“Rusiya və İran burunlarının ucundan qaz kəmərinin keçməsinə biganə qalmayacaq”

23-04-2024, 00:01           
“Rusiya və İran burunlarının ucundan qaz kəmərinin keçməsinə biganə qalmayacaq”
Aprelin 24-25-də Parisdə Türkmən Enerji İnvestisiya Forumu (TEIF 2024) keçiriləcək. Bu tədbir Türkmənistanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsi məqsədi ilə keçirilir. Aşqabad xarici investorlara quruda ən böyük qaz yatağı olan “Qalkınış”ın işlənməsini təklif edir. Son bir il ərzində Türkmənistan hakimiyyəti türkmən qazının Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarlarına çıxması ideyasını israrla təbliğ edir.

Türkmənistanın Xəzərin dibi ilə Transxəzər qaz kəməri çəkmək ideyası 2007-ci ildən müzakirə olunur. Onun vasitəsilə Türkmənistan qazı Azərbaycan ərazisindən keçməklə Avropa İttifaqı ölkələrinə gedə bilərdi. Müxtəlif hesablamalara görə, layihə 2-5 milyard dollara başa gələcək. Lakin indiyədək bu layihəyə ciddi maraq olmayıb. Hələ 2023-cü ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, layihənin kim tərəfindən maliyyələşdiriləcəyi məlum olana qədər həyata keçirilməsi qeyri-real görünəcək.

“Siz çox yaxşı bilirsiniz ki, Avropa bankları indi mədən yanacaq layihələrini maliyyələşdirməyi dayandırıb. Ona görə də bunun üçün xeyli vəsait cəlb etmək çətin olacaq”, - deyə Azərbaycan lideri vurğulamışdı.

Bununla belə, Türkmənistan hakimiyyəti ümidini itirmir. Martın əvvəlində eks-prezident Qurbanqulu Berdıməhəmmədov Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə səfər edib və bu səfər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla türkmən qazının Türkiyəyə mümkün tədarükü perspektivlərini müzakirə edib. Görüşün yekununda tərəflər təbii qaz sahəsində əməkdaşlığın inkişafına dair Protokol və neft və təbii qaz sahələrində əməkdaşlığa dair Niyyət Bəyannaməsi imzalayıblar.

Sənədləri imzaladıqdan sonra Berdıməhəmmədov bildirib ki, Türkmənistandan qaz Türkiyə və Avropaya iki yolla - ya Xəzər dənizi və Azərbaycan, ya da İranın boru kəməri infrastrukturu vasitəsilə gedə bilər.

Bundan əlavə, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Avropaya bir neçə səfər edib və orada bu məsələni müzakirə edib.

Mövzu ilə bağlı AYNA-ya danışan “Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, Türkmənistan təbii qaz ehtiyatlarına görə dünyada dördüncü yeri tutsa da, bu ölkə beynəlxalq bazarlardan uzaqda yerləşir və buna görəd də problemlər yaranır: “Əminəm ki, yaxın 50 ildə Türkmənistan Çin istisna olmaqla, beynəlxalq bazarlara çıxış tapa bilməyəcək. 2023-cü ilin noyabrında türkmən qazının İraqa nəqli ilə bağlı intensiv danışıqlar gedirdi. İki sənəd imzalansa da, onları kommersiya əməliyyatına çevirmək mümkün olmayıb”.

“Ötən il Azərbaycan Türkmənistandan 1,5 milyard kubmetr qaz alıb, lakin bu, məhdud həcmdir. Türkmənistan qazı İran vasitəsilə Azərbaycana nəql olunur. İranın qaz nəqli infrastrukturu isə Azərbaycana 2 milyard kubmetrdən çox olmayan qaz nəql etməyə imkan verir. Bu vəziyyətin yaxın gələcəkdə dəyişəcəyini gözləmək real deyil”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya böyük həcmdə nəqlindən danışılarsa, onda Xəzər dənizinin dibi ilə qaz kəmərinin çəkilməsi mümkündür: “Söhbət 10 milyard kubmetr qaz nəqlindən gedir. Ancaq indiki şəraitdə və ortamüddətli perspektivdə bu, böyük riskdir. Bir il yarım əvvəl biz Baltik dənizində Rusiyadan Almaniyaya gedən boru kəmərlərində müəmmalı partlayışın şahidi olduq. İndi təsəvvür edin ki, Xəzərin dibi ilə qaz kəməri çəkilib və o, eyni risklə üzləşib. Rusiyanın şimalında və İranın cənubunda yerləşdiyi üçün bu risk yüksəkdir. Hər iki ölkə Qərbin sanksiyalarına məruz qalır və hər iki ölkə də təbii qaz hasil edir. Düşünmürəm ki, Rusiya və İran türkmən qazının elə burunlarının ucunda Avropaya necə nəql edilməsinə sakitcə baxacaqlar”.

“Azərbaycan öz boru kəmərlərini yaradanda Rusiya və İranın bu cür təzyiqlərindən yayına bildi. Sırf nəzəri cəhətdən Transxəzər qaz kəmərinin tikintisi bir neçə il çəkəcək və bu vaxta qədər Türkmənistan daimi qaz alıcıları tapmalı və onlarla uzunmüddətli müqavilələr imzalamalıdır. Amma fakt budur ki, 2040-cı ildən sonra Avropa enerji istehlakını kəskin şəkildə azaldacaq, çünki Avropa Yaşıl Sövdələşməsinə (European Green Deal) əsasən, Avropa İttifaqı ölkələri 2050-ci ilə qədər karbon neytral olmalıdır, yəni Avropa iqtisadiyyatı yaşıl enerjiyə keçəcək. Türkmənistanın böyük təbii qaz ehtiyatlarına malik olmasına baxmayaraq, vaxt itirib. Şəxsən mən inanmıram ki, yaxın illərdə Türkmənistan böyük həcmdə qazını Çindən başqa hansısa ölkəyə ixrac edə bilsin. Türkmənistan vaxt itirdi və imkanlarını əldən verdi”, - deyə Şaban fikrini yekunlaşdırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.