Sosial şəbəkə "qazi"lərini HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA
11-06-2024, 10:28
İl ərzində demək olar ki, qazi və şəhid ailələrinin adlarından sui-istifadə halları yaşanıb. Kimisi nömrəsiz maşın sürür, kimisi əyninə hərbi forma geyinib pul yığır, kimisi də torpaq zəbt edir. Müharibədə iştirak edən də, etməyən də "qazi" adından istifadə edir. Onlar həm cəmiyyətdə, həm də dövlət qurumlarında qazilərə və şəhid ailələrinə böyük hörmət olduğunu çox yaxşı bilir və bundan faydalanmağa çalışırlar.
Artıq dələduzluq halları sosial şəbəkələrdə həyata keçirilir. Tiktok platformasında, şəhid və qazi yaxınları adından dələduzluq edən şəxslər var. Qanunericiliklə bu şəxsləri hansı cəza gözləyir?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan vəkil Rəşad Əliyev bildirib ki, Cinayət Məcəlləsində dələduzluq ilə bağlı məsuliyyət məbləğlərə görə dəyişir. 500 manata qədər qanunvericiliklə inzibati məsuliyyət yaranır. Daha sonra isə cinayət məsuliyyəti nəzərdə tutulur. Cinayət məsuliyyəti məbləğin miqdarına görə dəyişir:
" Dələduzluq əməlinə görə məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Dələduzluq əməlində "xeyli miqdar" dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, "külli miqdar" dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, "xüsusilə külli miqdar" dedikdə beş yüz min manatdan yuxarı olan mәblәğ başa düşülür. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Vəkil deyib ki, eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar və şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, o cümlədən xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:
"Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: mütəşəkkil dəstə tərəfindən və külli miqdarda ziyan vurmaqla törədildikdə, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu Məcəllənin 178.1-178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".