Aİ-ABŞ-İrəvan anlaşmasının icrası atəşlə başladı
6-04-2024, 16:38
Brüssel görüşündə hərbi pakt imzalanmasa da, Ermənistanı təxribatlara həvəsləndirən müqavilələr bağlandı, maliyyə yardımı ayrıldı; qapalı görüşlərin nəticəsi gizli saxlanılır; Bakıdan reaksiya
Aprelin 5-də Brüseldə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüş Bakı vaxtı ilə saat 14-də başlayıb. Görüşdən öncə keçirilən brifinqdə Avropa İttifaqı və ABŞ təmsilçiləri verdikləri açıqlamalarla əslində görüşün məqsədini və hansı məsələlərin müzakirə ediləcəyini bəyan etmiş olublar.
Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan Azərbaycanla normallaşma prosesinə sadiqdir.
“Biz 1991-ci il Almatı bəyanatına uyğun olaraq, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında Azərbaycanla normallaşma prosesinə sadiq qalırıq. Ermənistan həmçinin Almatı bəyanatı əsasında sərhədlərin delimitasiyasına və regional kommunikasiyaların ölkələrin suverenlik prinsipi əsasında açılmasına sadiqdir”, - Paşinyan vurğulayıb.
ABŞ dövlət katibi Entoni Blinken Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşündən əvvəl bildirib ki, Amerika sülhün olduğu Cənubi Qafqaz istəyir. “Biz Ermənistan xalqının gələcəklə bağlı baxışlarını bölüşürük və bu ölkənin güclü, müstəqil və qonşuları ilə sülh şəraitində yaşamasını və regionla əlaqələnməsini istəyirik. ABŞ və Aİ bu səylərin həyata keçməsində tərəfdaşdır”, - Blinken deyib.
O, Ermənistan hökumətinin islahatlarını dəstəklədiklərini və bu istiqamətdə investisiya qoyduqlarını bəyan edib: “Belə ki, 2023-cü ilin büdcəsindən bunun üçün 65 milyon dollar ayrılıb ki, bu da iki il əvvəllə müqayisədə daha çoxdur”.
Blinken Ermənistanın iqtisadi və siyasi dayanıqlılığının güclənməsi üçün dəstəyi davam etdirdiklərini vurğulayıb.
O qeyd edib ki, ABŞ Qarabağı tərk edən erməniləri də dəstəkləməyə davam edəcək: “Bu, Ermənistanın uzunmüddətli stabilliyi və çiçəklənməsi, eyni zamanda regional sabitlik üçün vacibdir. Biz onların Ermənistan iqtisadiyyatına inteqrasiyasını dəstəkləyirik”.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen isə üçtərəfli görüşdən əvvəl bildirib ki, Avropa İttifaqı Ermənistana 270 milyon avro məbləğində qrant yardımı ayıracaq. O qeyd edib ki, bu vəsait qarşıdakı 4 il ərzində ayrılacaq: “Biz Ermənistan iqtisadiyyatının və cəmiyyətinin şoklara dayanıqlı və güclü olması üçün investisiya qoyacağıq, eyni zamanda Ermənistanda kiçik və orta sahibkarlığı dəstəkləyəcəyik. Bununla da Ermənistanın böyüməsi, inkişafı və yeni bazarlara çıxışına kömək edəcəyik. Biz həmçinin aparıcı infrastruktur layihələrinə investisiya qoyacağıq. Məsələn, Qara dəniz sualtı kabel layihəsi Avropaya təmiz enerji gətirəcək. Biz Ermənistanın "yaşıl enerji" istehsalına və Gürcüstanla daha yaxşı əlaqələnməsinə dəstək verəcəyik".
Ursula fon der Leyen Ermənistan hökumətinin “Sülhün kəsişməsi” təşəbbüsünü təqdir edib. Onun sözlərinə görə, Avropa İttifaqı Ermənsitanda islahatlarda dəstək verməyə davam edəcək.
Avropa Komissiyasının Prezidenti Ermənistan hökumətinin “demokratik islahatları”nı alqışlayıb, Ermənistana Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq istiqamətində Aİ-nin səylərinə qoşulduğu üçün təşəkkür edib: “Bu, Ermənistanın və Aİ-nin ortaq dəyərləri və ortaq maraqları olduğunu göstərir”.
Ursula fon der Lyayen deyib ki, Aİ ötən ilin sentyabrından bəri Qarabağı tərk edən ermənilərin inteqrasiyası üçün 30 milyon avro ayırıb və onlar bu istiqamətdə uzunmüddətli dəstək verməyə hazırdırlar.
“Biz Ermənistanın gələcəyi, habelə sabit, çiçəklənən və sülhün olduğu Cənubi Qafqaz üçün işləməyə davam edəcəyik”, - o əlavə edib.
Brüssel görüşündə hərbi pakt imzalanmasa da, göründüyü kimi, Ermənistanı təxribatlara həvəsləndirən müqavilələr bağlanıb, maliyyə yardımı ayrılıb.
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirib ki, Brüsseldə Ermənistana maliyyə və informasiya dəstəyinin veriləcəyi açıqlandı: “ABŞ dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel mətbuat qarşısında çıxışlarında Ermənistana təhlükəsizlik təminatı və ya hərbi yardım veriləcəyi barədə heç nə demədilər. Mümkündür ki, bu mövzu qapalı dairədə müzakirə olunub, hərbi yardımın indiki mərhələdə açıqlanması lazım bilinməyib. ABŞ və Avropa İttifaqı rəsmiləri Brüsseldə Qarabağ ermənilərinə maliyyə ayıracaqlarını bildirdilər. Bu maliyyənin Qarabağ ermənilərinin Ermənistan cəmiyyətinə inteqrasiya və yerləşməsi üçün ayrılacağı vurğulandı. Elə bizə də o lazımdır ki, Qarabağ erməniləri Ermənistanda qalıb yaşasınlar, çünki onlar geri dönüb Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. Vaşinqton və Brüssel ermənilərin Qarabağa qayıtmayacağı reallığını qəbul edib.
Beləliklə, ABŞ və Avropa İttifaqı Brüssel görüşü vasitəsilə Ermənistanı himayəsi altına aldığını elan etdi. Brüssel görüşünün əsas nəticəsi budur. Vaşinqton və Brüssel faktiki bəyan etdilər ki, Nikol Paşinyan hakimiyyətini Rusiyanın təzyiqlərindən qorumağa hazırdılar. Ancaq Vaşinqtonun və Brüsselin Ermənistana ayırmağa planlaşdırdıqları maliyyə böyük deyil. Bu, Ermənistanı Rusiyanın iqtisadi təzyiqlərindən qorumaq üçün kifayət etməyəcək. Rusiya Ermənistana satdığı qazın qiymətini artırarsa və ya ümumiyyətlə kəsərsə, İrəvanın bu vəziyyətdən neçə çıxacağı bəlli deyil. Təəssüf ki, Entoni Blinken və digərləri Brüsseldəki ortaq açıqlamalarında Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması vacibliyi barədə heç nə demədilər. Onlar Paşinyanın “sülh kəsişməsi” ideyasına dəstək verdiklərini söylədikləri halda Prezident İlham Əliyevin daha geniş “Qafqaz evi” ideyasına münasibət bildirmədilər. Ursula fon der Lyayen onu da söylədi ki, Ermənistanın Qara dəniz sualtı kabel vasitəsilə Avropaya təmiz enerji nəqlində maraqlıdırlar. “Biz Ermənistanın "yaşıl enerji" istehsalına və Gürcüstanla daha yaxşı əlaqələnməsinə dəstək verəcəyik" - deyən Avropa İttifaqı rəsmisi bu mövzuda danışarkən layihənin əsas iştirakçısının Azərbaycan olduğunu söyləmədi. Halbuki Avropaya yaşıl enerjinin nəqli ideyası Azərbaycana məxsusdur və Qara dənizin dibi ilə sualtı kabel çəkiləcək. Ermənistanın bu layihəyə qoşulması üçün mütləq şəkildə Azərbaycanla sülh sazişi imzalaması lazımdır, əks halda, Qara dənizin dibi ilə ikinci sualtı kəmər çəkiləcək".
“İndi hamı öz mövqeyini ortaya qoymalıdır”. Bunu isə politoloq Zaur Məmmədov deyib: “Brüssel görüşündə faktiki olaraq Ermənistanın siyasət, iqtisadiyyat, informasiya, elmi-texniki, humanitar, milli-ideoloji sahələrinin təhlükəsizliyi və inkişafını təmin etməyi məqsədi güdən qərarlar qəbul edildi. Bu görüş Ermənistana Qərbin əsas aktorları sayılan ABŞ və Aİ-nin, onların müxtəlif institutlarının açıq müstəvidə dəstəyi idi. Tarix təkrarlanır. 1915-1920-ci illərdə olduğu kimi, 5 aprel 2024-cü il görüşü də "erməni xalqının xilası" üçün baş tutan görüş idi. 100 il əvvəl olduğu kimi bugünkü gündə də faktiki olaraq eyni beynəlxalq və regional aktorlar erməni mövzusunda birləşərək vahid mövqe ortaya qoydular.
Görünən odur ki, 44 günlük müharibə və 19-20 sentyabr antiterror tədbirlərinin yekunları kimi bölgədə formalaşmaqda olan yeni siyasi mənzərəyə qarşı ciddi təzyiqlər bundan sonra artan xətt üzrə davam edəcək. Brüssel görüşünə bəzilərinin “mülayim” reaksiyası, bəzilərinin isə susqunluğu kimin harada kimlə olduğunu göstərir.
Qərbin bəzi mərkəzlərinin və regional dövlətlərdən bəzilərinin planları Cənubi Qafqazı böyük fəlakətə gətirə bilər. Ətrafımızdakı bütün aktorlar indi öz mövqelərini ortaya qoymalıdırlar.
Son baş verənlər fonunda Türkiyə, İran, Rusiya, ABŞ, Aİ kimi aktorların Qafqazla bağlı fikir və arzularında uzlaşma və zidiyyətləri təhlil etsək, ortada maraqlı bir mənzərə formalaşır.
Bu gün mövqelərini bu və ya digər şəkildə ortaya qoyan uzaqdakı və yaxındakı aktorlar sabah baş verəcək hadisələr fonunda bütün məsuliyyət yükünü çiyinlərində daşıyacaqlar. Bu gün erməni dövlətini aktiv və ya passiv şəkildə bir daha dəstəkləyən aktorlar sabah bu davranışlar fonunda Azərbaycan dövlətinin hansı nəticələr çıxaracağına və hansı adekvat qərarları verəcəyinə hazır olsunlar".
Bir sıra siyasi analitiklər isə hesab edir ki, ABŞ və Avropa İttifaqı Ermənistanı Cənubi Qafqazda bir silahlı forpost kimi yaratmaq cəhdlərinin gələcəkdə çox böyük fəsadlar törədəcəyini dərk edir. İstisna deyil ki, üçtərəfli görüşdə Ermənistanla hərbi pakt imzalanmamasında bu məqam, həmçinin Azərbaycanın xəbərdarlıq kimi etirazlarının da rolu oldu. Azərbaycan ən yüksək səviyyədə ABŞ və Avropadakı tərəfdaşlarına xəbərdarlıq etmək üçün açıqlamalar vermişdi.
Xatırladaq ki, görüşdən iki gün öncə bu görüşün iştirakçısı, ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Dövlət katibi 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını iddia edərək, sözügedən görüşün əsas mahiyyətinin Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini bildirib.
İlham Əliyev isə qeyd edib ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycanla sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlət başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb. İlham Əliyev həmçinin Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu bildirib.
ABŞ dövlət katibi Entoni Blinkendən bir gün sonra isə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. Beləliklə, hər iki rəsmi şəxs - Blinken və fon der Lyayen dövlət başçısı İlham Əliyevi məlumatlandırmağı lazım bildi. Blinkenlə fon der Lyayenin İlham Əliyevlə telefon danışığında fərq diqqəti çəkib. Blinken telefon danışığının başlanğıcında Brüssel görüşündən danışaraq Azərbaycanın narahatlığı üçün əsas olmadığını söyləmiş və bundan sonra da Vaşinqtonla Bakı arasında sıx əməkdaşlığın davamına toxunmuşdu. Fon der Lyayen isə əksinə, əvvəlcə Avropa İttifaqı ilə Azərbaycan arasında müxtəlif sahələrdə artan əməkdaşlıqdan danışaraq sonda Brüssel görüşü barədə fikirlərini səsləndirib. İlham Əliyev Azərbaycanın həm ABŞ, həm də Avropa İttifaqı ilə əməkdaşlığa sadiq qaldığını söyləməklə yanaşı, Brüssel görüşü barədə tənqidi fikirlərini də sözlərinə əlavə edərək, bunun gərginliyə səbəb olacağını xatırladıb. Eyni səpgili açıqlamanı Türkiyə Xarici İşlər Nazirliyi yayımlayıb.
Brüssel görüşü davam edən saatlarda Ermənistan artıq açıq hərbi təxribatlara start verdi. Belə ki, aprelin 5-i saat 15:10-dan 17:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribatlarına zəmin yaratmaq məqsədilə Azərbaycan Ordusunun Tovuz rayonunun Hacalı, Ağbulaq, Ağdam, Qaralar, Köhnə Qışlaq və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətlərindəki mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən təkmilləşdirilməsi işlərini görməyə cəhd göstəriblər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
“Bundan başqa, saat 17:25 radələrində Berd rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərdən ordumuzun Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub”, - məlumatda deyilir.
Bu o deməkdir ki, ABŞ-Aİ-İrəvan müqavilələrinin icrasına atəşlə start verildi...