Qərb Zəngəzur dəhlizinin açılmasını istəyirmi - ingilis səfirin Naxçıvana qəfil səfəri...
30-04-2024, 11:38
Erməni analitiklərə görə, dörd kəndin təhvil verilməsi və sərhəddəki son gəlişmələr Türk dəhlizinin açılmasını asanlaşdırır - bəs azərbaycanlı mütəxəssislər nə düşünür?
Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası yönündə ilk ciddi irəliləyiş, 4 kəndimizin geri verilməsi haqda anlaşma iki ölkə arasında sülh sənədi və kommunikasiyaların açılması yönündə ümidləri artırıb. Söhbət təbii ki, həm də Zəngəzur dəhlizindən gedir.
“Türk dəhlizinin (Zəngəzur - red.) açılması prosesi sürətləndirilib”. “Yeni Müsavat” bildirir ki, bunu erməni politoloq Varujan Qeqamyan bildirib. O, Türkiyədən məsələ ilə bağlı verilən son açıqlamaya da diqqət çəkərək deyib: “Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı Ermənistandan mahiyyətcə heç bir müqavimət yoxdur, üstəlik, bu yaxınlarda Tiflisdə türkiyəli nazir müavininin də iştirak etdiyi görüş çərçivəsində bu mövzuda Ermənistan-Türkiyə müzakirəsi aparılıb”.
Qeqamyan artıq Ankara və İrəvanın bu mövzuda anlaşdığını istisna etmir: “Dörd kəndin təhvil verilməsi və sərhəddəki son gəlişmələr Sünikdən (Qərbi Zəngəzur - red.) keçməklə Türk dəhlizinin açılması tələbinin yerinə yetirilməsini asanlaşdırır və sürətləndirir”. Sözsüz ki, Zəngəzur dəhlizinin açılması ilə həm də “Turan yolu” tamamlanmış olacaq və Türk dünyası Azərbaycan üzərindən yeni, möhtəşəm bir güc qazanacaq ki, bu da qonşu İranla yanaşı, Fransa başda olmaqla, Qərbdəki bəzi anti-Türk çevrələri narahat edir. Bəs konkret olaraq, kollektiv Qərbin aparıcı dövləti kimi ABŞ və onun təbii müttəfiqi Böyük Britaniya Zəngəzur dəhlizinin açılmasını istəyirmi? Hansı şərtlərlə?
Qeyd edək ki, Rusiya 10 noyabr (2020) sənədinin 9-cu bəndinə əsasən yolun FTX (FSB) hərbçilərinin kontrolunda olması haqda bəndin reallaşmasının tərəfdarıdır. Ermənistan buna qarşıdır və yola özünün nəzarət edəcəyini bildirir. Rəsmi Bakı isə haqlı olaraq və beynəlxalq təcrübədən çıxış edərək, Azərbaycandan Azərbaycana (Naxçıvana) keçidin təhlükəsizliyi ilə yanaşı, maneəsiz rejimdə olmasını tələb edir. Maraqlıdır ki, ötən həftəsonu Britaniyanın Bakıdakı səfiri Ferqus Auld Naxçıvana səfər edib. Bu dəhlizin açılması Londonun da maraqlarına uyğundur. “Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsi olmalıdır və Rusiyanın sərhəd qüvvələri nəzarəti təmin etməlidir. Bu, Prezident Putin, baş nazir Paşinyan və mənim tərəfimdən imzalanıb. İndi isə üç ildən çoxdur ki, Ermənistan bu müddəanı əslində pozur". Bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib. “İndi isə onlar, belə demək olarsa, həmin müddəanı aradan çıxarmaq istəyirlər. Lakin bu, mümkün deyil. Onlar Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır. Bu cür münasibət, təbii ki, çox məyus edir”, - deyə Prezident İlham Əliyev bildirib.
Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, Ermənistanla Azərbaycan arasında sülhyaratma prosesi finişə çatmaqdadır. Q.Hüseynli vurğuladı ki, sülh sazişinin imzalanmasının tezliklə baş tutacağını gözləmək olar. Onun sözlərinə görə, üstəlik, delimitasiya prosesi qaytarılan 4 kənddən sonra həmin ərazilərdə başladı: “Bu da təsdiq edir ki, artıq Ermənistan-Azərbaycan arasında sülhyaratma parametrlərinə aid bütün razılaşmalar var. Eyni zamanda ABŞ dövlət katibi Entoni Blinken həm Paşinyana, həm Əliyevə telefon zəngi edib. Ümid edirəm ki, danışıqlarda sülh prosesinin sürətlənməsindən razılıq edilib və müzakirələrin daha da irəliyə aparılması ifadə olunub. Ermənistanda bir qrup adamın etiraz aksiyası keçirməsini nəzərə almasaq, iki ölkə arasında sülh prosesinin irəliləyişdə olduğunu söyləmək mümkündür. Və deyilənlərə görə, COP29 konfransına qədər sülh sənədinin imzalanması, bəzi kommunikasiya xətlərinin açılması gözlənilir”. Q.Hüseynlinin fikrincə, beləliklə, demək olar ki, sülhyaratma prosesi normal gedir, İrəvanda bəzi boşboğazların ara qarışdırmasına baxmayaraq, tərəflər arasında etimad mühiti yaranmaqdadır: “Bu nöqteyi-nəzərdən ən prinsipial məsələlərin reallaşması böyük vaxt almayacaq. Bunu 4 kəndin qaytarılması sübut etdi”.
Siyasi şərhçi Aqşin Kərimova görə, delimitasiya prosesi təkcə ikitərəfli münasibətlərə deyil, ümumilikdə regional əlaqələrin dinamikasına müsbət təsir göstərir. Onun fikrincə, prosesin ən böyük zirvəsi Zəngəzur dəhlizi layihəsi çərçivəsində fəth olunmaq potensialına malikdir: “Hərçənd ki, dəhliz konteksti ilə delimitasiya prosesi ayrı paketdə olan müzakirə mövzuları kimi görünür. Azərbaycan hazırda Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsi yaradılması üçün dəhliz məntiqini gündəlikdən çıxarmayıb. Birincisi, ona görə ki, "Zəngəzur dosyesi" Azərbaycanın strateji hədəfidir. İkincisi, bu layihə qlobal və regional alternativ tədarük nəfəslikləri deməkdir ki, bu da bir çox oyunçunun marağındadır. Bununla belə, Azərbaycan dəhliz üçün lazım olan tələblərini indi daha diplomatik dildə ifadə etməyi məqsədəuyğun hesab edir".
Ekspert hesab edir ki, Prezident İlham Əliyevin aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün yaşıl baxış” mövzusunda beynəlxalq forumda çıxışında həmin ştrixləri görmək mümkündür: “Əliyev deyir ki, Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklaması məyusedicidir. Bununla Prezident Əliyev üç mesaj verir: birincisi, Naxçıvanın blokadada qalması ilə bağlı Ermənistanın ambisiyalarını dünya ictimaiyyətinə çatdırır, ikincisi, Ermənistanın sülh gündəliyindəki nisbi konstruktiv mövqelərinin əvəzində ritorikası ilə yeni gediş edir, üçüncüsü, Əliyev Ermənistanın 10 noyabr bəyanatının müvafiq bəndindən yayınmasını göstərərək gediş edir və prosesi Moskva-İrəvan qarşılıqlı öhdəliyi kontekstində vurğulayır”. Təhlilçi nəticə olaraq belə güman edir ki, delimitasiya prosesinin başlanması Zəngəzur dəhlizi layihəsi ilə bağlı açıq qalan məsələlərin həllini aktuallaşdırır: “Azərbaycan Ermənistanın konstruktiv mövqe nümayiş etdirəcəyi təqdirdə ritorikasına redaktə edərək İrəvana xilas yolu olduğunu göstərir”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”