“Avrovision” olmasın, “İntervison” olsun - Azərbaycan qərarını dəyişir?

11-06-2024, 10:26           
“Avrovision” olmasın, “İntervison” olsun - Azərbaycan qərarını dəyişir?
Faiq Sücəddinov: “”Artıq bir neçə ildir ki, “Avroviziya” öz peşəkarlığını, təravətini, nüfuzunu itirib"

Azərbaycan “İntervision” beynəlxalq musiqi müsabiqəsində iştirak edəcək. Bunu Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy rus mediasına müsahibəsində təsdiqləyib. Onun sözlərinə görə, 16-dan çox ölkə “Avroviziya”nın Rusiya ekvivalentində iştirak edəcək.

Xatırladaq ki, hələ ötən ay Rusiya prezidenti Vladimir Putin Çinə dövlət səfəri ərəfəsində bildirmişdi ki, Rusiya Federasiyası Çinlə mədəniyyət sahəsində əməkdaşlığın innovativ formalarının inkişafına, o cümlədən “İntervision” Beynəlxalq Populyar Musiqi Müsabiqəsi keçirməyə kömək edəcək.

Rusiya prezidenti vurğulayıb: “Biz əməkdaşlığın yeni formatlarının inkişafını təşviq etmək niyyətindəyik. Onların arasında "İntervision" Beynəlxalq Populyar Musiqi Müsabiqəsi xüsusilə seçilir".

Bəs “İntervision” tədricən “Avroviziya”nın alternativinə çevrilə bilərmi? Azərbaycanı “İntervision”da kim təmsil edəcək, qalibin müəyyən edilməsi qaydaları “Avroviziya”dakı kimi olacaq?

Məlum olduğu kimi, “Avroviziya” mahnı müsabiqəsi dünyanın ən böyük musiqi tədbirlərindən biri sayılır. Lakin bu müsabiqənin, sadəcə, mahnı müsabiqəsi olmadığı haqda çoxdan fikirlər səslənir. Qeyd olunur ki, “Avroviziya” siyasi münasibətlərin yumşaq ifadə platforması olmaqla bərabər, həm də Avropanın mənəvi ekspansiya siyasətini icra edən bir mexanizmidir.

Son illər isə yarışmada LGBT təbliğatı açıq-aydın hiss olunmaqdadır. Məsələn, 2014-cü ildə keçirilən müsabiqənin qalibi olan Avstriya təmsilçisi Konçita Vorst LGBT təbliğatının simvoluna çevrildi. “Saqqallı qadın” olaraq yaddaşlarda qalan ifaçının qalibiyyəti cinsi azlıqların nümayəndələri tərəfindən rəğbətlə qarşılandı və ifaçı “ikon” kimi qəbul olundu. “Simurq quşu kimi yüksəlmək” adlı parçası LGBT hərəkatlarının yüksəlməsi üçün təməl oldu.

Həmçinin 2024-cü ilin qalibi, İsveçrənin təmsilçisi Nemo Mettleri çəhrayı rəngdə qadın paltarında çıxış etməsi yenə də müzakirə yaratdı, tənqid olundu. Hətta Türkiyənin MHP sədri Dövlət Bahçeli “Yarışmada tüklü pencək və çəhrayı ətək geyinən birinin qalib olması utancvericidir” deyə bildirmişdi.

Onu da əlavə edək ki, qardaş Türkiyə ilk dəfə bu yarışmaya 1975-ci ildə qoşulub, 34 dəfə müsabiqədə iştirak edib. Lakin səsvermə sistemində dəyişiklikləri əsas gətirərək, Türkiyə 2013-cü ildən etiraz əlaməti olaraq bu yarışmada iştirak etmir.

Azərbaycana gəldikdə, ölkəmiz ilk dəfə 2008-ci ildə bu yarışmaya qoşulub. Azərbaycanın da “Avroviziya”dan imtinası mümkündürmü?

Mövzu ilə bağlı bəstəkar, Xalq artisti Faiq Sücəddinov “Yeni Müsavat”a danışıb. Faiq Sücəddinov son illər “Avroviziya” mahnı müsabiqəsinin öz nüfuzunu itirdiyini deyib: “Artıq bir neçə ildir ki, "Avroviziya" öz peşəkarlığını, təravətini, nüfuzunu itirib. Artıq bu müsabiqə yarışması əvvəlki nüfuzda deyil. Getdikcə öz səviyyəsini itirir. Açıq-aydın görürük ki, bu müsabiqə siyasiləşib, təzyiqlər edir. Bu səbəbdən qardaş Türkiyə bu müsabiqədən imtina edib.

Bundan əvvəl Avstriya təmsilçisi Konçita üzündə saqqal, qadın paltarında səhnəyə çıxdı və qalib oldu. Bu il də İsveçrənin təmsilçisi Nemo qadın geyimində səhnəyə çıxdı və qalib oldu. Halbuki yarışmada xeyli peşəkar qruplar, ifaçılar var idi. Amma onlara səs verilmədi.

Bəli, bu, müsabiqədir və görünüş fərqli ola bilər. Amma müsabiqədə qadın qadın kimi, kişi də kişi kimi olmalıdır. Əsas odur ki, ifaçı peşəkar, səsi yadda qalan olsun.

O ki qaldı Rusiyanın buna alternativ müsabiqə yaratmasına, əlbəttə ki, bu çox gözəldir. Mədəniyyət Nazirliyimiz də əgər bu yarışmada iştirak üçün razılıq veribsə, mən də bunu dəstəkləyirəm.

O ki qaldı “Avrovision”a alternativ ola biləcəyinə, indidən bunu demək mümkün deyil. Müsabiqə keçirilsin, baxaq görək hansı ölkələr necə iştirak edəcək, yarışma hansı səviyyədə aparılacaq, yalnız bundan sonra müzakirə etmək olar.

Azərbaycanın “Avroviziya”dan imtina edib-etməməsinə gəldikdə isə hesab edirəm ki, müsabiqə pis şey deyil, həm Rusiyanın “İntervision”da, həm də “Avroviziya”da iştirak edə bilərik".

Mənbə: musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.