Vaşinqtona ləğv edilmiş səfər Türkiyədəki gərgin münasibətləri və alyansların dəyişməsini göstərir
1-05-2024, 00:00
Türkiyə prezidenti Ərdoğanın Vaşintona 9 may üçün nəzərdə tutulan səfərinin ləğv edilməsi iki müttəfiq ölkə arasında ciddi anlaşmazlıqlara işarə edir Bu anlaşmazlıqların başında Türkiyə-Rusiya münasibətlərində ABŞ-ın, Avropa Birliyinin və NATO-nun bəzi tələblərinə Ankaranın istənilən səviyyədə riayət etməməsi gəlir.
Ukraynaya 61 milyard dollarlıq yardım paketinin prezident Bayden tərəfindən təsqid edilməsi Rusiya-Ukrayna cəbhəsində yeni bir səhifə açarkən Çin banklarına tətbiq edilən sanksiyalar Ankaraya, Moskva ilə münasibətlərini önəmli dərəcədə korrektə etmə zərurətini də xatırladır.
İkinci Dünya Müharibəsindən sonra, xüsusilə, 1960-ci illərin ikinci yarısından 1970-ci illərin axırına qədər yaşanmış ziqzaqlara baxmayaraq, iki ölkə arasındakı müttəfiqliyin tələbləri həmişə yerinə yetirilib.
Cənab Ərdoğanın prezidentliyinin 2-3 ilində mövcud olmuş umu-küsülərin bir müddət sonra aradan qaldırıldığı və münasibətlərin yenidən irəliləyiş mərhələsinə daxil olduğu düşünülərkən Türkiyə dövlət başçısının səfərinin ləğv edilməsi təəccüb doğurur.
Səfərin Ankara tərəfindən ləğv edildiyini hesaba qatanda Vaşinqtondan çox ciddi, hətta bəlkə yerinə yetirilə bilməyəcək tələblərin gəldiyini təxmin etmək çətin olmur.
Ukraynaya qarşı müharibənin praktiki addımlarının Almaniyaya həvalə edilməsindən sonra prezident Ştaynmayerin Türkiyədə təkcə idarəçilərlə yox, həm də ana müxalifət lideri və İstanbulun bələdiyyə sədrilə görüşməsi gözlənilən proseslərdə Türkiyənin oynaya biləcəyi və oynamasının tələb edildiyi rolu oynaması və başqa sözlə desək, Türkiyənin iqtidarıyla-müxalifətilə Rusiya-Ukrayna savaşının həlledici mərhələsində dəqiq pozisiya tutmasının istənməsilə bağlıdır.
Siyasi islamçı iqtidarın bütün cəhdlərinə baxmayaraq, İsrail ilə HƏMAS arasındakı atəşkəs təşəbbüslərindən, Qəzzaya humanitar yardım göndərilməsindən və ümumilikdə Yaxın Şərq probleminin həllindən, ən azından, hazırda kənarda saxlanılması AKP-nin və cənab Ərdoğanın xoşuna gəlməzkən, CNN İnternational kanalına açıqlamasında “HƏMAS terror təşkilatıdır” deyən İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun bu sözlərini hansı kontekstdə analiz etməli? Müharibənin taleyi baxımından həlledici silahlardan biri olan ATACMS raketlərinin Ukraynanın əlinə keçməsindən sonra Krıma çox ciddi həmlə ediləcəyini hamı proqnozlaşdırırkən Ankaranın mövqeyi necə olacaq?
Türkiyə dövlət başçısının səfərinin ləğv edilməsi “Əcəba, Vaşinqton münasibətlərin bundan sonrakı mərhələsini ana müxalifət partiyası ilə əlaqələr üzərindən inkişaf etdirəcəkmi?” sualını da gündəmə gətirir. Bunu görmək üçün bir az vaxta ehtiyac var…
Şübhəsiz, xarici siyasətdə bu cür “ləğv etmələrə” məcbur qalınmasının əsas səbəbi – 31 mart bələdiyyə seçkisində iqtidar partiyasının ikinci yerə düşməsidir.
Bu nəticənin mərkəzi hökumətin istər daxili, istərsə də xarici siyasətdəki durumuna ciddi təsir edəcəyini proqnozlaşdırmaq üçün münəccimliyiə ehtiyac yox idi.
Seçkidən 1 ay keçməsinə baxmayaraq, mərkəzi iqtidarı əlində saxlayan partiyanın məğlubiyyətin səbəbləri barədə hələ də ciddi bir raport açıqlaya bilməməsi qurum içindəki problemləri, Türkiyə siyasətinin və dövlət idarəçiliyinin ən güclü şəxsiyyətinin proseslərə əvvəlki kimi yerində və vaxtında təsir edə bilmədiyini göstərir.
Gündəlik prosesləri izləyənlər seçkidən qalib çıxan ana müxalifət partiyası lideri Özgür Özelin fəaliyyətindəki dinamizmi təqib etməkdə çətinlik çəkərkən iqtidar partiyası öz üstündəki süstlüyü Məclisin sədri Numan Kurtulmuşun “yeni konstitusiya” təklifilə atmağa çalışır. Əslində bu, iqtidar partiyasının 15 ildən bəri sıxıntıya düşərkən izlədiyi taktikanın növbəti səhnəciyidir.
Ancaq indiki durumun dünənkindən əsas və həlledici fərqi Məclisdəki koalisiya çoxluğuna baxmayaraq, iqtidar partiyasının toplumdakı reytinqinin hər gün aşağı düşməsindədir.
Yəni, yeni konstitusiyanın mətni heç kimə bəlli deyilkən, professor Numan Kurtulmuşun müxalif partiyaları bəri başdan oyunun içinə çəkməyə çalışması, Türkiyənin dünya miqyasında tanınan konstitusiya hüququ mütəxəssisi, professor Süheyl Batumun da “Cumhuriyet” qəzetinə müsahibəsində (29/04/2024) ifadə etdiyi kimi, tələ ola bilər və təşəbbüsün havada qalması durumunda iqtidar günahı müxalifətin üstünə atmağı fürsət hesab edər.
Xəzinə və maliyyə naziri Mehmet Şimşəkin keçən ilin iyunundan bəri ölkəyə təxminən 17 milyard dollarlıq investisiya portfelinin gəlməsinə dair verdiyi açıqlama heç bir həyəcan yaratmır.
Çünki o portfellər kimi yeni pul axtarışları da başda inflyasiya olmaqla, makroiqtisadi göstəricilərin düzəlməsi üçün dərdə çarə olmur.
İnflyasiyanın qabağı alınıb qiymətlər aşağı düşmədiyi müddətcə toplum nə yeni konstitusiyaya meyl göstərəcək, nə də iqtidar partiyasını yenidən dəstəkləmək barədə düşünəcək.
Bax, bu “əhval və şərait içində” iqtidar partiyasının lideri və dövlət başçısı mayın 2-də ana müxalifət liderilə görüşəcək…(Turan)