Regionda yeni münaqişə alovlandırılır - TƏHLİL

23-04-2024, 09:18           
Regionda yeni münaqişə alovlandırılır - TƏHLİL
İsrail İranla razılaşdırılmış “savaş”dan sonra üzünü Misirə çevirib…

İran-İsrail siyasi tamaşası şübhə doğuran kifayət qədər nüansların varlığına baxmayaraq, davam edir. Tərəflərin bir-birinə endirdikləri raket zərbələri real dağıntılara səbəb olmur və hər şeyin "ölçülüb-biçilmiş" hərbi əməliyyat olduğu təəssüratını yaradır. Hər iki tərəf əndazəni aşmamaq şərti ilə "düşmənçilik təlqini"ni dünyaya sırısalar da, bu qurama düşmənçilik oyunundan düyüq düşənlər də var. Həm də bu dünya miqyasında tanınmış ekspertlərin dilindən səsləndirlir.

Məsələn, bu qəbildən olan iddia dünən aşağıdakı formada dilə gətirildi: “İran və İsrail yəhudi dövlətinin cavab hücumunun miqyası ilə bağlı gizli razılığa gəliblər”. Bu fikri Münhen Universitetinin hərbi eksperti Karlo Masala səsləndirdi. Ekspert İsrail və İranın cavab hücumunun miqyası ilə bağlı razılaşma əldə etməsi ehtimalını istisna etmir. Onun sözlərinə görə, bu razılaşmanın bir hissəsi olaraq iranlılar “qeyri-rəsmi olaraq çox kiçik, yığcam zərbə barəsində razılığa gəliblər” və “eskalasiyaya getməyəcəklərinə” söz veriblər.

Amma İran-İsrail oyunu yalnız bununla məhdudlaşmır. Dünya gündəmində paylaşılan başqa xəbərlər də maraqlı məqamları üzə çıxarır. Birinci məqam budur ki, ABŞ Konqresi maliyyə tranşlarının ayrılması üçün 4 qanun layihəsini təsdiqləyib - Ukraynaya 61 milyard dollar, İsrailə 17 milyard, Tayvana 8 milyard ayrılıb. Daha 9 milyard isə Qəzzada limanın tikintisinə və fələstinlilərə humanitar yardımın çatdırılmasına xərclənəcək. Burada deyirlər ki, "xoruzun quyruğu göründü".

İsrail tərəfi Misirə qarşı ərazi iddiası irəli sürərək, daha bir gülüş doğuran iddia ortaya atıb. Məsələ bundan ibarətdir ki, İsrail Sinay yarımadasını Misirin əlindən alacağı barədə hədə-qorxu gəlib. Səbəb isə odur ki, Musa peyğəmbər bu coğrafiyaya qədəm basıb və onu "mübarək" ayağı bu torpağa dəyib.

Bundan əvvəl İsrailin Qəzza sakinlərini Sinay yarımadasına köçürməsi təklifi ilə Misirə üz tutduğu, Qahirənin isə buna isti yanaşmadığı xəbəri paylaşılmışdı. Belə görünür ki, Misir həm İsrailin Rəfah bölgəsinə hücumla ələ keçirmək istədiyi Filadelfiya dəhlizini "uduzmaq" təklifinə razı deyil, həmçinin qəzzalıları Sinay yarımadasına qovmaq təklifinə də müsbət cavab almadığından Tel-Əviv bu ərazini Misirin əlindən alacağı ilə təhdid edir. Məqsəd isə ABŞ-ın Çinin İpək Yoluna alternativ kimi irəli sürdüyü Hindistandan başlayan Baharat Yolunun əsas nöqtələrindən biri olan Qəzzanı tam nəzarət altına almaqdır. Çünki ABŞ Konqresinin Qəzzada liman tikintisinə 9 milyard dollar vəsait ayırmasını başqa cür izah etmək məntiqsiz olardı.

İkinci məqam - "Bloomberg" təkidlə iddia edir ki, Yaxın Şərqdəki qeyri-sabitlik qlobal logistikanı Rusiya Federasiyasının xeyrinə dəyişə bilər. Amma necə? Yaxın Şərqdə qeyri-sabitliyi görmək üçün 3D eynəyinə ehtiyac yoxdur. Və bu gərginliyi pik həddə çatdıran əsas fiqur İsraildir. Bəs Yaxın Şərqdəki qeyri-sabitlik qlobal logistikanı Rusiyanın xeyrinə necə və niyə dəyişə bilər? Əsas cavablandırılmalı sual budur? Bəs Süveyş kanalının Husi hücumuna uğramasının, İsrailin Qəzzaya, ardınca İrana "qurama hücumu"nun, Livana, İraqa, Suriyaya son zərbələrinin altında nə kimi məqamlar yatır?

Əslində, İranın Hindistandan başlayaraq öz ərazisinə, oradan Ermənistana, Gürcüstana, Qara dənizlə Avropaya keçirmək istədiyi marşrut elə Baharat Yolu layihəsinin müasir versiyasıdır ki, Tehran bu istiqamətdə israrlıdır. Əlbəttə, Fransanın Odessa limanını ələ keçirmək istəməsi də də İran-Fransa tandeminin Baharat Yolunun müasir versiyasında hakim mövqe tutmaq istəməsi ilə bağlıdır. ABŞ-ın İsraillə birgə planladığı Qəzza əməliyyatının da arxa planı Baharat Yolu layihəsinin öz istədiyi versiyasını reallaşdırmağa xidmət edir. Baharat Yolunun ABŞ versiyasının bir xətti (İMEC) Hindistan-Yaxın Şərq- Avropa İqtisadi Dəhlizi Bombeydən başlayaraq BƏƏ, Səudiyyə Ərəbistanı və İordaniyadan keçərək İsrailin Hayfa limanına, digər xətti isə Cənubi Kipr Rum Respublikasından keçərək Yunanıstanın Pire limanına, oradan da Almaniyanın Hamburq limanına çatır. Bu versiyada Misir əsas halqalarından olduğu Baharat Yolunun ənənəvi marşrutundan kənarda qalır. Təbii ki, Süveyş kanalı da oyundan kənar vəziyyətə düşür.

Beləliklə, aydın olur ki, husilər niyə Qırmızı dənizdə quldurluq edirlər. Eləcə də İsrailin İraqla Suriyaya son endirdiyi zərbələrin də sirri açığa çıxır. Burada da İsrailin İrana etdiyi "jest"in pərdəarxası məlum olur. Çünki İraqla Suriya parçalanmlş vəziyyətdə olsa da, bu durum hələ rəsmiləşməyib.

Burada bir haşiyə çıxaraq qeyd edə bilərik ki, İraqla Suriyanın parçalanmasının rəsmiləşməsində İŞİD-dən istifadə ediləcək. Məsələn, "Al Monitor" nəşri, "İŞİD Suriyada canlanma üçün İran-İsrail qarşıdurmasından istifadə edir" başlıqlı yazısında bu nüansa toxunub. Nəşr yazır ki, regionda artan qeyri-sabitlikdən və İran və İsrail arasında görünməmiş “hərbi qarşıdurma”dan istifadə edən İŞİD tədricən “vur-qaç” taktikasından istifadə edir. Qeyd olunur ki, qüvvələrin yerdəyişməsi, Suriya Demokratik Qüvvələri (SDQ) ilə Suriya ordusu arasında koordinasiyanın olmaması fonunda İŞİD Rakka ilə Deyr əz-Zoru ayıran həyati əhəmiyyətli magistralın bir hissəsini ələ keçirə bilib.

“Bütün cəbhələrdə daha dolğun səylər göstərilmədikcə, bu hücumların Suriyanın şərqindəki bəzi bölgələrdə suriyalı və kürd istehkamlarının və mövqelərinin qəfil dağıdılmasına gətirib çıxara biləcəyi ehtimalı var... İŞİD Mosulu ələ keçirmək ssenarisinə stavka edir və İranın Dəməşqdəki konsulluğuna hücumdan sonra mövcud gərginlik qruplaşmanın yararlana biləcəyi boşluq yaradır”, - deyə məqalədə qeyd edilir. Görünür ki, "xorladılmış" İŞİD-ə həm Yaxın Şərqdə, həm də Mərkəzi Asiyada mühüm missiya həvalə ediləcək.

Ümumiyyətlə, dünya KİV-lərinin gündəmində "İŞİD qüvvələrinin yarısını Tacikistandan toplayır" başlıqlı yazılar dolaşmaqdadır. Bu barədə "Nyu York Times"da material paylaşılıb. "NYT" analitikləri deyirlər ki, müxtəlif problemlər tacikləri İŞİD kimi terror qruplaşmalarına cəlb olunmağa itir, onlardan biri də yoxsulluqdur.

Tacikistanın yeni nəsli gələcəyə inamını tamamilə itirib. Yalnız iki variant var: dünyəvi diktatura və İŞİD. Ya da digər radikal İslam qruplarının mövcudluğu. Ekspertlər deyirlər ki, ekstremizm üçün vahid resept və ya düstur yoxdur, lakin bəzi gənc tacik mühacirləri üçün şəxsi narazılıqlar geosiyasi mülahizələrdən üstündür.

Qayıdaq İraqla Suriyanın parçalanmasına. Parçalanmanın rəsmiləşəcəyi variantda isə İraqla Suriya orada onsuz da güclü olan İranın nüfuz dairəsinə keçəcək ki, bu da bölgəni Türkiyənin ixtiyarına buraxmaq istəməyən ABŞ-la İsrailin işinə yarayır. Göründüyü kimi, Yaxın Şərqdə qeyir-sabitliyin Vaşqintonun ciddi-cəhdləri ilə alovlanırmış kimi təəssüratı yaranır. ABŞ-İsrail-İran üçlüyünün İraqla Suriyada planladığı məkrli parçalanma və oranı Tehranın nüfuz dairəsinə salmaq planını "zibil yeşiyinə atmaq" məqsədilə Prezident Ərdoğan 22 aprel tarixində "nağıllar şəhəri" olan əsrarəngiz Bağdada səfər edib.

Ərdoğanın İraq səfərinin pərdəarxası

Fars körfəzinin hinterlandını Türkiyə üzərindən Avropaya açacaq "İnkişaf Yolu Layihəsi"nin prezident Ərdoğanın 11 illik fasilədən Bağdad və Ərbilə səfəri zamanı mühüm gündəm mövzularından biri olacağı gözlənilir. İraqın cənubundakı Bəsrə şəhərində yerləşən və Yaxın Şərqin ən böyük limanı olması nəzərdə tutulan və 2025-ci ildə tamamlanması planlaşdırılan Böyük Fav Limanının tikintisi tam sürətlə davam edir.

Limandan başlayaraq Divaniyyə, Nəcəf, Kərbəla, Bağdad və Mosuldan keçərək Türkiyə sərhədinə qədər uzanan dəmir yolu və avtomobil xətlərini əhatə edən layihənin Türkiyə sərhədindən Mersin Limanına çıxışı və İstanbul vasitəsilə Avropaya çatması nəzərdə tutulur. Ekspertlər, Böyük Fav Limanını 1200 kilometr dəmir yolu və avtomobil yolları ilə Türkiyə sərhədinə birləşdirəcək layihənin regional ticarət baxımından yeni imkanlar təmin edəcəyini düşünürlər.

Avropa Xarici Əlaqələr Şurasının (ECFR) tədqiqatçısı Hamzeh Haddad, layihə vasitəsilə Asiya ilə Avropa arasında səyahət müddətini qısaltmağı və tranzit mərkəzə çevrilməyi hədəfləyən Türkiyə və İraqın ciddi fayda əldə edəcəyinə diqqət çəkərək, “Layihə hər iki ölkəyə ciddi fayda verəcək, buna şübhə yoxdur. Şübhə yoxdur ki, İraq layihənin həyata keçirilməsi üçün intensiv səylər göstərir və Türkiyə də ona dəstək verir, bu da qarşılıqlı maraqların olması mənasına gəlir”, deyə bildirib.

Belə fikir var ki, "İnkişaf Yolu Layihəsi" Süveyş Kanalı və 2023-cü ilin sentyabrında G20 Zirvə toplantısında qərara alınan, Hindistanı Yaxın Şərq vasitəsilə Avropaya birləşdirəcək “Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi” (IMEC) başqa sözlə Yeni Baharat Yolu layihəsinə alternativ olacaq. ABŞ və Avropa İttifaqının (AB) dəstəyi ilə elan edilən "IMEC" layihəsinin İraq və Türkiyədən yan keçərək yeni marşrut təklif etməsi diqqəti çəksə də, Həddad, “Türkiyə G20-də IMEC-dən kənarda qaldıqdan sonra İnkişaf Yolu Layihəsi üçün daha çox səy göstərdi. Qeyd etmək lazımdır ki, bu vəziyyət Türkiyənin İnkişaf Yolu Layihəsindən IMEC-dən daha çox faydalanacağı faktını daha da gücləndirir", deyə açıqlayıb.

Digər tərəfdən, Ankara ilə Bağdadın mühüm ticarət tərəfdaşları olduğuna diqqət çəkən Həddad, İraq daxilində PKK-ya qarşı davam edən hərbi əməliyyatlar səbəbindən İraqla Türkiyə arasındakı iqtisadi əlaqələrin bütün siyasətə necə təsir edəcəyini proqnozlaşdırmağın hələ də çətin olduğunu vurğulayıb.

Türkiyə ilə İraq arasındakı ticarət həcminin 24 milyard dolları keçdiyini nəzərə alsaq, İnkişaf Yolu Layihəsinin təklif etdiyi potensial biznes mühitinə ümid verməklə yanaşı, layihənin tərəfdaş ölkələri də bundan ciddi iqtisadi faydalar görəcək.

İraqlı siyasi ekspert Əhməd əl-Yasiri, Türkiyənin Asiya və Avropa arasındakı coğrafi mövqeyinin İnkişaf Yolu Layihəsi ilə gücləndiriləcəyinə diqqət çəkərək, "İraq Türkiyə üçün körfəzə açılan qapıdır. İki ölkə arasında ticarət əlaqəsi artıq problemli deyil, təhlükəsizlik məsələlərinə görə İraq bütün Körfəzə açılan qapıdır", - deyib.

Türkiyənin İraqla ortaqlığını genişləndirərək ticarət həcmini artırmaq və ticarət əlaqələrini şaxələndirmək istədiyinə diqqət çəkən Yasiri layihənin Türkiyənin İraqla yanaşı Körfəz və Misirlə əlaqələrinə də müsbət təsir edəcəyini bildirib. "İnkişaf Yolu Layihəsi"nin iqtisadi, geosiyasi və kommersiya baxımından Ankara və Bağdada fayda verəcəyini vurğulayan Yasiri, "Türkiyə də bu layihə ilə geosiyasi mövqeyini gücləndirəcək. İraq Türkiyəyə daha yaxın olacaq", - deyib.

"İnkişaf Yolu Layihəsi"nin Süveyş kanalından keçən dəniz yolu ilə müqayisədə Çin və Avropa arasındakı məsafəni qısaltmaqla vaxt və xərclərə qənaət edəcəyi gözlənilir. Avtomobil yolları, dəmir yolları, enerji nəqli və kommunikasiya xətlərini əhatə edən layihə Avropadan Körfəz ölkələrinə qədər geniş bir bölgəni əhatə edəcək. Layihə ilə neft və qaz nəqlinin asanlaşacağı gözlənilir.

İraq enerji mütəxəssisi Həmzə Cəvahiri Türkiyənin İraqın "İnkişaf Yolu Layihəsi"ndə ilk ortağı olduğunu və aslan paya sahib olduğunu bildirib. Türkiyənin sözügedən layihə çərçivəsində quru və dəmir yollarının marşrutu və gələcəkdə təbii qaz borularının marşrutu olduğuna diqqət çəkən Cəvahiri, İraqın bu mənada neft daşımalarında Türkiyəyə ehtiyacı olduğunu qeyd edib.

Düşünürük ki, bölgədə gedən tranzit dəhlizi savaşlarının təfərrüatlarına nəzər sala bildik. İndi isə qayıdaq "Bloomberg"in proqnozuna.

Yaxın Şərqdə qeyri-sabitliyin Rusiyanın əlinə işləyəcəyi haqda proqnoza gəlincə, məsələni belə şərh edə bilərik. "Bloomberg" yazır ki, “Şimal-Cənub nəqliyyat dəhlizinin və Rusiya Federasiyasından keçən Şimal dəniz marşrutunun Asiya ilə Avropa arasında ticarət üçün istifadəsi Yaxın Şərqdəki qeyri-sabitlik fonunda qaçılmaz ola bilər”. Həmçinin, qeyd edilir ki, hazırda bu marşrutlar Süveyş kanalından keçən marşrutdan 30-50% daha sürətlidir. Bildiyimiz kimi, Çinin Orta Dəhliz vasitəsilə Qazaxıstandan Avropaya gedən mal tədarükü Türkiyə və Aralıq dənizi vasitəsilə reallaşır. Yeni İpək Yolu marşutunun ərazisindən keçməyə namizəd olan ölkələrdən biri Rusiya idi, amma Ukrayna müharibəsi ilə bu layihə qeyir-işlək vəziyyətə salındı. Diqqət edin, Ukrayna - Rusiya müharibəsinin baş ideoloqu, maliyyəçilərindən və əsas benefisiarlarından biri Londondur. İpək Yolunun Orta Dəhlizdən keçib getməsinə müsbət yanaşan əsas cinah da Londondur. Çin ərəb ölkələrini də tərəfdaşlığa cəlb edir. ABŞ isə Yaxın Şərqi "silkələməklə" Çinin orada möhkəmlənməsinin altını oymağa çalışır. Yeni Baharat Yolunu öz istədiyi ölkələrin ərazisindən aparmağa çalışan ABŞ bununla həm İpək Yoluna alternativ ortaya qoyaraq Çinin qarşısını kəsməyə çalışır, həm də Yaxın Şərqdə qeyri-sabitliyə təhrik edərək Pekini Rusiyanın ümidinə qoymaq məqsədi daşıyır. Niyə - Rusiyanın ümidinə qalan Çin Moskvanın nazı ilə oynamağa məcbur qalsın, Vaşqinton Moskva ilə Pekini "sürtüşdürsün", nəticədə Rusiyanı Pekinə qarşı öz rəqabətdə tərəfində durmağa vadar etsin. Çinin məğlubiyyətinin təməli belə qoyulur.

“İran tezliklə nüvə bombası əldə edəcək"

Bütün deyilənlərə bir nüansı da əlavə edək. İranın İsraillə birgə "dizayn etdiyi atışma"da bir bonusu da var. Bu, onun nüvə dövlətləri sinfinə daxil olmasıdır. Bu iddianı alman mediasında "Bild" səsləndirib. "Bild"in dünənki yazı başlığı belə idi: “İran tezliklə nüvə bombası əldə edəcək". Ekspertlər son dərəcə təşvişə düşüb və xəbərdarlıq edirlər ki, İran rejimi nüvə bombası yaratmaq ərəfəsindədir və ondan istifadə edə bilər. "Bonn Universiteti"nin "Qabaqcıl Təhlükəsizlik, Strateji və İnteqrasiya Araşdırmaları Mərkəzi"nin direktoru Ulrix Şli, "Biz bu məsələdə bir neçə həftəlik müddətdən danışırıq", - deyə həyacan siqnalı verir. Ekspert həmçinin istisna etməyib ki, İran nüvə bombasından hücum üçün deyil, İsraili qorxutmaq üçün istifadə edə bilər. "İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutu"ndan İran üzrə ekspert Sima Şine isə deyib: “Bir həftə ərzində İran atom bombası istehsal etmək üçün kifayət qədər urana sahib ola bilər”.

Nüvə silahı olan ölkə statusuna malik olmaq önəmli məsələdir. Belə ehtimallar var ki, prezident seçkilərindən əvvəl ABŞ “əsrin müqaviləsi”ni - İsrail dövlətinin tanınması ilə bağlı İsraillə Səudiyyə Ərəbistanı arasında sülh müqaviləsinin imzalanmasını, yəni İsrailə "ZƏMANƏT" təmin etməyi planlaşdırır. Səudiyyə Ərəbistanı bunun müqabilində nüvə sənayesi və energetika alacaq, müasir silah növlərinin sahibi olacaq və ABŞ-la geniş iqtisadi inteqrasiya əldə edəcək. Amma əslində isə ABŞ-ın Hindistanda açıqladığı logistika planı və Qəzzada liman tikintisi üçün 9 milyardlıq plan həyata keçirilir. Bu təfərrüatlar isə açıq qalır:

1. Netanyahu nə vaxt və necə gedəcək?

2. Fələstində etnik təmizləmə nə vaxt tam olacaq?

3. Prosesin məhək daşı - ABŞ səudiyyəlilərdən əvvəlcə İsraili tanımağı, sonra isə "kökə" verməyi düşünür. Səudiyyəlilər isə əvvəlcə "kökə", sonra İsraili tanımağı tələb edirlər.

Düşünürük ki, baş verəcək yeni hadisələr prosesi tam anlamaq üçün yardımçı olacaq.

Ülviyyə ŞÜKÜROVA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.