Tibbdə möcüzə: Alimlər bu yolla milyonlarla insanın həyatını xilas edəcəklər
30-04-2024, 12:38
Çinli həkimlər bir neçə unikal daxili orqan transplantasiyası əməliyyatı həyata keçiriblər. Əvvəlcə insana donuz qaraciyəri köçürülüb. Sonra isə beyin ölümü gerçəkləşən insana bir çox gen düzəlişləri edilmiş donuz böyrəyi transplantisiya olunub.
Hər iki əməliyyat Çin Hərbi Hava Qüvvələri Tibb Universitetinin Xijing klinikasında professor Çin Veyçzyunyanın rəhbərliyi altında həyata keçirilib.
Hər iki halda xəstələrin ailələri tibb elminin inkişafına kömək məqsədi ilə prosedurun baş tutmasına razılıq verib və müqabilində heç bir pul tələb etməyiblər. Böyrək transplantasiyası xroniki böyrək çatışmazlığı, hidronefroz və böyrək xərçəngi kimi son mərhələdəki böyrək xəstəliklərinin yeganə müalicəsidir. Çində 1 milyondan çox xəstə bu cür xəstəliklərdən əziyyət çəkir, ildə cəmi 10 min transplantasiya edilir.
Orqan transplantasiyası vəziyyətdən yeganə çıxış yoludur. Meymunlar insanlara ən çox oxşar heyvan növləri olmasına baxmayaraq, bu əməliyyatlar üçün adətən donuzlardan istifadə olunur. Çünki onların maddələr mübadiləsi və daxili orqan ölçüləri insanlara daha çox bənzəyir. Bununla belə, müxtəlif ölkələrin (məsələn, ABŞ) rəsmiləri xəstəliyin yayılma riskinin daha yüksək olduğunu nəzərə alaraq, meymun orqanlarından istifadəni qadağan ediblər.
Çinli transplantoloqlar isə təcrübələrə 11 il əvvəl başlayıblar. Birinci, donuzların orqanları meymunlara köçürülüb. Sonra insanlara köçürülməsinə qərar verilib. Xijing Klinikasının cərrahları mart ayında ilk dəfə transplantasiyanın yeni növünü sınaqdan keçiriblər. Beyin ölümü keçirən və onları həyatda saxlamaq üçün süni nəfəs aparatına qoşulmuş xəstələrə donuz orqanları köçürülüb. Hələlik bu, eksperimental bir texnikadır. Effektiv görünsə, sınaqlar digər xəstələr üzərində də keçiriləcək. Elmi qrupun rəhbərlərindən biri - professor Dou Kefengin sözlərinə görə, bu cür orqan transplantasiyası üzrə tədqiqatlar orqan çatışmazlığı probleminin yeni həlli ola, hətta insan orqanlarını gözləyən xəstələrə əlavə vaxt qazandıra bilər.
Transplantasiya zamanı donuzun böyrək arteriyası xəstənin ayaqlarını qidalandıran xarici qalça arteriyasına birləşdirilib. Qan axını bərpa edildikdən və böyrək sidik istehsal etməyə başladıqdan sonra xəstənin öz böyrəkləri çıxarılıb. Heyvanlardan orqan transplantasiyasında tədqiqatçıların üzləşdiyi əsas problemlərdən biri böyrəklərin kəskin imtina etməsi riskidir. Bu zaman insanın immun hüceyrələri köçürülmüş orqana nüfuz edərək onu içəridən məhv etməyə başlayır. Bu vəziyyətdə xəstəyə ağ qan hüceyrələrini məhv edən steroidlər vurulmalıdır. Donor heyvanla insan arasında yoluxucu xəstəliklərin yoluxma riski də yüksəkdir. Bu riski azaltmaq üçün alimlər CRISPR gen düzəliş texnologiyasından istifadə ediblər. Bu vəziyyətdə heyvana iki insan geni əlavə olunur. Bunun müqabilində transplantasiya edilmiş orqanın hiperkəskin rədd cavabı verməsinə səbəb olan üç donuz geni çıxarılır. Genomu düzəliş edilmiş donuz qaraciyər transplantasiyasında istifadə olunub.
Ancaq donuz qaraciyərinin insana köçürülməsi əməliyyatını bir şücaət adlandırmaq olar. Üç müayinədən sonra beyin ölümü elan edilən ağır kəllə-beyin travması almış bir xəstəyə qaraciyər köçürülüb. Əməliyyat zamanı xəstənin orqanizmində qan axını bərpa olunduqdan transplantasiya edilmiş qaraciyər dərhal sonra öd ifraz etməyə başlayıb və və hiperkəskin imtina müşahidə olunmayıb. İnsanlarda aparılan eksperimental əməliyyatdan sonra köçürülən qaraciyər çıxarılana qədər 10 gün ərzində normal fəaliyyət göstərib. Çin alimləri izah ediblər ki, insan qaraciyəri həm funksiya, həm də quruluş baxımından böyrəklərdən qat-qat mürəkkəbdir. Və bu o deməkdir ki, onu tamamilə donuz orqanı ilə əvəz etmək olmaz. Çin komandası bu problemi həll etmək üçün transplantasiya ilə birlikdə beyin ölümü gerçəkləşən xəstənin öz qaraciyərinin bir hissəsini saxlamaq qərarına gəlib.
Professor bildirib ki, qrupun işi transplantasiya əməliyyatlarını gözləyən milyonlarla insanın həyatını xilas edə bilər. Çində 400 milyona yaxın qaraciyər xəstəliyi, o cümlədən 7 milyondan çox sirroz xəstəsi var. Qaraciyər çatışmazlığı olan xəstələrin sayı isə ildə 300-500 min arasında dəyişir. Qaraciyər çatışmazlığı diaqnozunda yeganə effektiv müalicə qaraciyər transplantasiyasıdır. Ancaq insanların könüllü olaraq bağışladığı orqanların sayı transplantasiya üçün lazım olandan çox azdır. Və onlarla xəstə donor gözləmədən ölür. Odur ki, Çin alimləri donuzların ağciyərləri və ürəkləri kimi digər daxili orqanlarının insanlara köçürülməsi imkanlarını araşdırırlar.
Aytən Məftun