NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”
23-04-2024, 08:11
Aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər edib.
Liderlər bu il yenidən seçildikdən sonra ilk dəfə görüşüblər.
NEWS.ru görüşlə bağlı ekspertlərin rəyini öyrənib.
Politoloqlar hesab edirlər ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələsində ümidverici sıçrayışdan və Rusiya sülhməramlılarının bölgəni tərk etməsindən sonra Moskva və Bakı Cənubi Qafqazda yeni geosiyasi reallıqda münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər.
Politoloq və hərbi ekspert Aleksandr Artamonovun fikrincə, sülhməramlı kontingentin vaxtından əvvəl çıxarılması Moskvanın Qarabağda daimi hərbi mövcudluğunu təmin etmək istəyi barədə tənqidçilərə yaxşı cavab olub.
“Rusiya ilə Azərbaycan arasında mübahisə yaratmaq cəhdi uğursuz oldu. Moskva və Bakının bu diplomatik qərarı Fransa prezidenti Emmanuel Makron kimi fiqurların manevrini xeyli çətinləşdirir. O və digər Qərb siyasətçiləri özlərinin ermənifiliyası ilə Rusiya və Azərbaycan arasında hansısa ixtilafın üzərində oynamağa davam etmək istəyirdilər. Amma bu artıq olmayacaq”, - Artamonov bildirib.
Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markovun sözlərinə görə, hazırda Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşır.
“Rusiyaya dost Azərbaycanın prezidenti İlham Əliyev dostu Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəlib. O, Ermənistanın Qərbə doğru getdiyi və Cənubi Qafqazda Rusiyanın düşmənlərinin əsas müttəfiqinə çevrildiyi bir vaxtda yeni şəraitdə əməkdaşlıq haqqında danışmaq üçün Putinlə görüşüb. Bölgədə şübhəsiz ki, yeni geosiyasi reallıq formalaşır”, - deyə Markov qeyd edib.