyinə görə etməyi özümə borc bilmişəm.
Görürəm ki, Kamilin bir günlük əziyyətini qəhrəmanlıq nümunəsi kimi qələmə verməyə çalışırlar. Dəyərli vətəndaşlarımız, Kamil ağır döyüş əməliyyatına, kəşfiyyata gedən zaman saxlanılmayıb. Belə başa düşdüm ki, tez-tez Moskvaya gedirmiş.
Bu səfər də onlardan biri olub və şəxsi mahiyyət daşıyıb. Yəni Kamil bu məsələdə heç bir qəhrəmanlıq zad etməyib. Azərbaycan dövlət rəsmilərinin onunla maraqlanmağını, azad olunması ilə bağlı göstərdiyi səyləri də ölkəmizin istənilən vətəndaşına sahib çıxması kimi deyil, Kamilin populyarlığı, xidmətləri ilə izah etməyə çalışırlar.
Tam yanlış təqdimatdır. Məgər Azərbaycan dövləti Avropada həbsxabada olan Ramil Səfərova, Ermənistan əsirliyindəki Dilqəm və Şahbaza, Naxçıvanda əsir düşən iki gənc əsgərə sahib çıxıb onları illər uzunu müdafiə edib, ölkəyə qayrarmadı? Kamil Zeynallı da həmin vətəndaşlarımızdan biridir və heç nəyi ilə sadlananlardan artıq deyil. Unutmayın ki, bir şarı çox ufurəndə o partlaya bilər…
Məhəmmədəli Qəribli
AZİNFORUM.AZ