Azərbaycanda verilən qərar: - Məxfi pul bazarını qarışdırdı
23-02-2024, 18:16
Xəbər verdiyimiz kimi, Azərbaycanda “OKX” və “ByBit” kriptobirjalarına giriş məhdudlaşdırılıb.
Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən bildirilib. “Qanunvericiliyin tələblərinə əsasən, “OKX” və “ByBit” kriptobirjalarına ölkə səviyyəsində giriş məhdudlaşdırılıb. Buna səbəb çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsindəki müvafiq tələblərin pozulmasıdır”, - məlumatda deyilir.
Məsələ ilə bağlı kriptovalyuta üzrə ekspert Elnur Quliyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, sıravi istifadəçi üçün bu platformalara məhdudiyyətin qoyulması sadəcə olaraq öz elektron cüzdanında olan maliyyə vəsaitlərinə girişin qəfil itirilməsi ilə bağlı narahatlıq deyil, həm də bir emosional zərbədir:
“Bundan sonra investisiya vasitəsi kimi və ya ənənəvi bank sistemlərinə alternativ olaraq kriptovalyutalara müraciət edən investorlar yeni platformalar tapmaqda qeyri-müəyyənliklə üzləşəcək. Çünki məhdudiyyət tədbiri gələcəkdə digər kripto platformalara da tətbiq edilə bilər”.
O qeyd edib ki, ölkəmizdə daha çox populyar olan binance, mexc, gate.io, bitfinex, kucoin və s. kimi birja istifadəçiləri də bu qərardan narahat olmağa başlayıb:
“Bu problemin mərkəzində dövlət tənzimləməsi və texnoloji innovasiyaların təşviqi arasında zərif tarazlıq durur. Sərt tədbirlərin həyata keçirilməsi Azərbaycanda rəqəmsal valyutalar sektorunda dövlət nəzarətinin rolunun və əhəmiyyətinin yüksək dərəcədə olmasını xarakterizə edir. Böyük ehtimal ki, məhdudiyyət qoyulan kriptovalyuta birjaları ölkənin pul köçürmə və çirkli pulların yuyulması üzrə müvafiq tələblərin yerinə yetirilməsi ilə bağlı əməkdaşlıqdan imtina edib və ya sorğulara cavab verməyiblər.
Bu, həm də digər platformalar üçün bir xəbərdarlıq mesajı idi. Əslində bu təcrübə bir çox ölkələrdə mövcuddur. Yəni bir çox kriptovalyuta platformları lazım olduğu zaman fraud (qanunsuz) əməliyyatların qarşısını almaq üçün yerli maliyyə tənzimləyiciləri və xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər.
Hesab edirəm ki, bundan sonra da ölkənin müvafiq qanunları üzrə tələblərə cavab verməyən rəqəmsal aktivlər üzrə platformalara məhdudiyyət qoyulması tədbirləri davam edəcək. Əgər hər hansı bir platformaya Azərbaycandan olan istifadəçi sayı və ya ticarət dövriyyəsi əhəmiyyət kəsb edirsə, onlar yerli orqanlarla əməkdaşlıqda maraqlı olacaq və müvafiq tələbləri və ya sorğuları yerinə yetirmək məcburiyyətində qalacaqlar”.
Ekspert vurğulayıb ki, rəqəmsal aktivlərlə ticarət üçün platforma seçərkən daha diqqətli olmaq lazımdır:
“Platformaya vəsait mədaxil etməzdən əvvəl birjanın sosial media hesablarını, birjanın təsisçilərini araşdırın, son illərdə fəqli ölkələrdə rastlaşdığı problemlərlə maraqlanın. Kriptoinvestorlara tövsiyə edərdim ki, vəsaitlərinizi bir platformada deyil, bir neçə platformada diversifikasiya edərək saxlasınlar.
Əgər siz uzunmüddətli investorsunuzsa, o zaman yaxşı olar ki, rəqəmsal vəsaitlərinizi soyuq cüzdanlarda saxlayasınız. Bu tip cüzdanlar haker hücumlarına məruz qalmadıqları üçün ən təhlükəsiz kripto-cüzdanlar hesab edilir və USB cihaz formatında olur. Bu sektor nə qədər çox gəlirli olsa da, yüksək risklidir. İnvestisiyanızın tam sığortalanması mümkün deyil. Odur ki, kriptovalyutalara itirməyə gözə aldığınız məbləğdə investisiya edin”.