ÇİN UKRAYNADA “SONSUZ MÜHARİBƏ” İSTƏYİR - "Belə bir Rusiya Çin üçün idealdır"

Bu gün, 00:17           
ÇİN UKRAYNADA “SONSUZ MÜHARİBƏ” İSTƏYİR -
"Zəif Rusiya Pekinin vassalı kimi qalacaq”

Çin Rusiyanın Ukraynadakı müharibədə uduzmasını istəmir, eyni zamanda Vladimir Putinin birmənalı qələbə qazanmasını da istəmir.

“AzPolitika” xəbər verir ki, “The Hill” nəşrində dərc edilən məqalədə belə deyilir.

Müəllifin fikrincə, Çin üçün ən yaxşı variant Rusiyanı mümkün qədər zəiflədəcək üzücü müharibədir.

O hesab edir ki, çinli diplomatların ABŞ-nin hazırda Çin üçün ən böyük problem olması ilə bağlı iddialarına baxmayaraq, əslində bu problem Rusiyadır: "Bəli, Çin, şübhəsiz ki, ABŞ-dən canını qurtarmaq istəyir və buna görə də hər hansı formada diqqətin yayındırılması onun üçün məqbuldur. Amma Amerika qonşuluqda deyil və tükəndirici müharibədə iştirak etmir... Əksinə, Rusiya Çin üçün daha birbaşa təhlükəsizlik problemi və hətta təhdid yaradır".

Müəllif qeyd edir ki, Ukraynada müharibəni bitirmək üçün üç variant var, lakin Çin üçün onlardan yalnız biri sərfəlidir: “Əgər Rusiya Ukraynada qalib gəlsə, Putin özünə həddən artıq arxayın olacaq və NATO ölkələrinə hücum edə və ya Şimali Qazaxıstanı ilhaq etməyə cəhd edə bilər ki, bu da Çinə fayda verməyəcək”.

O, həmçinin qeyd edir ki, qalib Rusiya "əzələ nümayiş etdirməyə" və Çinlə "sərhədsiz dostluğunu” şübhə altına almağa başlaya bilər. Bu dostluq bir gecədə yox olmasa da, şübhəsiz ki, Çinin səbrini sınayacaq daha mürəkkəb vəziyyət yaradacaq.

Rusiya Ukraynada uduzsa, Çin üçün də əlverişsiz olan bir sıra sabitliyi pozan ssenarilər yarana bilər: "Tamamilə məğlub olmuş Rusiya daxili zorakılığa qərq ola və bununla da Avrasiyada sabitliyi poza bilər. Vladimir Putin çevriliş vasitəsilə devrilə və onun rejimi çökə bilər. Bu halda elita daxilində çəkişmələr qaçılmazdır və vətəndaş müharibəsi başlaya bilər. Qeyri- ruslar xaosdan istifadə edərək müstəqilliyini elan edə bilər. Bu zaman Çin Rusiyanın Uzaq Şərqinin böyük ərazilərini ilhaq edə bilər, lakin bu qazanclar böyük təhlükəsizlik təhdidləri ilə müqayisədə kölgədə qalacaq”.

Müəllif yazır ki, Çin üçün ən əlverişli ssenari Rusiyanın qismən qalib gəldiyi, lakin əhəmiyyətli dərəcədə zəiflədiyi ssenaridir. Bunun üçün qaçılmaz olan uzun sürən, yorucu müharibə ABŞ-nin diqqətini yayındırır və Qərbi narahat edir.

Bu da Çinin təsirini gücləndirir: "Nəticədə istənilən halda məğlubiyyətin qaçılmaz olduğu müharibəyə cəlb edilən zəif Rusiya Pekinin vassalı kimi mövcud olmağa davam edəcək. Belə bir Rusiya Çin üçün idealdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru