Blinken Əliyevə: "Azərbaycanda haqsız həbs olunanları azad edin"

30-04-2024, 11:24           
Blinken Əliyevə: "Azərbaycanda haqsız həbs olunanları azad edin"
ABŞ Azərbaycanı "haqsız yerə həbs olunanları" azad etməyə çağırıb.

Bununla son bir ayda ikinci dəfədir ki, ABŞ Dövlət katibi Anthony Blinken Prezident İlham Əliyevlə telefon danışığında ölkədə jurnalistlərin və siyasi-ictimai fəalların həbsinə toxunub.

İlham Əliyev Almaniyada keçiridyi son mətbuat konfransında jurnalistlərin həbsini "qanunvericiliyə uyğun" sayıb.

Əliyevlə bazar günü telefon danışığında Blinken iqtisadçı Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasını "humanitar jest" kimi alqışlayıb və onun tez bir zamanda tam azad edilməsinə çağırıb, ABŞ Dövlət Departamentinin məlumatında deyilir.
O, eyni zamanda Azərbaycanı beynəlxalq və insan haqları sahəsindəki öhdəliklərinə əməl etməyə və "haqsız yerə həbs edilənləri" azad etməyə çağırıb, məlumatda deyilir.

Prezident İlham Əliyev Azərbaycanın insan hüquqları sahəsində öhdəliklərinə sadiq olduğunu və ölkədə demokratik islahatların davam etdirildiyini bildirib, Azərtac yazır.

ABŞ dövlət katibi bazar günü həm Əliyevlə, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanla danışığında hər iki ölkənin sərhədlərin müəyyənləşməsində 1991-ci il Alma-Ata bəyannaməsini əsas götürməsini yüksək qiymətləndirib, Dövlət Departamenti yazır.

Anthony Blinken Paşinyanla telefon danışığında vurğulayıb ki, ABŞ-ın Ermənistanın suverenliyini və ərazi bütövlüyünü, həmçinin onun ölkənin firavan, demokratik və müstəqil gələcəyi ilə bağlı baxışını dəstəkləyir, Dövlət Departamenti xəbər verir.

Baş nazir Paşinyan bildirib ki, Tavuş vilayətinin Voskepar, Kirants və Berkaber kəndlərinin sakinlərinin narahatlığı başa düşüləndir və bu narahatlıqların qanuni həlli üçün hər şey ediləcək, Ermənistan mediası yazıb.
Dövlət katibi Anthony Blinken aprelin əvvəlində Prezident İlham Əliyevlə telefon zəngində ABŞ-ın Azərbaycanla bağlı narahatlıqlarını ifadə edib.

Dövlət departamentinin açıqlamasında deyilir ki, Dövlət katibi Azərbaycanda "haqsız həbs edilənlərin azad edilməsinə çağırıb".

Bəyanatda həmçinin bildirilir ki, Blinken İlham Əliyevlə söhbətində Azərbaycanın insan haqları və əsas azadlıqlarla bağlı beynəlxalq vəzifə və öhdəliklərinə əməl etməsinə ehtiyac olduğunu təkrar edib.

Prezident İlham Əliyev cavabında bildirib ki, "insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri tamamilə qəbuledilməzdir"- president.az saytı yazıb.

Ötən ilin sonundan bəri Azərbaycanda 15-dən çox jurnalist və siyasi fəal həbs olunub. Onlardan bəziləri qaçaqmalçılıq, dələduzluq və digər maddələrlə ittiham edilir.

Həbsdə olanlar özlərinə qarşı ittihamları qəbul etmir, həbslərini fəaliyyətləri ilə əlaqələndirirlər.
BBC












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.