Dörd ölkədə “xarici agent” ovu – Azərbaycan iki cəbhədə çalışır

30-04-2024, 09:36           
Dörd ölkədə “xarici agent” ovu –
Postsovet məkanının dörd ölkəsində “xarici agent” ajiotajı var. Bunlar Rusiya, Gürcüstan, Moldova və Azərbaycandır.

Rusiya “xarici agentlər” haqqında konkret qanunvericilik sənədi qəbul edib və Qərbə açıq-gizli rəğbət bəsləyənlərdən tutmuş Ukraynaya edilən hərbi təcavüzü doğru saymayanlara qədər hər kəsi bu qanun əsasında ittiham edir.

Adları bu siyahıya salınanlar sayı getdikcə artır. Bəzən açıq gözlə görünür ki, bu siyahıları tərtib edənlər Stalin dövrünün repressiya usulları ilə fəaliyyət göstərirlər. Hətta bir qrup “patriot” var ki, öz təşəbbüsləri ilə medianı, sosial şəbəkələri izləyir, Kremlin siyasətinin düzgünlüyünü şübhə altına alanlardan orqanlara donos yazır, onları “xarici agent” adlandırır, cəza tələb edir.

Ocağı Rusiyada yaranmış bu yoluxucu mərəz artıq Gürcüstana da sirayət edib. Ancaq bu ölkədə müvafiq qanunun qəbulu zamanı kütləvi etirazlar, eləcə də iğtişaşlar baş verib, həm də prezident Salome Zurabişvili belə bir qanunu təsdiqləməyəcəyini bəyan etdiyinə görə bu ölkənin “xarici agentlər”i nə vaxt ovlamağa başlayacağını təxmin etmək çətindir.

Bu günlərdə “Sülh naminə həmrəylik” partiyasının baş katibi Mixail Jgenti deyib ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi müxalifətin etirazlarına və müqavimətinə baxmayaraq, Gürcüstan parlamenti tərəfindən qəbul ediləcək.

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının liderləri hesab edirlər ki, bu qanunun qəbulundan sonra öz hakimiyyətlərini daha eribarlı şəkildə qoruya biləcəklər. Onlar əsas rəqiblərinin “xarici agentlər” olduğuna inanırlar və bu damğa ilə onları zərərsizləşdirəcəklərini düşünürlər. Baş nazirin tərəfdarları hətta prezident Zurabişvilini də “xarici agent” adlandırırlar. Qərblə münasibətləri yaxşı olan bütün siyasi qüvvələr bu kateqoriyaya aid edilir.

Moldovada “xarici agent” axtaranda ABŞ və Avropa ölkələri ilə sıx əlaqəsi olan siyasi qüvvələrin sıralarını nəzərdən keçirmirlər. Moldova hökuməti üçün əsl “xarici agentlər” tez-tez Moskvaya gedənlər, Moskvadan “qonaq-emissar” qəbul edənlər, RF-nin xarici siyasətini dəstəkləyənlərdir. Belə qüvvələr Moldovada mövcuddurlar və o qədər də zəif deyillər. Xüsusilə də Qaqauz Yeri muxtariyyatının rəhbərləri artıq Moldovanın hüquq-mühafizə orqanlarının lupası altına düşüb. Aleksandra Qutsulun Kremldə Putinlə görüşməsi, ondan sonra Rusiyayönümlü açıqlamalar verməsi rəsmi Kişinyovda əndişə doğurub. Qutsuldan başqa, Moskvaya gedib-gələn, əlaqə saxlayan bütün siyasətçilər nəzarətə götürülüb və onları açıq mətnlə Rusiyanın agentləri hesab edirlər.

Azərbaycanda isə durum hər üç dövlətdə olduğundan fərqlidir. Azərbaycan parlamenti “xarici agentlər” haqqında qanun qəbul etməyib və yəqin ki, etməyəcək.

Ancaq bu qanunun olmaması hökuməti xarici dövlətlərlə əməkdaşlıq, tərəfdaşlıq eədn və başqa cür işbirliyində olan ictimai-siyasi qüvvələri cinayət təqibi basqısı altında saxlamağa mane olmur.

Məsələ ondadır ki, bir sıra qeyri-hökumət təşkilatları Avropa dövlətlərindən külli-miqdarda maliyyə vasitələri əldə ediblər və bu pullar ölkəyə leqal yollarla gətirilmyəyib, Gürcüstan vasitəsilə hissə-hissə, nağd şəkildə, müxtəlif şəxslər tərəfindəm gətirilib. Bu, hüquq-mühafizə orqanlarına onlara qarşı cinayət işi açmaq üçün kifayət edib.

Yəni indilikdə “qaçaqmalçılıq” ittihamı ilə həbsə alınan şəxslərə rəsmən “xarici agent” damğası vuran yoxdur, amma onların xarici dövlətlərlə, fondlarla əlaqələrinin faş edilməsi bu anlama gəlir ki, əsas günahları xarici dövlətlər(l)ə işləməkdir.

Həbs olunanların çoxu leqal şəkildə jurnalistika fəaliyyəti ilə məşğuldur, həm də hökumətə qarşı tənqidçi mövqedədirlər. Ona görə də Azərbaycan hökuməti düşünür ki, bu şəxslər aldıqları maliyyə vəsaitinin müqabilində xarici dövlətlərin və fondların sifarişini yerinə yetirirlər.

Məsələnin mahiyyəti budur. İstintaq tərəfi işi “qaçaqmalçılıq” ittihamı ilə araşdırsa da, müdafiə tərəfi bu həbsləri “söz və mətbuat azadlığına basqı”, “tənqidi jurnalistikanı boğmaq cəhdi” adlandırır, kampaniyanın kökündə isə xarici qüvvələrin ölkəyə uzanan barmaqlarının zərərsizləşdirilməsi durur.

Bu ölkədə xarici agentlərə qarşı mübarizə iki istiqamətdə gedir. Qərb səmtini dedik. Bir də cənub istiqaməti var. Bu motivlə həbsə alınanlar, profilaktik söhbətə cəlb edilənlər də çoxdur. Ancaq böyük ehtimalla şübhəli şəxs qismində saxlanılanların bir qismi casusluq fəaliyyəti ilə birbaşa deyil, onların yardımçısı rolunda olublar və məhkəmədə ya yüngül cəza alacaqlar, ya da şərti cəza ilə azadlığa buraxılacaqlar.

Bir sözlə, bu dörd ölkənin dördündə də “xarici agent” söhbəti boş yerdən çıxmayıb. Hamısında məqsəd müxtəlif rəngli inqilabların qarşısını almaqdır. Bəllidir ki, ta qədimlərdən bəri bir ölkədə baş verən inqilabların çoxu bunda maraqlı olan xarici dövlətlərin barmağı və maliyyəsi ilə baş tutur.

Araz Altaylı, Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.