ABŞ-Aİ-Ermənistan görüşü İrəvana nə vəd edir? - Ermənistanda Gürcüstandakı modelin əksi yaradılır
6-04-2024, 12:53
Brüselldə keçirilən ABŞ-Aİ-Ermənistan arasında üçtərəfli görüş hər hansı əlahiddə hadisə ilə yadda qalmadı. Görüşün nəticələri göstərir ki, Ermənistana nümayiş etdirilən dəstək NATO Baş katibi Y.Stoltonberqin “Ukraynadakı münaqişə NATO-nun təhlükəsizliyi üçün lazımdır. Ukraynaya verilən dəstək xeyriyyəçilik və ya sevgi hisslərinin ifadəsi deyil, alyans ölkələrinin təhlükəsizliyinə investisiyadır” bəyanatı ilə eyni paraleldə təhlil edilməlidir.
Dünənə qədər Ukraynanın qalib gələcəyini iddia edən “politoloq”lar, “siyasi şərhçi”lər, NATO-nun ölkəmizdəki könüllü agenturası indi mövqelərini tədricən dəyişməkdədirlər. Biz isə, ilk gündən bu nəticələri görür və yazırdıq. Nəticələr isə göz qabağındadır. NATO-nun təbirincə desək, Ukraynanın təxminən Cənubi Qafqaz böyüklükdə ərazilər itirməsi, Kiyev torpaqlarının müxtəlif ölkələrin şirkətləri tərəfindən alınması, 22 milyon insanın öz ölkəsini tərk etməsi, on minlərlə insanın öldürülməsi və faktiki olaraq, Ukrayna dövlətinin mövcud olmaması NATO üçün lazım imiş.
Ermənistanda Gürcüstandakı modelin əksi yaradılır: iqtisadiyyat Rusiyada qalır, siyasi elita Qərbə tabe olur.
Qərbin Cənubi Qafqazda belə bir təcrübəsi var. Məsələn, hazırda Gürcüstanda siyasi elita Rusiyadan, iqtisadiyyat (daha çox bank sektoru) Qərbdən asılıdır.
Qərb iqtisadi baxımdan Rusiyanı əvəz edə bilməyəcək. Buna görə də Ermənistanda Qərb üçün for-posta çevrilən siyasi hakimiyyəti qorumaqda israrlıdırlar.
Ursula von der Leyenin “Biz Ermənistan iqtisadiyyatının və cəmiyyətinin şoklara (əslində Rusiyadan yönələn sanksiyalara – S.F) dayanıqlı və güclü olması üçün investisiya qoyacağıq…” fikri həvəsləndirici pafosdan başqa bir şey deyil.
Məsələn, Ermənistanın xarici ticarətdəki əsas tərəfdaşı məhz Rusiyadır. Ermənistan bütün strateji məhsulları Rusiyadan idxal edir (ötən il idxal 1,6 fazi artıb). Ermənistanda elektrik enerjisi istehsalının 70%-i Rusiyanın vasitəsilə həyata keçirilir. Ermənistan Elektrik Şəbəkələrinin 1 milyon müştərisi var və Ermənistandakı elektrik şirkəti də Rusiyaya məxsus şirkətə tabedir. Maye qaz idxalının isə 90%-dən çoxu Rusiyanın payına düşür və ölkənin əsas dizel və benzin təminatçısı də məhz Rusiyadır. Ermənistandakı xarici investisiyaların 65%-i, kənd təsərrüfatı və qida məhsullarının isə 63%-i Rusiyanın payına düşür. Təkcə ötən il Rusiyadan Ermənistana 4 milyard dollar pul köçürmələri həyata keçirilib.
Ermənistan iqtisadiyyatı tamamilə və sərhədlərinin əhəmiyyətli hissəsinin mühafizəsi Rusiyadan asılıdır.
Müharibədən 4 il vaxt ötür, bu müddətdə Ermənistan vaxt qazanmaq şansı əldə etdi. 2-3 il əvvəl, daha zəif halda sülh müqaviləsinə imza atmayan Ermənistan indi Qərbin dəstəyini görəndən sonra sülhə imza atarmı? Qərb bir tərəfdən sülh müqaviləsinin Azərbaycanın haqlı tələbləri çərçivəsində imzalanmasını istəmir, digər tərəfdən də Paşinyan hakimiyyətinin qorunması üçün sərmayələr yatırır.
Üçtərəfli görüşə qayıdaq...
Birincisi, növbəti 4 il ərzində Avropa İttifaqı Ermənistana 270 milyon avro, ABŞ isə 65 milyon dollar ayıracağını bildirdi. Maraqlıdır ki, ayrılacaq bu vəsait Ermənistanın güclənməsi ilə bağlı uzun müddətdir Qərbin ifadə etdiyi siyasi, iqtisadi dəstəklə bağlı bəyanatlarına adekvat deyil. Bu o deməkdir ki, ayrılacaq bu vəsait sadəcə görüntü üçündür. Əslində Qərb Ermənistanı silahlandırır. Ermənistanı Rusiyadan qoparmaq istəyən Qərbin bu məbləğdə kosmetik yardımlar etməsini təbii şəkildə də qarşılamaq sadəlövhlükdür. Paşinyan başa düşür və hər kəs anlayır ki, bu vəsait Ermənstanı Rusiyadan qoparmaq üçün yetərli vəsait deyil.
Üçtərəfli görüşdə Qarabağdan Ermənistana köç edən ermənilərin öz ölkələrində qalıb yaşamasının daha məqbul olduğu dolayısı ilə ifadə olundu. Vaxtilə ermənilərin Qarabağdan köç etməsinə görə Azərbaycanı “etnik təmizləmədə” ittiham edən Qərb daha bu haqda danışmadı.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrell bildirdi ki, “…güclü və sabit Ermənistan daha güclü və sabit Cənubi Qafqaz deməkdir…”.
Vaxtilə “… güclü Gürcüstan Cənubi Qafqazda sabitliyin əsas təminatçısı deməkdir…” bəyanatları Gürcüstanın ərazilərini itirməsi ilə nəticələndi, Sakaaşvili də öz ölkəsində həbsdədir, Gürcüstan NATO-ya da üzv edilmədi. Rusiya ilə qonşu ölkənin belə asanlıqla NATO üzv edilə biləcəyinə inanan Sakaaşvilinin bu gün həbsdə saxlanılması təbii qarşılanmalıdır. Bu gün gürcü xalqı Sakaaşviliyə nifrət. Gürcüstanda siyasi elita tamamilə Rusiyanın adamlarıdır. Ölkənin yalnız bank sektorunda Qərb ciddi mövqe əldə edə bilib.
J.Borell bilir ki, Azərbaycanın haqlı tələbələri yeirnə yetirilmədən Cənubi Qafqazda sabitliyə nail olmaq mümkün deyil. NATO-nun dəstəyi ilə yaradılmalı olan “güclü Ermənistan” regionda revanşizmin yenidən alovlandırılması deməkdir. Biz, Ermənistanın da güclənməsini təklif etdik, bunun üçün sülhə imza atmalı, regional layihələrə mane olmamalı və bu layihələrdən fayda götürməlidir.
Nəhayət bəlli oldu ki, Qərb Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Nə ABŞ, nə Aİ, nə də Ermənistan bu məsələ ilə bağlı prinsipial, qətiyyətli və inamlı fikir söyləmədi.
Əsas hədəfin Paşinyan hakimiyyətinin gücləndirilməsi olduğu nümayiş olundu. Gürcüstanda siyasi hakimiyyəti əlində saxlaya bilməyən ABŞ eyni testi Ermənistanda aparır.
Bu gün Prezident İlham Əliyev M.Çavuşoğlu ilə görüşündə belə bir fikir səsləndirdi: “ABŞ, Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçirilən üçtərəfli görüşə toxunan dövlət başçısı bildirib ki, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır. Halbuki, son günlər həm ABŞ-nin, həm də Avropa İttifaqının yüksəkvəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Prezident İlham Əliyev qeyd edib ki, lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür…”.
Maraqlıdır ki, üçtərəfli görüş zamanı Ursula von der Leyen “Ermənistan Qara dəniz sualtı kabeli vasitəsilə Avropaya təmiz enerji nəqlində maraqlıdır”, “Biz Ermənistanın “yaşıl enerji” istehsalına və Gürcüstanla daha yaxşı əlaqələnməsinə dəstək verəcəyik” fikirlərini səsləndirmiş oldu.
Deməli, İ.Əliyev Qərbin Cənubi Qafqazla bağlı planları barədə dəqiq məlumatlıdır və üçtərəfli görüşü “Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi” adlandırmaqda haqlıdır.
Samir Feyruzov
TEREF