Xırdalanda küçə itləri problemi: böyüklər işə, uşaqlar məktəbə qorxaraq gedir - FOTO - RƏSMİ AÇIQLAMA
15-05-2024, 16:23
Abşeron rayonunun Xırdalan şəhərində sahibsiz küçə itləri təhlükə mənbəyinə çevrilib.
Bu barədə İqtisadiyyat.az-a sakinlər məlumat verib.
Onlar deyir ki, şəhərin əsas küçə və prospektlərində, parklarda, məktəb ətrafında kütləvi yuva quran sahibsiz itlər insanların hərəkətinə əsl təhlükə yaradır.
Mehdi Hüseynzadə küçəsinin sakinləri sahibsiz itlərin hücumundan qorxduqları üçün axşam saatlarında bayıra çıxa bilmədiklərini söyləyirlər. Bütün günü 3 nömrəli məktəbin ətrafında dövrə vuran itlər şagirdlərin də həyatını təhlükəyə atır. Eləcə də zibil qutularındakı tullantılarda eşələnən küçə itləri antisanitar vəziyyətin yaranmasına da səbəb olur.
Valideynlər bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini desələr də, problemin həlli istiqamətində əməli olaraq heç bir addım atılmayıb.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sahibsiz heyvanlara qarşı kobud və qanunsuz hərəkətlərin, o cümlədən digər hər hansı radikal addımın atılmasının mümkünsüzlüyünü nəzərə alaraq mütəxəssislərin də rəyi ilə Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb:
"Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub. Tərəfimizdən layihənin smeta xərcləri işlənilib hazırlanıb, bu layihənin tikintisi üçün də maliyyə vəsaiti ayrılıb. Hətta xidməti personal belə təyin edilib. Bütün bu işlərə paralel olaraq Mərkəzin spesifik xüsusiyyətləri nəzərə alınmaqla tərəfimizdən mərkəzin tikintisinin aparılacağı torpaq sahəsi müəyyən edilib. Hazırda aidiyyatı qurumlarla birgə həmin torpaq sahəsinin sənədləşdirmə işləri həyata keçirilir. Sənədləşmə işləri artıq son mərhələdədir. Bu işlər başa çatdıqdan sonra mərkəzin tikintisinə başlanılacaqdır".