Brüssel görüşünün yekunları: Avropa İttifaqı və ABŞ Ermənistanın iqtisadi inkişafını dəstəkləyəcəklər
6-04-2024, 00:05
"Avropa İttifaqı və ABŞ Ermənistan Respublikasının və regionun stabil, dinc, təhlükəsiz, demokratik və firavan gələcəyini dəstəkləyir. Bu kontekstdə biz Ermənistan Respublikasının dayanıqlığının möhkəmləndirilməsinə, o cümlədən siyasi islahatlar, iqtisadi inkişaf və humanitar yardım kimi mühüm sahələrdə, yönəlmiş əməkdaşlığın genişləndirilməsini hədəfləyirik". Bu barədə aprelin 5-də Brüsseldə Avropa Komissiyasının rəhbəri, ABŞ dövlət katibi, Avropa İttifaqının ali nümayəndəsi və Ermənistan baş nazirinin iştirakı ilə keçirilən görüşün yekunlarına dair birgə bəyanatda deyilir.
"Biz, məsələn, mobillik, idarəetmə, hüquq-mühafizə, ticarət, rabitə, kənd təsərrüfatı, energetika və texnologiya kimi sahələrdə tərəfdaşlığımızı genişləndirməyə çalışacağıq. Bu mühüm sahələri dəstəkləmək üçün Avropa İttifaqı və ABŞ Ermənistanla daha sıx əməkdaşlıq etməyi planlaşdırırlar", - sənəddə qeyd olunub.
Avropa İttifaqı və ABŞ Ermənistana riskləri azaltmağa, ticarəti şaxələndirməyə, iqtisadi və institusional dayanıqlığı möhkəmləndirməyə kömək etmək üçün əlavə yardım göstərmək niyyətindədir.
Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının yeni gündəliyini möhkəməndirmək məqsədilə Avropa İttifaqı 270 milyon avroluq "2024-2027-ci illərdə Ermənistanın dayanıqlığı və artımı" proqramı ilə çıxış edəcək. Bu proqram Ermənistan Respublikasının sosial-iqtisadi dayanıqlığının möhkəmləndirilməsinə, eyni zamanda ticarətin şaxələndirilməsinə, nəqliyyat infrastrukturuna investisiyaların, rəqəmsal texnologiyaların və energetikanın dəstəklənməsinə, həmçinin biznesin inkişafına yönəlib.
ABŞ əlavə Amerika investisiyalarının cəlb edilməsi, texnologiya ticarəti, kibertəhlükəsizlik və texnoloji infrastrukturun genişləndirilməsi istiqamətində Ermənistanla işləyəcək. ABŞ həmçinin enerjinin diversifikasiyası və dinc nüvə energetikasının imkanlarını və Ermənistanın ərzaq təhlükəsizliyinin artırılmasını dəstəkləyəcək.
Avropa İttifaqı və ABŞ Qarabağdan olan 100 min qaçqına da dəstək verəcək.
Turan