QƏRBİN ERMƏNİSTANLA “BRÜSSEL SAZİŞİ” – Azərbaycan - Türkiyə tandemi nə edəcək?

5-04-2024, 15:25           
QƏRBİN ERMƏNİSTANLA “BRÜSSEL SAZİŞİ” –
“ABŞ Dövlət katibi, Avropa İttifaqının (Aİ) Ali komissarı və Ermənistanın Baş nazirinin iştirakı ilə “Brüssel razılaşması” ərəfəsində dövlət katibi Blinkenin Azərbaycan Prezidentinə zəng etməsi Qərbin rəsmi Bakının proseslərlə bağlı mövqeyinə məhəl qoymamasının regionda əks-məhsuldar olduğunu, nəhayət, anladığını göstərir”.

“AzPolitika” xəbər verir ki, bunu Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov deyib.

Ekspert hesab edir ki, Qərbin reaksiyası gecikib və Dövlət katibinin “Brüssel razılaşması”nın Azərbaycana qarşı yönəlməməsi ilə bağlı dedikləri inandırıcı deyil. Onun sözlərinə görə, Ermənistan öz qanunvericiliyində Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmağa, separatçı qurumun öz ərazisindəki nümayəndəliyinin bağlanmasına, işğalda olan sərhəd kəndlərinin azad edilməsinə razı deyil. “Və belə bir şəraitdə Ermənistana misli görünməmiş dəstək verilir. Azərbaycan ərazisini 25 ildir işğal altında saxlayan, 2020-ci ildən sonra isə Qarabağın Azərbaycana reinteqrasiyasına hər cür mane olmaqla reallıqla barışmaq istəmədiyini nümayiş etdirən ölkəyə Bakıda soyuqqanlı baxmaq olmaz”, - o əlavə edib.

Politoloq Prezident İlham Əliyevin “Brüssel razılaşması”na diaqnoz qoyaraq Azərbaycanın mövqeyini aydın və birmənalı ifadə etdiyini xatırladır və yayılan bəyanatdan sitat gətirir: “Prezident İlham Əliyevin fikrincə, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə, gərginliyin yaranmasına gətirib çıxaracaq”.

F.Məmmədov hesab edir ki, beləliklə, Qərb birtərəfli, erməni mərkəzli hərəkətləri ilə regionu qeyri-sabitlik və gərginlik uçurumuna sürükləyir: “Aydındır ki, aprelin 5-də Ermənistana elan edilmiş yardımın bütün həcmi açıqlanandan sonra Qərb Ermənistana daha geniş fiziki çıxışı təmin etməyə çalışacaq. Bunu ancaq Ermənistanla Türkiyə arasında sərhədin açılması ilə etmək olar.

Əminliklə qeyd etmək olar ki, bu cür təkliflər artıq rəsmi Ankaraya verilir, aprelin 5-dən sonra isə Ankaraya təzyiqlər daha da artacaq. Qərb artıq 2009-cu ildə Sürix protokollarını ortaya atmaqla buna cəhd edib. Lakin Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prinsipial mövqeyi bu prosesə son qoydu. Qərb indi paralel olaraq baş verməli olan bu prosesləri bir-birindən ayırmağa çalışacaq. Türkiyə ilə sərhədləri bağlamaq və regional layihələrdən Ermənistanı kənarda qoymaq Azərbaycanın işğalçı ölkəyə qarşı tətbiq etdiyi yeganə sanksiyalardır. Bu sanksiyalar qarşıya qoyulan məqsədlərə çatana qədər davam edəcək. Türkiyə üçün Qərbin təzyiqi altında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmadan Ermənistan-Türkiyə sərhədinin açılmasına razılıq verməkdənsə, Azərbaycanın fikrini nəzərə alması daha vacibdir. Türkiyə Prezidenti dəfələrlə “Dünya beşdən böyükdür!” deyib və bütün siyasi həyatını bu ifadəni sübut etməyə həsr edib. 2020-ci ildə Azərbaycan və Türkiyə birlikdə sübut etdilər ki, “dünya beşdən böyükdür” və xarici təzyiqlərə boyun əyməmək lazımdır. Türkiyə rəhbərliyi isə belə sıx müttəfiqlikdən sonra birdən-birə Azərbaycanın fikrini nəzərə almadan belə bir addım atmağa qərar verərsə, dünya başa düşməyəcək...”

Ekspert regionda Qərbin təzyiqlərinin artdığını qeyd edir və belə həyasız davranışlara reaksiya verəcək regional qüvvələrin hərəkətə gəldiyini bildirir. Onun sözlərinə görə, “Brüssel sazişi” Cənubi Qafqazda sülhün və sabitliyin bərpası üçün bütün səyləri şübhə altına ala bilər. “Lakin vəziyyətdən çıxış yolu var, bu, Azərbaycanın ədalətli tələblərini və maraqlarını nəzərə almaqdır. Qərbin hər cür imkanı var, görək bu imkanları reallaşdıracaqmı... Azərbaycan və Türkiyənin prinsipial mövqeyi yalnız Qərbin regiondakı təşəbbüslərinin dağıdıcılıqdan konstruktivliyə çevrilməsinə kömək edə bilər”, - politoloq vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.