Təhdidə çevrilən inkişaf: Süni intellektin "çılpaq həqiqətləri"
Dünən, 16:18

"Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.
Bu dəfə proqramda süni intellektin cəmiyyətə təsiri, yaratdığı imkanlar və təhlükələr, həmçinin onun tənzimlənməsi ilə bağlı qlobal yanaşmalardan bəhs olunub.
Verilişdə bildirilib ki, süni intellekt artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin onun doğurduğu təhlükələr də az deyil.
"Deepfake" texnologiyası ilə yaradılan saxta videolar və səslər istər ictimai fiqurları, istərsə də məktəbliləri hədəfə çevirir.
Məsələn, ABŞ-də süni intellektlə yaradılmış saxta Co Bayden səsi seçki prosesinə təsir edib. Yeni Zelandiyada isə baş nazir parlamentdə saxta çılpaq fotosunu nümayiş etdirərək bu texnologiyanın təhlükələrinə diqqət çəkib.
Böyük Britaniyada qadın siyasətçilər, Hindistanda aktrisa Raşmika Mandanna və ABŞ-də məktəbli Elliston Berri "deepfake" texnologiyasının qurbanı olublar.
Bir çox ölkələr bu risklərə qarşı artıq hüquqi tədbirlər görməyə başlayıb. Avropa İttifaqı "AI Aktı"nı qəbul edib, Cənubi Koreya və İspaniyada isə bu texnologiyanın sui-istifadəsinə qarşı sərt cəza tədbirləri tətbiq olunur.
Bununla yanaşı, süni intellektin müsbət tərəfləri də vurğulanıb. Belə ki, bu texnologiya səhiyyədə diaqnostikaya dəstək verir, təhsil və ekologiya sahələrində isə inqilabi dəyişikliklərə səbəb olur.
Mütəxəssislər hesab edirlər ki, süni intellekt yalnız etik və məsuliyyətli şəkildə istifadə olunarsa, insanlıq üçün faydalı alətə çevrilə bilər.