Saxta diplomlular və “yararsız”lar – Onlar gerçəkdən də cəmiyyət üçün yararsızdır

11-06-2024, 11:50           
Saxta diplomlular və “yararsız”lar – Onlar gerçəkdən də cəmiyyət üçün yararsızdır
Bu günlər ölkə gündəmində saxtakarlığa dair iki xəbər var. Biri odur ki, hüquq-mühafizə orqanları çağırışçıların tibbi müayinəsini həyata keçirən xəstəxana və hərbi həkim komissiyalarının işində neqativ hallar aşkar ediblər, məlum olub ki, 36 nəfər hərbi xidmətə yararsız olduğu halda onları hərbi xidmətə yararlı kimi qeydə alıblar, 26 nəfər isə sağlam və xidmətə yararlı olduğu halda hərbi xidmətə yararsız kimi qiymətləndirilib. Bundan başqa, 12 nəfər gəncin müxtəlif saxta sənədlərlə hərbi xidmətdən yayınması müəyyən edilib.

Saxtakarlığa dair ikinci xəbərdə göstərilir ki, iyunun 8-də ölkə üzrə 3424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplaya bilməyib. Burada ilk baxışda saxtakarlıq elementi yoxdur, çünki test mərhələsi düzgün keçirilib ki, 3909 müəllim “imtahandan kəsilib”. Burada saxtakarlıq lap əvvəldə olub – öz predmetini bilməyən, müəllim adı daşımağa layiq olmayan insanlara diplom veriləndə, onlar hansısa təhsil ocağına işə götürüləndə, bundan əvvəl sertifikasiyadan keçəndə...

Bu, nədir belə? Biz niyə kütləvi şəkildə saxtakarlığa meylliyik, haqqımız olmayan diplomu, işi, vəzifəni, hansısa sənədi rüşvət yoluyla almaq istəyirik? Burada o sənədlərə, üstünlüklərə nail olmaq istəyənlərə rüşvət müqabilində “yardım edənlər”lə yanaşı, pul gücünə diplom, vəzifə, sənəd alanların da məsuliyyəti var. Hətta ikiqatdır.

Rüşvət alıb kiməsə saxta diplom verən adam bir dəfə 3-5 min manat alırsa, saxta diplomun yiyəsi bir ömür boyu dövlətdən maaş alır, üstəlik, cəmiyyətə qara qəpiklik faydası toxunmur, dərs dediyi şagirdləri də özü kimi korazehin edir.

Sağlam gənclərə “yararsız” sənədi verib hərbi xidmətdən yayındıranlar nə qədər məsuliyyət daşıyırlarsa, yayınanlar da o qədər məculiyyət daşıyırlar. Bu, bəri başdan fərarilikdir. Bu şəxslər hələ vətəndə müharibə olmadığı, hərbi əməliyyatlar aparılmadığı bir şəraitdə öz komfortlarına düşkün olaraq özlərini əziyyətə vermək istəmirlərsə, vətən darda olanda nə edəcəklər? Heç nə. Bu, xainlikdir.

Ancaq hərbi xidmətə yararsız olan gəncləri yararlı adı ilə hərbi xidmətə göndərmək daha böyük bağışlanmaz cinayətdir. Şübhəsiz ki, o gənclərdən pul umublar, amma onların maddi imkanı olmayıb, tələb olunan rüşvəti, xəracı verməyiblər deyə, acığa düşüb onları əsgərliyə göndəriblər. El arasında hələ sovet vaxtından bəri belə durumlarda çox təkrarlanan bir ifadə dolaşır: “Bizim qohumun uşağı da “neqodnu”ydu, atası pul düzəldib verə bilmədi, yazıq uşağı kiminsə yerinə basdılar ön xəttə”.

Bəzən sual çıxırdı ki, kimisə kiminsə əvəzinə necə ön xəttə basmaq olar. Baş Prokurorluğun açıqlamasından görünür ki, bəli, 26+12 nəfər sağlam gənc hərbi xidmətdən yayındırılıb, əvəzində 36 nəfər hərbi xidmətə yararsız gənc hərbi hissələrə göndərilib.

Beş-altı il əvvəl belə bir qansızlığa dair mediada xəbərlər çıxmışdı, bilinmədi bunu edən hərbi komissar cəzalandırıldı, ya yox. Həmin o yaramaz adam gecə vaxtı ümumiyyətlə görməyən, gündüz vaxti isə yalnız bir-iki metr önündəki predmetin qaraltısını güclə seçən bir gözdən əlili, daha sərt desək, kor gənci, valideynindən pul ala bilmədiyi üçün Ağdamdakı təmas xəttinə göndərmişdi. Hərbi hissə rəhbərliyi vəsatət qaldıraraq, israr edərək həmin gənci geriyə qaytarmışdı. Çünki komandirlər anlamışdılar ki, irəlini, gerini, sağ-solunu görməyən bu uşaq düşmən snayperi üçün hazır hədəfdir.

Bir bunlar deyil, indiyədək hərbi xidmət üçün çəkisi, boyu düz gəlməyən, ürək xəstəliyi olan, yastıpəncəlik kimi qüsura malik yüzlərlə, bəlkə də minlərlə gənci “yararsız” saymaq üçün pul-para ala bilmədiklərinə görə hərbi xidmətə göndəriblər və onların bir xeylisi ya xidmətin çətinliklərinə təbii olaraq dözə bilmədikləri üçün intihar ediblər, ya da xəstəlikləri şiddətlənib, həyatlarını itiriblər. O gənclərin qanı rüşvətxor komissarların, acgöz hərbi həkimlərin üzərindədir.

Bu yaxınlarda bu xüsusda bir əhvalat danışdılar. Söhbəti edən şəxs hərbi prokurluqda işləyən qohumunun rüşvət üstə həbs edilməsindən bəhs edir, deyirdi ki, o, əsgər valideynindən 12 min rüşvət aldığı yerdə tutulub. Adam qohumunu müdafiə edir, onu tutduran “işverən valideyn”i qınayırdı. Həmin şəxs axırda fəxrlə qeyd etdi ki, amma həmkarları o müstəntiqin qisasını həmin əsgərdə qoymadılar, onu, necə lazımdır, dolaşdırdılar, yüklədilər, ağlaya-ağlaya getdi içəri.

Hamı belə silsiləvi, xroniki və əhatəli saxtakarlıqlardan bezgindir. Sovet vaxtının saxta tələbə qəbulundan qurtulmuşduq, amma yenə də necə düzdülər, qoşdularsa, saxta diplom verən özəl universitetlər (el arasında onlara “kitayski məktəblər” deyirlər) ortaya çıxdı. Oradan saxta diplom alanlar kütləvi şəkildə dövlət strukturlarında iş, vəzifə yiyəsidirlər. Hələ gedib Mahaçqalada, Dərbənddə, Kiyevdə hansısa universitetə pul müqabilində daxil olan, sonra Bakıdakı dövlət universitetlərinə köçürülən (“prevod” alan), məzun olduqdan sonra ən mənffətli vəzifələrə qonan minlərlə adam var bu ölkədə. Ta nə oldu?

Ona görə də sertifikatlaşdırma, dövlət qulluğu imtahanları tətbiq edərək bu sahədəki neqativ halların aradan qaldırılması istiqamətində atılan addımlar təqdirəlayiqdir. Yetər ki, bu imtahanlara barmaq edilməsin, nəticələri saxtalaşdırılmasın.

Qoy müəllim (eləcə də həkim, mühəndis, jurnalist, hüquqşünas və s.) olmaq istəyənlər çox oxusunlar, yaxşı hazırlaşsınlar, savadlı olsunlar, öz başları ilə imtahan versinlər ki, sabah cəmiyyətə də bir faydası dəysin. Yoxsa bisavad mütəxəssislərdən heç kəsə fayda gəlməyəcək, özümüzü aldada-aldada gedəcəyik.


Mənbə: musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.