Azərbaycan tarixinə əbədi həkk olunan gün
22-09-2024, 10:22
Xalqımızın yaddaşında əbədi qalacaq 44 günlük Vətən Müharibəsində parlaq qələbədən sonra Azərbaycan Ermənistana sülh və ikitərəfli münasibətlərin normallaşdırılmasını təklif etdi. Prezident İlham Əliyev İrəvanı bu tarixi fürsətdən istifadə etməyə və suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi bağlamağa çağırdı. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarını tam şəkildə yerinə yetirmək əvəzinə, təxribatlar edir, üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırırdı. 2023-cü il sentyabrın 2-də Ermənistanın baş naziri Nikol Paşinyan qanunsuz xunta liderlərini qondarma “müstəqillik günü” münasibətilə təbrik edib.
Bundan əlavə, İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra əldə edilmiş razılaşmalara baxmayaraq, 2023-cü il sentyabrın 9-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət daşıdığı ərazidə qondarma “seçkilər” keçirildi və nəticədə qondarma “prezident” seçildi. Eyni zamanda, Ermənistan Azərbaycan ərazisinə canlı qüvvə, silah və hərbi texnika göndərməkdə davam etdi. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin məsuliyyəti zonasında erməni tərəfi yeni istehkamlar tikməyə, mövqelərinin möhkəmləndirilməsi üçün mühəndis işləri aparmağa cəhd göstərir və minalar basdırırdı.
Bütün bunlar Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, erməni birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, o cümlədən bölgədə konstitusiya quruluşunun bərpası məqsədilə lokal antiterror tədbirlərinə başlanılması üçün real zəmin yaratdı. 2020-ci il Vətən Müharibəsində Qələbəmizin davamı olaraq, ötən il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tamamilə bərpa etdi. Xankəndi, Ağdərə, Əsgəran, Xocavənd və Xocalıda erməni separatizmi nəhayət ki, aradan qaldırıldı. İstər 44 günlük Vətən Müharibəsi, istərsə də,1 gündən də az davam edən anti terror əməliyyatı zamanı Azərbaycan Ordusu bütün dünyaya ləyaqətlə mübarizə apardığını bir daha nümayiş etdirdi. Antiterror tədbirləri zamanı Azərbaycan Ordusu yüksək peşəkarlıq və qəhrəmanlıq göstərdi.
Beləliklə, Azərbaycan tarix yazdı: 23 saat ərzində Ermənistanın Qarabağda illərdir q qanunsuz olaraq saxladığı 15-18 minlik işğalçı hərbi dəstələrini təslim olmağa məcbur etdi. Qarabağda 100 ildən çox kök salmış separatizm tamamilə məhv edildi, ölkəmizin suverenliyi və yurisdiksiyası Qarabağın hər yerində bərpa olundu.
30 il mənfur düşmən bu torpaqları tamamilə dağıtmış, bütün tikililəri, tarixi və dini abidələri yerlə-yeksan etmiş və bununla özlərində belə bir fikir yaratmışdılar ki, bu torpaqların sahibi onlardır, vəziyyət sona qədər bu şəkildə davam edəcək. Tarixi və dini abidələrin tamamilə dağıdılmasında məqsəd Azərbaycan xalqının izlərini silmək, öz yalanlarına özləri kimi dünyanı da inandırmaq idi. Amma unudurdular ki, tarixi silmək mümkün deyil.
Bu gün işğaldan azad edilmiş ərazilərimizə səfər edən xarici qonaqlar gördüklərindən təəccüblərini gizlədə bilmirlər. Azərbaycan xalqının bu illər ərzində necə bir vəhşi ilə üz-üzə qaldığının şahidinə çevrilirlər. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdam indi viranəyə çevrilmiş xarabalıqlardan ibarətdir. Ağdam şəhərində səfərdə olmuş xarici jurnalistlər onu «Qafqazın Xirosiması» adlandırırlar.
Sentyabr əlamətdar tarixlər ayıdır. Bu gün biz Azərbaycan ordusunun 2023-cü il 19-20 sentyabr tarixlərində uğurla həyata keçirdiyi unikal antiterror əməliyyatının ildönümünü qeyd edirik. Azərbaycanın bütün əraziləri üzərində tam suverenliyini təmin etdi və Qarabağda, Şərqi Zəngəzurda erməni separatizmini məhv etdi.
Prezident İlham Əliyevin sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü” və Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Bu tarixlərin hər biri ölkənin müasir tarixinə qızıl hərflərlə yazılıb. Fəxr edə bilərik ki, belə tarixlər təqvimimizdə var.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru