Türk birliyi haqqında

25-09-2024, 12:21           
Türk birliyi haqqında
Bir neçə gün əvvəl Türk ortaq əlifbası elan olundu və layihə təqdim olundu. Əlbəttə, bu tədqiqat Türk birliyinə gedən yolda ilk addım olaraq çox əhəmiyyətlidir. Heç nə olmamasından nəyinsə araşdırılması müsbət haldır. Amma əsas problem əlifba deyil, bu əlifbanı formalaşdırmaq rəqəmsal sistem şəraitində bir neçə günlüyün işidir. Əsas məsələ isə dilin yaxınlaşması, insanların bu birliyə psixoloji hazırlanması, bu birliyin prinsiplərinin, şərtlərinin və hüquqi bazasının yaradılmasıdır. Altı müstəqil dövlətin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan, hətta Hun yadigarı Macarıstan da qoşulur) başlatdığı tədbirlər çox təqdirə layiqdir. Bu işlər sürətlə gərək genişləndirilsin.
Müasir şəraitdə Qlobal dünyada hər hansı ittifaqsız yaşamaq mümkün olmayacaq. Yer kürəsində ittifaqlar, birliklər ciddi surətdə artır. Belə bir vəziyyətdə təkbaşına müstəqil dövlət qurmaq və onu sərbəst yaşatmaq mümkün olmayacaq. Dünya miqyasında bizim daxil ola biləcəyimiz ittifaq imkanı çox məhduddur. Yarım əsrə yaxındır ki, Türkiyə Avropa ittifaqına can atır, amma daha yarım əsrdə də bu üzvülük baş tutana bənzəmir.
Burada birinci növbədə insanların psixologiyasına, ideologiyasına, beyninin dəyişməsinə, təhsil və elminə diqqət yetirmək, Türk tarixini geniş öyrənmək və təbliğ etmək lazımdır.
Məsələ burasıdır ki, əksəriyyət Türk qrupları islam dini üzərində qurulub.İdarəetmə, inkişaf alqoritmləri, maddi və mənəvi əxlaq normaları islam ideologiyası, prinsipləri üzərində qurulmuşdur. İslam isə işğal üzərində qurulmuşdur. Birlikdə iştirak edən bütün ölkələrin xalqları işğalla və zorla islama gətirilmişdir. Maddi və mənəvi idarəetmə və əxlaq normaları işğal olunmuş ərazi və xalqları işğal altında saxlamaq (bu isə mütləq insanları savadsız, cahil yetişdirməyi tələb edir) üçün formalaşmışdır. Hətta yeni sekulyar qaydalar, konstitusiya qəbul olunmasına baxlmayaraq əksər yerlərdə yarım-şəriət rejimi fəaliyyət göstərir. Belə bir vəziyyət Türk birliyinin yaranmasına ən böyük manedir. Bunun aradan qaldırılması üçün hər bir ölkədə milli Türk ideologiyasının formalaşması üçün ortaq proqramın qurulması vacibdir. İslam birləşdirici deyil, dağıdıcı qüvvədir.Belə olmasaydı İslam dininin yardıcısı olan ərəblər özləri birləşərdi.
Digər bir mane ortaq dilin olmamasıdır. Türk dillərinin tədqiqatına 80-ci illərdən başlamışam, bir neçə türk ləhcəsini öyrənmişəm. Çox təəssüf edirəm, Türk ləhcələrinin tədqiqatı çox zəifdir, həm tarixən və həm də hazırda - rəqəmsaşma və süni intellekt şəraitində. Ortaq dili qurmaq üçün bu dillərin rəqəmsal smart dərsliklərinin hazırlanması vacibdir. Mən bilən rəqəmsal dərsliklər yalnız qazax və Türk dillərində mövcuddur, onlar da ala yarımçıq... Qalan hamısı (Azərbaycan daxil) Google - min ümidinə buraxılıb. Bütün türk ləhcələrinin, hamısı daxil, elektron lüğətinin hazırlanması vacibdir. Bütün dillərdə olan yad sözləri hər bir qrup öz dilinə sinonim sözlər kimi qəbul edə. Bunu ikitərəfli də etmək mümkündür. Bir neçə dəfə müzakirə etmişik, nə mane olur ki, iyi sözünü və ya yapmaq, yapı sözlərini Azərbaycan dilinə sinonim sözü kimi qəbul etməyək. Nə üçün ingilis dilində bir sözün 30-40 sinonimi olur, Azərbaycan və ya Türk dillərində 10-15 sinonim olmasın. Bir il ərzində bu proqramı hazırlamaq və tətbiqinə başlamaq olar.
Belə bir ittifaqın qurulması xeyli çətin məsələdir. Türk dövlətlərinin heç birində (hətta Türkiyə daxil) tam demokratik sistem qurulmayıb, normal demokratik seçki keçirilməyib, insan hüquqları, insan azadlığı təmin olunmayıb. Bu ölkələrdə bütün məsələlərin həlli ali rəhbərin üzərinə düşəcək. Burada ən böyük problem ali rəhbərlərə rəhbər seçmək olacaq. Məsələn, Avropa İttifaqı modelini tətbiq etmək olardı, amma Avropa demokratiyası İslam "İslam demokratiyasının" tam əksidir. Avropa demokratiyası tam insan hüquqları və insan azadlıqları prinsiplərinə uyğun qurulmuşdur, amma İslam demokratiyanı qadağan edir. Bunsuz müasir dünyada heç bir birlik yüksək müvəffəqiyyətə nail ola bilməyib. Buna görə də ilk növbədə bu ittifaqın yaradılma şərtləri, elm-təhsil quruculuğu, inkişaf tərzi, ordu, iqtisadiyyat, təhlükəsizlik, maliyyə, bank, valyuta sistemləri, qaydaları, qanunları hazırlanmalı, referenduma çıxarılmalı və qəbul olunmalıdır.
Bunun üçün isə vəsait toplanmalı, maliyyələşmə ayırılmalıdır.
Dərin hörmətlə, prof.dr. Saleh Məmmədov.
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.