“Rusiya ilə yaxınlaşma daha çox görüntüdür”

2-05-2024, 09:24           
“Rusiya ilə yaxınlaşma daha çox görüntüdür”
Azərbaycan Prezidentinin Rusiyaya son səfərini iki ölkə arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirənlər var. Bu səfərin sülhməramlıların vaxtından əvvəl bölgəni tərk etməsi fonunda baş tutması da nəzərdən qaçmır. Həm sülhməramlıların Qarabağı tərk etməsi, həm də Rusiya-Türkiyə monitorinq mərkəzinin fəaliyyətini dayandırması bölgədə yeni proseslərin başlanmasının anonsu sayıla bilər.

Digər tərəfdən, son vaxtlar Azərbaycan və Türkiyə arasındakı münasibətlər sanki durğunluq dövrü keçirir. Eyni zamanda, Moskva ilə Ankaranın münasibətlərində də soyuqluq hiss olunur.

Bakı ilə Moskva arasındakı yaxınlaşma, Ankara ilə münasibətlərimizi zədələyə bilərmi? Qərbin Azərbaycana təzyiqlərinin artması və Bakının Moskva ilə daha sıx əməkdaşlıq barədə danışması fonunda Türkiyə ilə münasibətlər hansı şəkildə davam edəcək?

“Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı müharibəsi Moskva ilə Qərb bloku arasında münasibətləri kəskin qarşıdurma səviyyəsinə çatdırdıqdan sonra Azərbaycan kimi ölkələr də seçim qarşısında qaldılar”.

Bu sözləri politoloq Xaqani Cəfərli Pressklub.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, son zamanlara qədər Azərbaycanın Qərb və Rusiya arasında seçim etməmək kimi imkanları vardı. İndi isə vəziyyət dəyişib. Həm Qərb, həm də Rusiya tərəfdaşlarından qəti seçim etməyi tələb edir. Qərb ölkələri ilə iqtisadi bağlantılara malik olan Azərbaycanın Belarus kimi birmənalı şəkildə Rusiyanı seçməsi mümkün deyil. Digər tərəfdən, Böyük Yeddiliyin və ABŞ-nin Rusiyanın müttəfiqlərini qlobal iqtisadiyyatdan təcrid etmə siyasətini sərtləşdirməsi Azərbaycanın Rusiya ilə yaxınlaşmasını təhlükəli seçimə çevirir. Bu baxımdan, Azərbaycanın son zamanlar Rusiyaya siyasi baxımdan daha çox yaxınlaşdığını söyləmək mümkün deyil.

“Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Avrasiya İqtisadi Birliyinə qoşulmadığı üçün Rusiya ilə yaxınlaşma daha çox görüntü xarakteri daşıyır. Bu görüntü də Türkiyədən uzaqlaşma qənaətini yaradır. Ancaq obyektiv səbəblərdən bu mümkün deyil. Azərbaycan enerji resurslarını dünya bazarlarına Türkiyə üzərindən çıxarır. Ona görə də Qərb ilə əlaqələri kəsmək mümkün olmadığı kimi, Türkiyə ilə də münasibətləri arxa plana keçirmək mümkün deyil”.

X.Cəfərli deyir ki, bu mənzərə daha çox Süleyman Dəmirəl hakimiyyətdən getdikdən sonra Bakı ilə Ankara arasındakı münasibətləri xatırladır. Əslində, 31 mart seçkiləri Türkiyənin hakimiyyət dəyişikliyi prosesində olduğunu təsdiqləyir. Azərbaycan Rusiya ilə Qərb arasında seçim etmək prosesini ən son ana qədər uzatmağa çalışdığı kimi, Türkiyədəki proseslərin də inkişafını gözləyəcək. Türkiyənin gələcək iqtidarı ilə soyuq müharibə yaşamamaq üçün bu, doğru taktiki gediş hesab oluna bilər. Çünki Qərb və Türkiyə ilə münasibətlərin pozulması çox ağır nəticələrə səbəb olar.

“Hər bir dövlətlə münasibətlərdə dostluqla bərabər ümumi maraqlar da nəzərə alınmalıdır”.

Bu sözləri isə millət vəkili Arzu Nağıyev saytımıza açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan bu gün Türkiyə ilə ən yüksək səviyyədə münasibətlərini davam etdirir. Hətta son delimitasiya və demarkasiya proseslərindən sonra Ərdoğanın verdiyi bəyanat da bunu bir daha təsdiq etdi. Parlamentlər səviyyəsində münasibətlər, eyni zamanda iqtisadi məsələlərin birgə işlənməsi bir daha göstərir ki, dövlətlər arasında hər hansı ciddi bir qarşıdurma və ya problem yaşanmır: “Sülhməramlı qüvvələrin vaxtından əvvəl ərazini tərk etməsi, Rusiyanın delimitasiya və demarkasiya məsələsində marağı olduğunu göstərir. Eyni zamanda, Azərbaycan və Rusiya arasında da bir sıra iqtisadi, siyasi, mədəni və hərbi məsələlərdə yaxınlaşma olub. Hətta bu proses gələcəkdə də davam edəcək. Unutmaq lazım deyil ki, Rusiyada çox sayda azərbaycanlı, həmçinin ölkəmizdə də xeyli sayda ruslar yaşayır. Bir sözlə, nə Rusiya ilə, nə də Türkiyə ilə hər hansı problem yaşamırıq”.

A.Nağıyev deyir ki, siyasətin öz qanunları var. İşğaldan azad olunmuş ərazilərdə türk şirkətləri çalışır. Bundan əlavə, Türkiyə ilə Rusiya arasında da hansısa problemlərin yaşanması kimi xəbərlər sadəcə sosial şəbəkələrin uydurmasıdır. Çünki onların da birgə layihələri var: “Hansısa dövlətin kimisə dəstəkləməsi onun öz xarici siyasətidir. Kiməsə xoş gələ bilər, kiməsə gəlməyə. Biz həm sülhün bərqərar olması, həm də hərbi gücümüzü, qüvvətimizi inkişaf etdirmək ilə bağlı addımlar atırıq. Son zamanlarda Qərb tərəfdən Azərbaycana qarşı verilən mənfi bəyanatlar da heç bir əhəmiyyət kəsb etmir”.


Mədinə Useynova












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.